“Pandemiya ilə mübarizədə ərköyünlük yolverilməzdir” 

“Bir insanın koronavirus infeksiyasına yoluxması nəticədə onlarla insanın həyatını, sağlamlığını risk altına salır”. 
Bu sözləri “Sherg.az”a açıqlamasında millət vəkili Eldəniz Səlimov deyib.
Deputat bildirib ki, bütün məhdudiyyətlər və qadağalar ilk növbədə vətəndaşların öz sağlamlıqları üçündür: 

“İnsanların həyatının təhlükə altına düşməməsi üçün atılan bütün addımlar zəruridir. Kimliyindən, tutduğu vəzifədən asılı olmayaraq, hər kəs Operativ Qərargahın, TƏBİB-in, səhiyyə işçilərinin, mütəxəssislərin çağırışlarına, xəbərdarlıqlarına əməl etməlidir. Tətbiq edilən qaydalara birmənalı riayət olunmalıdır. Heç kim inadkarlıq və məsuliyyətsizlik göstərməməlidir. Vətəndaşlar onlardan qərarlara riayət edilməsini qanuni şəkildə tələb edənlərə qarşı itaətsizlik etməməlidir. Qanun hamı üçündür və hamı dövlətin qaydalarına tabe olmalıdır. Bu məsələdə ərköyünlük, özbaşınalıq yolverilməzdir”. 

Parlamentari qeyd edib ki, bütün vətəndaşlar ölkə Prezidenti İlham Əliyevdən, Birinci Vitse-prezident Mehriban xanım Əliyevadan nümunə götürməlidir: 

“Prezident üç modul tipli xəstəxananın açılışında dərin məzmunlu çıxışında bir daha insanlarımızı tibbi masklardan istifadə etməyə səslədi. Hamımıza nümunə olan ölkə rəhbərinə və dövlətimizə bu çətin və həssas günlərdə bir daha dəstəyimizi nümayiş etdirməliyik, onun çağırışlarını özümüz üçün rəhbər tutmalıyıq. Yalnız birlikdə və həmrəyliyimizlə bu bəladan, koronavirus pandemiyasından qurtula və xilas ola bilərik”.