“Maska taxmayanalara qarşı ictimai qınaq olmalıdır”

“İnsanlar özləri ətrafda maskasız dolaşanları gördükdə dərhal etirazını bildirməli, onu qaydalara riayət etməyə təşviq etməlidir”

“Çünki burada söhbət ümumi cəmiyyətin sağlamlığından gedir” 


“Pandemiya bütün ölkələrə təsir edir. Ölkələrin səhiyyə durumu çətin vəziyyətdədir, iqtisadiyyatları tənəzzül etməkdədir".
Bunu “Sherg.az”a açıqlamasında İnformasiya Təşəbbüslərinə Dəstək İB-nin sədri, “QHT.az” saytının rəhbəri Cəsarət Hüseynzadə deyib.
QHT rəhbəri qeyd edib ki, sözsüz ki, pandemiya Azərbaycana da öz mənfi təsirini göstərməkdədir: 

“Buna baxmayaraq, ölkəmizdə vaxtında məhdudlaşdırıcı tədbirlər görülməklə ilkin mərhələdə koronavirusun yayılmasının qarşısı alındı. Bu həm yoluxmanın sürətlə yayılmasının önünü kəsdi, həm də dövlət tərəfindən müxtəlif qabaqlayıcı tədbirlərin görülməsi üçün zaman qazanıldı. Ölkəyə süni tənəffüs aparatları gətirildi, 23 yeni laboratoriya quruldu. Modul tipli xəstəxanaların tikintisinə start verildi. Artıq 5-ci bu tipli xəstəxana Gəncədə istifadəyə verildi. Pandemiyaya qarşı mübarizə üçün 3 milyard manatdan çox vəsait ayrıldı. 600 mindən çox insana 190 manat verilməsi təmin edildi və hazırda 190 manatın verilməsi müddəti uzadılıb. Dövlət tərəfindən əhalinin sosial təminatının qarşılanması və sağlamlığının qorunması istiqamətində ardıcıl tədbirlər görülməkdədir.

Lakin dövlət tərəfindən atılan bu addımlarla paralel olaraq, hər bir vətəndaş da öz məsuliyyətini dərk etməli, özünü və çevrəsinin qorumalıdır. Dövlət başçısı cənab İlham Əliyev dünən Gəncə səfərində məhz bu məsələyə dəfələrlə toxundu. Ölkə başçısı bundan öncəki çıxışlarında da bu məqama bir neçə dəfə diqqət yönəldib”.

C.Hüseynzadənin sözlərinə görə, dövlət başçısı Gəncədəki çıxışında məsələyə daha ciddi və detallı münasibət bildirdi: 

“Prezidentin toxunduğu məsələlər cəmiyyəti də narahat edir və bunun ətrafında ciddi müzakirələr gedir. Ölkə başçısının konkret olaraq 2 məqama diqqət çəkməsi hamımızı düşündürməlidir. Birinci məqam icazələrdən sui-istifadə edən və bilərəkdən qaydaları pozan şəxslərlə bağlıdır. Bəli, çox düzgün qiymətləndirmə aparıldı ki, bəzi şəxslər 50, 100 manat cərimə ödəməklə, bilərəkdən bu qaydaları pozular. Prezidentin toxunduğu ikinci məqam daha vacib məsələdir. Ölkə rəhbəri xüsusən bəyan etdi ki, qaydalara riayət etməyənlər cərimələnməlidir, amma maska taxmayan hər kəsi polisin cərimələməsi fiziki baxımdan mümkün olmaya bilər. Ona görə də ictimai qınaq mütləq olmalıdır. İnsanlar özləri ətrafda maskasız dolaşanları gördükdə dərhal etirazını bildirməli, onu qaydalara riayət etməyə təşviq etməlidir. Çünki burada söhbət ümumi cəmiyyətin sağlamlığından gedir”. 

Birlik sədrinin fikrincə, cəza tədbirləri ilə yanaşı, ictimai qınaq da paralel aparılmalıdır: 

“Xüsusən qapalı məkanlarda, ictimai nəqliyyatda sosial məsafənin gözlənilməsi və maskadan istifadə edilməsi ilə bağlı vətəndaşlar fərdi təşəbbüs göstərməlidirlər. Maska taxmayan və sosial məsafəni gözləməyən şəxslərə hər bir vətəndaş iradını bildirməlidir. Hər bir vətəndaş bilməlidir ki, özünün maska taxmağı digərini, digərinin maska taxmağı isə onu qoruyur. Yəni ictimai qınaq məhz, hər bir şəxsin özünü qoruması baxımdan vacibdir. Qeyd etmək istədim ki, mərkəzdən kənar ərazilərdə bu işə nəzarət qismən zəifdir. Bu baxımdan ictimai qınaq lazım gələrsə, inzibati nəzarəti də əvəz etməlidir”.