“Sənədləşmə prosesləri yüksək səviyyədə “ASAN”laşıb”


““ASAN Xidmət” sisteminin yaradılması və onun uğurlu fəaliyyəti ölkəmizdə çox böyük dəyişikliklərə səbəb olub”. 
Bu barədə “Sherg.az”a açıqlamasında “Altay” Sosial-İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Bayramlı deyib. 
E.Bayramlı bildirib ki, “ASAN” Xidmət mərkəzləri vətəndaş-dövlət münasibətlərini, sənədləşdirmə proseslərini yüksək səviyyəyə qaldırıb: 

“Bu mərkəzlər bürokratik maneələri aradan götürüb, işlərin sürətləndirilməsini təmin edib. Rüşvət ehtimalı olan sahələr tamamilə aradan qalxıb. Təsadüfi deyil ki, bir çox ölkələr artıq bu təcrübədən bəhrələnməyə başlayıblar. Bu sistemin fəaliyyəti təkcə vətəndaşlara deyil, dövlətə də xeyli fayda gətirir. Ona görə də, əhatə dairəsi, əməliyyat növləri və mərkəzlərin sayı artırılmalıdır. “ASAN” sistemləri artıq bütün sahələrə nüfuz etməkdədir. Bu mərkəzlərin sayı artracaq və ölkənin hər yerini əhatə edəcək. Bu isə öz növbəsində xeyli artıq xərcə və vaxta qənaət etməyə imkan verəcək. Hesab edirəm ki, bu istiqamətdə işlər sürətləndirilməlidir”. 

İqtisadçı qeyd edib ki, ölkədə sahibkarlıq fəaliyyəti üçün heç bir maneə qalmamalıdır: 

“Ona görə də, rüşvət iddiaları olan bütün sahələrdə sənədləşdirmə prosesləri “ASAN”a verilməlidir. Misal üçün hazırda sürücücülük vəsiqəsinin verilməsi, avtomobillərin alqı-satqısı və ölkəyə gətirilməsi və s. məsələlər də Mərkəzə həvalə olunmalıdır. Əgər bu xidmətlər “ASAN”a verilərsə, insanların narazılığına səbəb olan həmin neqativ hallar aradan qalxar”.