Ölkənin su dərdi...

Hər kəs üzərinə düşən vəzifəni yerinə yetirsəydi, bu vəziyyətə gəlib çıxmazdıq

Elçin Bayramlı: "Təklif edirəm ki, kəndlilərə artezian quyusu qazdırmaq üçün imkan yaradılmalı, bunun üçün onlara faizsiz kredit verilməlidir"

“Su resursları ekoloji tarazlığa, kənd təsərrüfatının inkişafına çox böyük təsir göstərir. Biz kənd təsərrüfatımızı intensiv yollarla inkişaf etdirməliyik və buna nail olmaq üçün kifayət qədər su mənbələrimiz olmalıdır və bu, var. Sadəcə olaraq, əgər, dəhşətli dərəcədə itkilər olmasaydı, biz mövcud su resursları ilə özümüzü tam təmin edə bilərdik. İndi bu məsələ araşdırılır, bəzi hallarda itkilər 40 faizdir və 50 faizə çatır, bu, dözülməzdir. Biz suyu itiririk. Beləliklə, o, əkin sahəsinə, insanların evinə çatmır, əksinə, torpaqlara ziyan vurur”. 

Məqsəd içməli su və suvarma suyu ilə təminatı 100 faizə çatdırmaqdır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 23-də keçirdiyi növbəti videoformatlı müşavirədə vətəndaşları uzun müddətdir narahat edən su qıtlığı, su təsərrüfatındakı problemlərə toxundu. Prezidentin müşavirədəki çıxışında səsləndirdiyi xatırlatdığımız fikirlər dövlət siyasətinin birmənalı şəkildə ictimai maraqlara söykəndiyinin göstəricisidir. 



Prezident çıxışında sadə vətəndaşların su qıtlığı ilə üzləşməsinin yolverilməz olduğunu, bunun dövlət maraqları, yürüdülən iqtisadi inkişaf xətti ilə ziddiyyət təşkil etdiyini dedi.

Prezident qeyd etdi ki, son illərdə Azərbaycanda həyata keçirilən nəhəng su layihələri vəziyyəti tamamilə müsbət tərəfə dəyişdi. Lakin problemlər var. Prezident içməli su layihələri ilə bağlı çatışmazlıqları göstərib və qeyd edib ki, bu sahədə həm müsbət, həm mənfi təcrübə təhlil edilməlidir: “Çünki mənə verilən məlumata görə, bəzi hallarda suyun mənbələri düzgün seçilməyib və təbiətin dəyişməsi, iqlim dəyişikliyi, o cümlədən son iki il ərzində yaşanan quraqlıq və bunun riskləri hesablanmayıb. Ona görə içməli su layihələri başa çatan bəzi yerlərdə su qıtlığı yaranıb. Odur ki, bu məsələ çox ciddi araşdırılmalıdır. Son vaxtlar mənə yerlərdən hər gün məktublar gəlir. Daha çox fermerlər, sahibkarlar yazırlar, gündə təqribən 10-dan çox rayondan məktublar gəlir. Bu məktublara Prezident Administrasiyasında və Nazirlər Kabinetində baxılır. Bu siqnallar nəzarətdədir və bu məsələlər operativ qaydada həll olunur. Ancaq biz bu məsələləri kompleks şəkildə həll etməliyik ki, gələcəkdə təbii problemlərin yaratdığı xoşagəlməz mənzərəyə və çətinliklərə hazır olaq. Əgər aidiyyəti qurumlar keçən il fəal işləsəydilər, günahı bir-birinin üstünə yıxmasaydılar və təxirəsalınmaz tədbirlər görsəydilər, bu gün biz bu problemlərlə üzləşməyəcəkdik. Bu problemlər həm insanların sağlamlığına, həm də kənd təsərrüfatının inkişafına mənfi təsir göstərir”. 

Prezident vətəndaş məktublarını xatırlatmaqla ictimaiyyəti narahat edən məsələlərdən xəbərdar olduğunu, problemlərin həllində vətəndaşların və buna müvafiq də dövlət maraqlarının qorunduğunu vurğulayıb. 

