"Mən Aya Sofiyanı "məscid-muzey" kimi görmək istərdim" - Fazil Mustafa 


"Aya Sofiyanın məscidə çevrilməsi ilə bağlı fikrimi soruşurlar. İndiyədək bilərəkdən cavab vermirəm. Ona görə ki, son vaxtlar bizdə, yəni Azərbaycanda aldığı qərarlara görə, Türkiyə dövlətinə yol göstərənlərin sayı xeyli artıb."
 

"Liviyaya girişi doğru deyil, Suriyada nə işi var, Avropa Birliyi ilə niyə höcətlik edir, Rusiyadan hava müdafiə sistemləri almasına nə ehtiyac duyulurdu və s. bu kimi ərzi-iradlar səsləndirilir. Yaxud da həddən artıq Türkiyəpərəstlik, yaxud da Ərdoğanpərəstlik edib hər şeyin doğru olduğuna özünü inandırmışların həmrəyliyi ilə rastlaşırsan. Bütün bunlara bizdə "kənar adamın məsləhətləri deyirlər". Bir maraqlanın görək, qosqoca Türkiyə dövlətinin sənin, mənim məsləhətimə özəl ehtiyacı varmı? Yaxud da bizim Azərbaycandan dəstəyimizin təsir günü nə qədər prosesləri irəli aparmaq gücündədir? Burada sadə məntiq budur: Türkiyə müstəqil, güclü və ənənələri olan şəxsiyyətli dövlətdir. Öz daxilində və xaricində istənilən məsələni həll edərkən dövlət maraqlarını yüz dəfə ölçüb biçərək addım atır. Aya Sofiyaya münasibət  Türkiyənin həm də siyasi məsələsidir".

Deputat Türkiyənin tarixi qərarına münasibətin birmənalı olmayacağı qənaətindədir:

"Kənardan buranın muzey olaraq qalmasını diktə edirlər. Türkiyə də deyir ki, bizimlə təzyiq dilində danışa bilməzsiniz, biz bütün dinlərə hörmətlə yanaşırıq, yunanın da, erməninin də İstanbulun göbəyində kilsələri var, yəhudinin sinaqoqu var, Aya Sofiyanı da Konstantinopolu İstanbula çevirən babamız Fateh Sultan Mehmet necə görmək istəyibsə, biz də o cür görürük. Burada İstanbulda ibadət yerinin çox və ya az olması nöqteyi nəzərindən məsələyə baxılmamalıdır, Türkiyənin öz suveren ərazisində siyasi hegemonluğunun təsdiqi kimi baxılmalıdır. Qərardan narazı qalanlar, əlbəttə, olacaqlar. Bunlar kimlərdir? Hələ də "İstanbul" sözünü dilə gətirməyib rəsmi sənədlərdə "Konstantinopol" sözünü qəsdən işlədənlər, öz ölkələrində islamafobiyanın yayılmasına rəvac verənlər. Bu səbəbdən də məsələyə qardaş Türkiyənin daxili işi kimi baxmalı, alınan qərara hamımız sayğı ilə yanaşmalıyıq. Burada bizim arzularımızdan söhbət gedə bilər. Yəni əgər "Bu məbədi necə görmək istərdiniz?" sualına cavab verməli olsaydıq, mən "məscid-muzey" kimi görmək istədiyimi dilə gətirərdim. Həm ibadət yeri kimi, həm də daxildən-xaricdən gələn ziyarətçilər üçün bir tərəfindən də muzey kimi istifadə olunmasının daha maraqlı ola biləcəyini düşünürəm".