“Bu, dövlət yox, birbaşa şəxsin məsuliyyətidir”
Milli Məclisin bu gün keçirilən plenar iclasında “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında 1993-cü il 22 yanvar tarixli Konvensiyaya dəyişikliklərin edilməsi barədə Protokol”un təsdiq edilməsi haqqında qanun layihəsi müzakirə edilib. Deputat Siyavuş Novruzov çıxışı zamanı alimentlə bağlı məsələləri vurğulamaq istədiyini deyib: “Burada müəyyən məsələlərdə ola bilsin ki, anlaşılmazlıq olsun. Burada aliment verən tərəfin böyük əksəriyyəti azərbaycanlı olacaq. Çünki bizim həmvətənlərimiz Rusiyada, Ukraynada, Moldovada, Belarusda və digər yerlərdə nikaha giriblər, evləniblər və dünyaya uşaq gəlib. Bir neçə 10 ildən sonra köçüb vətənə qayıdıblar". O qeyd edib ki, indi məhkəmə qaydasında o uşaqların saxlanılması üçün aliment tələb olunanda, bu alimenti ödəməlidirlər: “Biz də gələcəkdə fikirləşirik ki, ölkəmizdə Aliment Fondu yaradaq. Belə bir fond yaransa, həmin fondun vəsaitlərinin böyük əksəriyyəti onlara gedəcək. O baxımdan mən hesab edirəm ki, burada hansısa forma düşünməliyik. Konvensiyaya qoşulmaqla biz insan hüquqlarına olan diqqətimizi göstəririk, amma eyni zamanda ölkəmizin vəsaitlərinin səmərəli xərclənməsinə nəzarət etməliyik".
“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova isə “Sherg.az”a açıqlamasında bildirdi ki, qanunun tələbi nədirsə, yerinə yetirilməlidir:
- Əgər rəsmi nikah, yaxud qeyri-rəsmi nikahdan uşaq dünyaya gəlibsə və atasının kimliyi müəyyən edilibsə, şəxs atalığını təsdiq edirsə, uşağa soyadını veribsə, hətta soyad verilməyibsə belə, atalıq təsdiqini tapırsa, aliment tələbi yerinə yetirilməlidir. Bu, qanunun tələbidir. Amma burada məsələ belə həll oluna bilər ki, alimentin ödənməsi hökumətin yox, şəxsin üzərinə qoyulsun və alimentin ödənməsi ondan tələb edilsin. Məsələni qanun çərçivəsində həll etmək olar.