Şeyx Əbdül Rasim Balayevə haqq qazandırdı:“Bizimkilər “şapalaqla üz qızardır”

Xalq artisti Rasim Balayev Azərbaycanda son illər çəkilən kinoları sərt tənqid edib. O bildirib ki, ölkəmizdə kino yoxdur. İncəsənət xadiminin sözlərinə görə, həm xoşuma gələn əsərlər yazılmır, həm də mənə uyğun rol yoxdur:
“Keyfiyyətli əsərlər, filmlər deyil, ucuz-ucuz seriallar çəkilir. Onlar da sənət əsərləri deyil, ancaq “xaltura”dır. Biz sözümüzü dedik. İndi yol verək, cavanlar davam etsinlər”.

Şübhəsiz ki, illərini kino sahəsinə həsr etmiş sənətkarın fikirləri sosial şəbəkələrdə, eləcə də media və ictimaiyətdə dəstəklənib. Çünki ötən əsrdə çəkilən hər səhnəsi ilə ürəklərdə taxt quran filmlərdən əsər əlamət yoxdur.  O filmlər ki, sseanirstindən tutmuş texniki işçisinə qədər canla-başla çalışır, sənət əsəri yaratmaq yolunda əllərindən gələni əsirgəmirdilər.

Maraqlıdır, ölkənin kino sənayesinin bundan sonrakı aqibəti necə olacaq? Yenilər, gənclər  incəsənət uğrunda savaşacaqlarmı?

Suallarımıza cavab tapmaq məqsədilə tanınmış rejissor, xalq artisti Şeyx Əbdül Mahmudovla əlaqə saxladıq. Mövzu ilə bağlı”Sherg.az”a danışan aktyor dedi ki, illərlə formalaşıb stabil fəaliyyət göstərən, dağılıb bərpa oluna bilməyən sahələrdən biri də kinodur:

“İnanın ki, kino müharibə etməkdən də çətin məsələdir.  Çünki onun işi tək ssenarist, rejissor,aktyorla bitmir. Maddi-texniki bazası milyonlar tələb edir. Bunlar bərpa edilmədən dünyanın  ən möhtəşm şah əsərləri də olsa, heç kim bacara bilməz. Müasir kino tələblərinə cavab verən maddi-texniki bazadan  danışıram.  Kinodan danışıram, seriallardan yox...İndi bizimkilər “şapalaqla üz qızardır”. Bu gün kinostudiyada “şapalaqla üz qızartmağı” bacaran uşaqlar, peşəkarlar var. Sağ olsunlar ki, qoymurlar orda işıq sönsün.  Bu imkanla, maddi-texniki baza ilə böyük əsər, kino, sənət yaratmaq mümkün deyil. Qəbul etmək lazımdır ki, heç kəs bunu edə bilməz. Gərək, bir cin gəlsin çantadan çıxıb möcüzə yaratsın ki,  uşaqlar da  nəysə alındıra bilsinlər.” 

Xalq artsti Rasim Balayevin fikirlərinə də münasibət bildirdi:

“O kinonun içində formalaşmış insandır. Xidmətləri də, yeri də əvəz olunmazdır. Narahatlığı da, nigaranlığı da, içindəki ağrısı da bəllidir. Bu gün Rasim  Balayev kimi püxtələşmiş sənətkara çox böyük  ehtiyacımız var. Təəssüflər olsun ki, o birilər itir gedir.  Əlimizdə qalanlar da həvəskar şəkildə kino ilə məşğul olmaq istəmirlər. İsəyirlər ki, peşəkar sənət olsun.  Rasim Balayev nə deyirsə haqlıdır,  öpürəm, salamlıyıram. Təsəlli üçün deyirəm ki, əzizim Rasim, pis günün ömrü az olar. İnşallah insanlar yavaş-yavaş koronavirusdan qurtarar, sağlamlığımızı bərpa edərik. Əminəm ki, kinoya, mədəniyyətə diqqət,  qayğı davam edəcək. Şübhəm yoxdur ki, dövlət səviyyəsində kinoya qayıdış, diqqət olacaq. Təki bu ümumbəşəri bəladan xilas olaq. Hər şey yoluna düşəcək”.