İnam yaradılmalıdır ! - “Hamının virusa yoluxmasını gözləmək olmaz ki...?!”

“Koronavirusdan dünyasını dəyişənlər, infeksiyaya yoluxanlar barədə cəmiyyətə dolğun məlumat verilməlidir”

“Xəstələnənlər efirə çıxarılmalı, millətə səslənməlidirlər. Belə olsa kimdəsə şübhə qalmaz”  



“Dövlətlər bir-birini qınayırlar. ÜST-ün yaydığı bəyanatlar pandemiyaya uyğun deyil. Yazıq vətəndaşlar nə etsinlər?!”
Bu sözləri sosial izolyasiya qaydalarına əməl olunması ilə bağlı “Sherg.az”a danışan Azərbaycan Demokratik Partiyasının sədri, həkim Sərdar Cəlaloğlu deyib. Onun fikrincə, sosial izolyasiya qaydalarına əməl etmək üçün əvvəlcə əhalini inandırmaq lazımdır: 

“İnsanlarda belə bir tendensiya var ki, öz başlarına gələnə kimi heç nəyə inanmırlar. İndi hamının koronavirusa yoluxmasını gözləmək olmaz ki... Sadəcə informasiya axınına nəzarət etmək lazımdır. Həm də dövlət və cəmiyyət arasında interaktiv əlaqə lazımi səviyyədə təmin olunmalıdır. Koronavirusdan dünyasını dəyişənlər, infeksiyaya yoluxanlar barədə cəmiyyətə dolğun məlumat verilməlidir. Xəstələnənlər efirə çıxarılmalı, millətə səslənməlidirlər. Belə olsa kimdəsə şübhə qalmaz.  Bununla yanaşı, müxtəlif zamanlarda bizim məmurlarımızın əməlləri ilə sözləri arasında o qədər təzadlar meydana çıxıb ki, bəziləri “oğrunun evi yandı, kimsə inanmadı” prinsipinə uyğun davranırlar".