“Avropa Parlamenti səviyyəsində Ermənistana etiraz səsləndirilsin!”

“Etirazı sistemli şəkildə və beynəlxalq təşkilatların rəsmi mövqeyi kimi ortaya qoymaq lazımdır”

“Avropa Parlamentinin üzvü olan xarici işlər nazirləri də bu məsələyə adekvat reaksiya versinlər” 




Avropa Parlamentinin Azərbaycan və Ermənistan üzrə məruzəçiləri Dağlıq Qarabağa çəkiləcək yeni magistral yolun tikintisi ilə bağlı birgə bəyanat yayıblar. Bəyanatda Dağlıq Qarabağ münaqişəsinin məhz Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində həllinə çağırış əks olunub. Vurğulanıb ki, hansısa magistralın inşası qərarı Azərbaycanın səlahiyyətli orqanlarının razılığı olmadan alınıb və beynəlxalq hüquq pozulub: “Bu addım Dağlıq Qarabağın və ətraf rayonların qanunsuz işğalını simvolik olaraq əhatə edir. Buna görə də sözügedən təşəbbüsdən çox təəssüflənirik. Çünki bu, etimad, sülh və barışıq üçün mühit yaratmağa kömək etmir”. Xatırladaq ki, ermənilər işğal altında olan Xocavənd rayonu ilə Ermənistandakı Kapan rayonunu birləşdirəcək üçüncü yolun inşası qərarını veriblər. Məlum təşəbbüsə Azərbaycan dövləti və ictimaiyyəti kəskin reaksiya verib, beynəlxalq qurumlara müraciət olunub. 

Deputatların birgə bəyannaməsini “Sherg.az”a şərh edən Azərbaycan Demokratiya və İnsan Hüquqları İnstitutunun rəhbəri, hüquq müdafiəçisi Əhməd Şahidov deyib ki, işğal altında olan Azərbaycan ərazilərində hansısa tikinti işlərinin, yaşayış evlərinin, obyektlərin, magistral yolların çəkilişi beynəlxalq qanunvericiliyə ziddir.

Hüquq müdafiəçisi bildirib ki, bununla bağlı Azərbaycan hər dəfə beynəlxalq təşkilatlara, BMT-yə, ATƏT-ə, Avropa Şurası Parlament Assambleyasına çağırışlar edir: 

“Təəssüflər olsun ki, rəsmi İrəvana ciddi təzyiqlər edilmir. AŞPA mart və aprel aylarında Dağlıq Qarabağda keçirilən qondarma “seçki” ilə bağlı heç bir reaksiya vermədi. Dövlət başçısı İlham Əliyev haqlı olaraq AŞPA-nın ünvanına sərt tənqidlər səsləndirir. Avropa Parlamentinin bir neçə üzvünün Ermənistanın işğal altında saxladıqları Azərbaycan torpaqlarında magistral yolun çəkilişi ilə bağlı fikirlər səsləndirməsi hələ qurumun yekun rəsmi sənədi, qərarı deyil. Parlamentin ayrı-ayrı üzvləri öz ədalətli mövqelərini ortaya qoyurlar. Ancaq biz çox istərdik ki, bütövlükdə Avropa Parlamenti səviyyəsində Ermənistana etiraz səsləndirilsin. Avropa Parlamentinin üzvü olan xarici işlər nazirləri də bu məsələyə adekvat reaksiya versinlər”. 



Ə.Şahidovun sözlərinə görə, beynəlxalq ictimaiyyət, təşkilatlar rəsmi İrəvana təzyiqləri artırmalıdır: 

“30 ildir ki, işğal davam edir. BMT-nin 4 qətnaməsini yerinə yetirməyən Ermənistan hakimiyyəti Avropa Parlamentinin bir neçə üzvünün səsləndirdiyi etiraz xarakterli fikirlərə məhəl qoymayacaq. Etirazı sistemli şəkildə və beynəlxalq təşkilatların rəsmi mövqeyi kimi ortaya qoymaq lazımdır. Azərbaycan tərəfi, XİN, xaricdəki səfirliklərimiz, diplomatlarımız, diaspora təşkilatları lobbiçilik fəaliyyətini gücləndirməlidir. Xüsusən, belə həssas məsələlərdə beynəlxalq qurumlarla təmaslar aktivləşməlidir. Əgər mübarizəni intensiv apara bilsək, müəyyən müsbət nəticələr əldə edə bilərik”.