Müşavirədə qaldırılan problem onu göstərir ki, suvarma problemi həm ölkə iqtisadiyyatına, eyni zamanda insanların yaşayışına, gəlirlərinə, təsərrüfatlarına ciddi ziyan vurur. Suvarma işi lazımi qaydada təşkil edilərsə, fermerlər, şəxsi təsərrüfatı olanlar ziyan çəkməz, gəlir əldə edər, əhalinin sosial rifah halı daha da yaxşılaşar. 

Prezident qeyd edib ki, aidiyyəti qurumlar koordinasiya olunmuş şəkildə işləməyib. “Azərsu”, meliorasiya qurumları, sadəcə olaraq, dövlət investisiya proqramı müzakirə olunarkən fəallaşıblar ki, onlara nə qədər dövlət büdcəsindən pay düşəcək. Bəzi hallarda onların təklif etdikləri layihələr, ümumiyyətlə, diqqətəlayiq olmayıb. Sadəcə dövlət vəsaitindən istifadə edilib, layihələrin səmərəliliyi yoxlanmayıb, ona görə böyük həcmdə investisiya qoyulmuş layihələr faktiki olaraq heç bir səmərə verməyib. Lakin bundan sonra xərclərə ciddi nəzarət mexanizmi tətbiq ediləcək. Prezident qeyd edib ki, bəzi hesablamalara görə, əgər operativ tədbirlər görülməsə, 2030-cu ildə ölkəmizdə səhralaşma prosesi sürətlə gedəcək: “Nədir, siz istəyirsiniz Azərbaycan səhraya dönsün? Ona görə bu münasibətə son qoyulmalıdır. Qüsurlara yol verən, bu məsələyə laqeyd yanaşan bütün vəzifəli şəxslər cəzalandırılmalıdır”. 
 
Elçin Bayramlı: “Su “itmir”, məmurların təsərrüfatına yönləndirilir

“Atlas” Sosial-İqtisadi Araşdırmalar Mərkəzi İdarə Heyətinin sədri Elçin Bayramlı Prezident İlham Əliyevin müşavirədə səsləndirdiyi tənqidlərin tam əsaslı olduğunu bildirdi: 

- Əhaliyə çatmayan su xüsusi şirkətlərə, təsərrüfatlara sayğacdan kənar limitsiz həcmdə verilir və onlardan külli miqdarda rüşvət alınıb ciblərə qoyulur. Nəticədə, dövlət büdcəsindən xeyli vəsait yayındırılır. Hətta məlumatlı mənbənin mənə verdiyi məlumata görə, “Azərsu” tərəfindən böyük həcmdə su yaşıllaşdırma idarələrinə yönəldilir, orada isə guya ki, yaşıllıq sahələrinin suvarılması adı ilə necə deyərlər, “oformut” olunur, əslində isə o suyun böyük hissəsi xüsusi şirkətlərə, müəssisələrə və təsərrüfatlara verilir. Nəticədə, guya, yaşıllıq sahələrinin suvarılması üçün ayrılan su bəzi məmurlara nəhəng qazanc gətirir, yaşıllıqlar isə susuzluqdan quruyub gedir. Fikir verin, dövlət başçısının dediyi kimi, bəzi hallarda “su itkisi” 40-50 faizə çatır. Bu, dünya üzrə ən böyük və heç vaxt təkrar olunmayacaq rekorddur. Bu nə deməkdir? Necə yəni 50 faiz su itkisi? Heç bir su itib eləmir, həmin “itən” sudan, yuxarıda dediyim kimi, necə lazımdı bəhrələnilir.

Burada əsas problemlərdən biri də cənab Prezidentimizin qeyd etdiyi kimi, mövcud sudan istifadə zamanı qanunsuzluq edilməsi - yəni suvarma suyunun əsasən iri məmurların təsərrüfatlarına verilməsi ilə bağlıdır.

