Cəbhədə məğlub olan düşmən xaricdə terrora əl atır ! – İfşa etməliyik !

“Nüfuzlu vəkillərin yardımından istifadə edərək, erməniləri məhkəmələrə verməliyik”

“Dünya mediasında düşmənin iç üzünü açmalıyıq”


ABŞ-ın paytaxtı Vaşinqtonda və Moldovanın payaxtı Kişinyovda Azərbaycan Ordusuna dəstək aksiyası keçirilib. Aksiyanı keçirən azərbaycanlılar səfirlik əməkdaşları və yerli ermənilərin hücumuna məruz qalıb. Və bir neçə soydaşımıza xəsarət yetirilib.  

Azərbaycan Xarixi İşlər Nazirliyi (XİN) ermənilərin xaricdə törətdiyi təxribatlarla bağlı bəyanat yayıb. Bəyanatda nifrətə əsaslanan bu cinayət əməlləri qətiyyətlə pislənilir:

“Son bir həftə ərzində xaricdə Azərbaycanın diplomatik nümayəndəliklərinin binalarına, eləcə də dinc azərbaycanlı nümayişçilərə qarşı törədilən təxribatlar özündə vandalizm və terrorizm mahiyyəti kəsb edir, cinayət mahiyyəti daşıyır”. “Vyana Konvensiyasına əsasən, diplomatik nümayəndəliklərə və diplomatlara hücumların qarşısının alınması həmin ölkənin öhdəsindədir. Azərbaycan dost ölkələrə müraciət edərək, diplomatik nümayəndəliklərimizə və diplomatlarımıza, azərbaycanlılara qarşı törədilən əməllərin araşdırılmasını tələb edir. Azərbaycan dövləti hər zaman həmvətənlərinin yanındadır. Soydaşlarımıza hüquqi yardımın təmin edilməsi üçün diplomatik nümayəndəliklərimizə lazımi təlimat verilib”.

Keçirilən aksiyada azərbaycanlılara olan hucumla bağlı fikirlərini “Sherg.az”la bölüşən “Tolerantlıq” Sosial Araşdırmalar İctimai Birliyinin sədri, politoloq Azər Rəşidoğlu bildirib ki, bu, ilk belə hadisə deyil. Analitikin sözlərinə görə, ermənilər yüz illərdir, dünyanın müxtəlif ölkələrində türklərə qarşı terror həyata keçirirlər:

“Əslində, erməni terroruna qarşı zəif mübarizə aparırıq. Dünyada nüfuzlu vəkillər var. Onların yardımından istifadə edərək, erməniləri bu kimi terrorlara görə məhkəmələrə verməliyik. Nüfuzlu ziyalılar, mədəniyyət və elm xadimləri ilə də işləməli, ermənilərin terrorçu olduğunu bir daha sübuta yetirməliyik. Cəbhə xəttində məğlubiyyətə uğrayan ermənilər belə çirkin üsullara əl atırlar. Düşünürəm ki, savaşda məğlub olduqca, onlar daha çox terrora əl atacaqlar. Buna hazır olmalı və dünya mediasında ermənilərin iç üzünü açmalıyıq”.