“Azərbaycanda pandemiya ilə bağlı vəziyyət nəzarətdədir”

“Reallıq odur ki, Azərbaycan bu sahədə öz modelini ortaya qoyaraq bütün hədəflərə ardıcıllıqla, məqsədyönlü şəkildə çata bilib”



“Tibbi maska və qoruyucu kombinezonlar istehsal edən müəssisələrin fəaliyyətə başlaması pandemiya ilə mübarizə çərçivəsində həyata keçirilən ən uğurlu tədbirlər kimi diqqəti cəlb edir”.
Bunu “Sherg.az”a politoloq Ceyhun Əhmədli deyib.
Siyasi ekspert bildirib ki, Azərbaycan dövləti qlobal böhran şəraitində belə əhalinin sağlamlığı və təhlükəsizliyini təmin etmək üçün böyük potensiala sahibdir: 

“Qısa zamanda ölkəmizdə modul tipli xəstəxanaların tikilib başa çatdırılması Azərbaycan dövlətinin effektiv anti-böhran idarəçiliyinə sahib olduğunu göstərən faktlardan biridir. Bu layihələrin uğurla icra olunması həm ölkəmizin iqtisadi-maliyyə imkanlarının genişliyinə, həm də zəruri infrastruktur bazasının möhkəm olmasına dəlalət edir.

Bu baxımdan, Prezident İlham Əliyevin modul tipli xəstəxanaların açılışında ifadə etdiyi “Biz bütün addımlarımızı elə atırıq ki, ən kritik vəziyyətə hazır olaq, ən böhranlı vəziyyətdə də bütün xəstələrə tibbi xidmət göstərilsin” sitatı ölkə rəhbərliyinin nəzərində vətəndaş amilinin hər şeyin fövqündə dayandığını bir daha təsdiq edir. Digər ölkələrə nisbətən koronavirusa görə Azərbaycanda yaranan vəziyyət qismən ürəkaçandır”. 

C.Əhmədliyə görə, hələki hər şey nəzarət altındadır: 

“Reallıq odur ki, Azərbaycan bu sahədə öz modelini ortaya qoyaraq bütün hədəflərə ardıcıllıqla, məqsədyönlü şəkildə çata bilib. Məsələn, Azərbaycanda xəstəliyə ümumi yoluxanların sayı 8 minə qədər olsa da, aparılan ümumi test sayı 350 mini ötür. Adam başına düşən testlərin sayına görə Azərbaycan ən qabaqcıl ölkələrdən hesab olunur.

Test sayı ilə yoluxma sayı arasındakı kəskin fərq vəziyyətin nəzarət altında olduğunu deməyə əsas verir. Azərbaycan dövlətinin “Hər bir yoluxmuş insana tibbi xidmət göstərilir” devizi ən humanist və ən düzgün yanaşmadır.

Prezident İlham Əliyevin çıxışında diqqəti cəlb edən ən mühüm məqamlardan biri də insanları məsuliyyətə və nizam-intizama çağıran fikirlərdir. Cənab Prezident haqlı olaraq vurğulayıb ki, həyata keçirilən bütün məhdudiyyətlər vətəndaşların sağlamlığına xidmət edir.

Müvəqqəti xarakter daşıyan bu qaydalara əməl etmək hər birimizin insanlıq borcu olmalıdır. Həmrəy olub bütün ağır sınaqlardan üzüağ çıxdığımız kimi, koronavirus pandemiyasının yaratdığı sosial çətinliklərin də tezliklə geridə qalacağına əmin ola bilərik”.