Quzum, anan, baban varmı? - Var əfəndim, var… lakin... – “Tik-tok” videosu aləmi qatdı - VİDEO

“Valideynin qız uşağına belə danışıq öyrətməsi ağılasığmazdır”

“Öyrəşmişik ki, uşaq “Keçi”, “Xoruz” şeirini desin. Birdən-birə qarşımızda belə  danışıqlarla peyda olan uşaq görəndə  heyrətlənirik”

“Təəssüf, bu gün gənclərimiz arasında da belə söhbətlərə, axmaq mahnılara maraq var”

“İnstaqram, Tik-tok kimi virtual məkanlarda uşağın nə izlədiyinə diqqət yetirməlidirlər. Bu, hər bir valideynin borcudur” 



“Tik-Tok”un uşaqlar arasında çox populyar olması yəqin ki, təəccüb doğurmaz. Sözügedən platforma azyaşlılar arasında inanılmaz dərəcədə çox yayılıb. Lakin bu tendensiya heç də xoşagələn deyil. 
Bu günlərdə “Tik-Tok”da azyaşlı qız uşağına aid yayılan video böyük səs-küyə səbəb olub. Əl-qol hərəkətləri ilə “oğlan” kimi danışan, bir növ “voravskoy” aləmdən olduğunu göstərməyə çalışan azyaşlı qızın görüntüsü heç də arzuolun deyil.
Körpənin nitqini olduğu kimi təqdim edirik:
“Burdan hamıya aqromnu salamlar. Məni abijat eləyənlərə səslənirəm. Məni abijat eləyən adamlar, talpamı yığıb hamınızı nakazat eliyərəm. Ağıllı olun. Məni abijat eliyənlər, hamınızı bir-bir tutub biçərəm. Tak şto mənim yanımda ağıllı olun. Yanımda çox xod getməyin”. 
Hər kəs uşağın belə danışığında valideynin günahkar olduğunu bildirir. Təəssüf ki, “Tik-Tok” gənclərimiz kimi azyaşlıların da sağlam ruhda və sağlam təfəkkürdə inkişafına mane olur.



Baş verənləri “Sherg.az”a şərh edən yazar xanım Sevinc Elsevər sözügedən videonun valideynlər tərəfindən çəkildiyinə inanmadığı deyib.
Onun sözlərinə görə, son zamanlar azyaşlı uşaqlarla bağlı belə videolar çox yayılıb:

“Buna bənzər başqa videoya da baxmışdım. O da deyəsən “Tik-Tok”-da yayılmışdı. Güclə dil açan qız uşağı bu cür danışırdı, əlləri ilə xüsusi işarəni verirdi. Məncə, bu valideynlərin işi deyil. Hansı ana övladına belə şeylər öyrədər? Fikrimcə, bu böyük qardaşların balaca bacılarına öyrətdikləridir. “Belə danışıq və hərəkətlərdən uşağa nə ziyan ola bilər?” düşüncəsi ilə paylaşım ediblər, çoxusu diqqət çəkmək üçün maraqlı olsun deyə bu videonu yayır. Valideynin qız uşağına belə danışıq öyrətməsi ağılasığmazdır.

Əslində məsələ qız ya da oğlan uşağından getmir, fərq etməz uşaq uşaqdır, cinsiyyətin fərqi yoxdur. Qəbul edilmiş bir məqam var: uşaqların hamısı ciddi şəkildə şeir desə, yaxud mahnı oxusa, yaxşı olar. Əlbəttə, uşaqların öz aləmi var, bu başqa məsələ.

Öyrəşmişik ki, uşaq “Keçi”, “Xoruz” şeirini desin. Birdən-birə qarşımızda belə hərəkət və danışıqlarla peyda olan uşaq görəndə isə heyrətlənirik. Bu videonu paylaşanların da məqsədi bu olub ki, insanları heyrətləndirsinlər, video uzun müddət danışılsın, yayılsın, baxış sayı çoxalsın. Buna da nail olublar”. 

S.Elsevər bildirib ki, valideynlər belə məqamlarda çox diqqətli olmalıdırlar:

“Balaca uşaq özünə cavabdeh deyil, o çox şeyi başa düşmür. Belə videoların yayılmasının qarşısı alınmalıdır, valideyn videonu yayan şəxsdən şikayət edə bilər. Belə videolar o qədər yayılıb ki... Təəssüf, bu gün gənclərimiz arasında da belə söhbətlərə, axmaq mahnılara maraq var”.
 
Yazar xanımın sözlərinə görə, yaxşı olardı ki, gənclər ciddi işlərlə məşğul olsunlar, kitab oxusunlar, təhsildə müvəfəqqiyyətlər qazanmağa çalışsınlar:

“Düzdür, belə gənclər var. Hər il ölkəmizdən olanlar xarici universitetlərə qəbul olur, bizi sevindirirlər. İstedadlı gənclərimiz, yeniyetmələrimiz çoxdur. Onlar arasında rəssamlıqla məşğul olan, şeir yazan, mahnı bəstələyənlər, idmanda uöurları olanlar var. İstərdik gənclər başını belə ciddi işlərlə qatsınlar. Təəssüf ki, onların çoxusu qeyri-ciddi işlərlə məşğul olur. Uşaqların belə xoşagəlməz məsələlərə maraq göstərməsi günümüzün reallığıdır, sosial şəbəkələr, Yutub uşaqlar üçün əlçatandır. Valideynlər diqqətli olmalıdır, uşaqların hansı kanalları izlədiyinə, hansı filmi və musiqini dinlədiyinə fikir verməlidirlər. İnstaqram, Tik-tok kimi virtual məkanlarda uşağın nə izlədiyinə diqqət yetirməlidirlər. Bu, hər bir valideynin borcudur”.