"Digər beynəlxalq qurumlar da Ermənistana qarşı  sərt qərarlar tətbiq etməlidir"

“Avropa Parlamentinin bəyanatı dünya ictimaiyyətinə bir daha göstərdi ki, Qarabağ Azərbaycanındır!”

Bu sözləri “Sherg.az”a açıqlamasında millət vəkili Şahin Seyidzadə deyib. 

Deputat bildirib ki, bəyanatda qeyd edilən “magistral yolun inşasının Azərbaycanın səlahiyyətli orqanlarının razılığı olmadan həyata keçirilməsi” ifadəsi Ermənistanın hər zaman olduğu kimi öz işğalçı və qeyri-diplomatik addımlarını atmağa davam etdiyinin göstəricisidir: 

“Bəyanat beynəlxalq səviyyədə hər kəsə göstərdi ki, Dağlıq Qarabağ ərazisi Azərbaycana məxsusdur və orada baş tutan bütün “fəaliyyətlər” qondarma rejimin siyasətidir. Amma bu Bəyanat yekun addım olmamalıdır, digər beynəlxalq qurumlar tərəfindən də Ermənistana qarşı Dağlıq Qarabağ mövzusunda sərt qətnamələr və sanksiyalar tətbiq edilməlidir. Ümumiyyətlə, iqtisadi, sosial, hərbi və vətəndaşların rifahı cəhətdən ölkəmizdən qat-qat geridə olan düşmən başa düşməlidir ki, işğal etdiyi bölgələrimizi qeyd-şərtsiz, sülh yolu ilə boşaltması onlar üçün ən ideal addım olacaq”.