Hər təlimin mesajları var

Rusiya Xəzər dənizində güclü hərbi donanma yaradır

Rusiya ordusu Xəzər və Qara dəniz hövzələrində “Qafqaz- 2020” hərbi təlimlərinə başlayıb. Təlimlərə 150 min əsgər, 25 minə yaxın hərbi zirehli texnika, 414 qırıcı təyyarə, 106 gəmi cəlb olunub. Müdafiə naziri Sergey Şoyqu hərbi təlimlərin savaş mesajı kimi şərh edilməsinin yanlış olduğunu söyləyib.

Lakin hazırkı vəziyyətdə, yəni Azərbaycanla Ermənistan arasında hərbi əməliyyatların getdiyi bir dönəmdə bu təlimlərin başlaması ictimai fikirdə müxtəlif suallar yaradıb. Rusiyanın belə bir təlim keçirəcəyi əvvəlcədən bəyan edilmişdi. Ancaq bütün hallarda Rusiya təlimləri fərqli məqamda və ya bir qədər gec keçirə bilərdi. Məlumdur ki, Rusiya bölgə uğrunda özünün əsas siyasi rəqibi olan NATO və ABŞ-la mübarizədən bir addım belə geri çəkilmək istəmir. Bu mənada Moskvanın Xəzər və Qara dənizdə hərbi təlim keçirməsi bütün hallarda Qərbə, müəyyən mənada NATO üzvü olan Türkiyəyə və Azərbaycana mesaj göndərməkdir. 

Kremlin genişmiqyaslı hərbi təlimləri ilə bağlı “Şərq”ə danışan Cənubi Qafqaz Sülh və Münaqişə İnstitutunun rəhbəri Məhəmməd Əsədullazadə deyib ki, Rusiyanın Cənub-Qərb dairəsinə daxil olan hərbi hissələrini təlimə çıxarması Cənubi Qafqaz və Ukrayna ətrafında baş verənlərlə bağlıdır. Siyasi şərhçiyə görə, xüsusən, Xəzər dənizindəki hərbi təlimlər müəyyən mesaj xarakterlidir:

“Xəzər dənizində Rusiya son iki ildə güclü hərbi donanma yaradır və burada qanadlı raket sistemləri yerləşdirib. Xəzər hövzəsi artıq geosiyasi toqquşmalarda yer alır. Moskva Suriyada İSİD-ə qarşı məhz Xəzər dənizində qanadlı raketlərlə əməliyyat apardı.

Çox güman ki, Rusiya Xəzərdə güclənməklə, regiona digər qüvvələrin daxil olmasının qarşısını almağa çalışır. Ukraynanın təlimlərdən narahat olması təbiidir. Çünki Ukraynanın Şərqində hərbi əməliyyatların bərpa edilməsi mümkündür. Türkiyənin Cənubi Qafqazda rolunun artması, məhz Tovuz hərbi təcavüzündə Ankaranın Azərbaycana tam dəstək verməsi Moskvanı ciddi narahat edir.

Bundan sonra Moskva regiondakı məsələlərə daha diqqətli yanaşacaq. Ümumiyyətlə, Xəzər dənizində bu kimi hərbi təlimlərin keçirilməsi, Xəzər hövzəsinin militaristləşməsinə səbəb olacaq. Gələcək perspektivdə Azərbaycan və Mərkəzi Asiya ölkələrinin birgə əməkdaşlığının qarşısını ala bilər”.