Su qıtlığı ilə bağlı İsrail və ərəb ölkələrinin təcrübəsi öyrənilsin - Təklif səsləndi

"Ölkəmizi içməli və suvarma suyu ilə təmin edən çaylarda yaradılan problemlər daxili narahatlığı artırır".

Bunu "Sherg.az"a açıqlamasında BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov deyib.

Analitik bildirib ki, həm Kür çayı, həm də Dağıstandan ərazimizə daxil olan Samur çayı üzərində oyunlar oynanılır:

"Eyni durum ermənilərin işğal etdiyi Sərsəng su anbarından gələn Tərtər çayında yaşanır. Hər tərəfdən sıxışdırılırıq. Su mənbələri stratejidir və dövlət təhlükəsizliyinin əsas xüsusiyyətlərindən biridir. Yeraltı su mənbələri hesabına çəkilmiş Oğuz-Qəbələ su xətti problemi qismən aradan qaldırsa da, yetərli deyil. Xüsusən Kür ətrafı rayonlarda vəziyyət getdikcə ağırlaşır. Əhali su yetərsizliyindən əziyyət çəkir. Bu baxımdan təklif edirəm ki, İsrail və ərəb ölkələrinin təcrübəsi öyrənilsin. Onların tətbiq etdiyi şor dəniz suyunun şirin içməli suya çevrilməsi texnologiyaları Xəzər dənizi ətrafı rayonlarımızın lazım olan hissələrində quraşdırılsın".

Siyasi şərhçi bildirib ki, Yaponiyanın qrant layihələri hesabına belə modul tipli mini qurğular bir neçə yerdə quraşdırılıb:

"Lakin bu qurğuların yerli duzlu suyu təmizlədiyi məlum deyil. Böyük, irihəcmli qurğular tezliklə quraşdırılmalıdır. Bu, içməli suya olan təlabatı qismən ödəyər, sonra bunu getdikcə artırmaq olar. Eyni zamanda həm içməli, həm də suvarma məqsədi ilə artezian quyuları da qazılmalıdır".