Mövsümün ən qızğın vaxtında bazarlardakı bahalığı görürsünüzmü? Bunun əsas səbəblərindən biri də, su problemi ilə bağlı bir çox torpaq sahibinin əkindən imtina etməsi, bəzilərinin isə məhsulunun sahələrdə yanması ilə bağlıdır. 
Təklif edirəm ki, kəndlilərə artezian quyusu qazdırmaq üçün imkan yaradılmalı, bunun üçün onlara faizsiz kredit verilməlidir. Bu zaman icra başçıları əjdaha kimi suyun qabağını kəsib onu kəndlilərə verməyib öz təsərrüfatlarına yönəldəndə, onlar həmin artezianlar vasitəsilə təsərrüfatlarını məhv olmaqdan, özlərini isə müflis olmaqdan xilas edə bilərlər. 

Göründüyü kimi, bu sahəyə məsul məmurların özlərinin iş görməsi bir yana, insanların özünün də iş görməsinə əngəl yaradırlar. Məsələn, maraqlansanız görərsiniz ki, su qıtlığı olan kəndlərdə təsərrüfat sahibləri artezian quyusu qazdırmaq üçün nə qədər böyük maneələrlə üzləşirlər, bir belə quyunun qazılması 15-25 min manat rüşvət ödəməlidir. Kiçik təsərrüfat sahibində bu qədər pul hardandır? Hətta 5-i, 6-sı birləşsə belə bu qədər pul ortaya qoya bilməzlər. Nəticədə nə olur? Bəli, həmin kəndlərdə təsərrüfatlar məhv olub gedir. Yəni, həm məhsul istehsalının qarşısı alınır, həm insanlar ağır sosial vəziyyətə düşür. Qısası, rüşvətxor məmurların əməlləri ölkəyə qarşı həm iqtisadi sabotaj, həm sosial problem, həm də ekoloji böhran yaradır.

“Suvarılmayan milyonlarla hektar torpaq sahələri var”

E.Bayramlı qeyd etdi ki, dövlət büdcəsindən və kənar fondlardan ən çox vəsait alanlardan biri su təsərrüfatıdır. Əgər burada korrupsiya olmasaydı, düzgün və effektiv idarəetmə olsaydı, bu nəhəng pullarla ölkəni cənnətə çevirmək olardı: 

- Respublikada suvarılmadığından istifadə olunmayan milyonlarla hektar torpaq sahələri var. Oralara kanallar çəkib, artezian quyuları qazıb, suvarma sistemi qurub böyük təsərüfatlar salmaq, böyük həcmdə ərzaq istehsalı təşkil etmək olardı. Nəticədə ölkədə bolluq və ucuzluq yaranar, ərzaq idxalından azad olar, hətta ixrac edib ölkəyə xeyli valyuta gətirə bilərdik. Üstəlik, bunun nəticəsində yüngül və yeyinti sənayesi də inkişaf edərdi. Yəni hazırda aqrar sektorda ən böyük problem su problemidir. Su təsərrüfatı orqanları bir yana qalsın, bəs Ekologiya Nazirliyi, EA-nın müvafiq institutları hara baxırdılar? Niyə bu təhlükəni vaxtında görməyiblər, layihə, plan, proqnoz hazırlayıb yuxarı orqanlara təqdim etməyiblər. Nə vaxtadək bunlar dövlətdən havayı maaş alıb yeyib-yatacaqlar. Gərək hər şeyə cənab prezident qarışa, sonra başlayalar işləməyə? Əvvəlcədən tədbirlər görmək olmazmı? Ümumiyyətlə, Azərbaycan içməli su ehtiyatının az olduğu ölkələrdəndir. Bu ehtiyatın da 70 faizdən çoxu ölkədən kənardakı mənbələrdən formalaşır. Qlobal su böhranı yarandıqda bizimlə qonşu ölkələr həmin çaylarda su ehtiyatının hamısını özlərinə sərf edəcəklər, bu tərəfə bir qram da su keçməyəcək. Gürcüstan Kürün, Ermənistan Arazın, Rusiya Samurun bütün suyunu özlərinə sərf edəcəklər. Digər kiçik çayların çoxunun da mənbəyi qonşu ölkələrdədir. Bu çox ciddi strateji təhlükədir, lakin məsul şəxslərin açıqlamalarından görünür ki, bunlar təhlükənin səviyyəsini hələ tam başa düşməyiblər.

Bununla bağlı ciddi strateji proqram hazırlanmalı və təcili icrasına başlanmalıdır. Su israfının qarşısı alınmalı, suyun bölüşdürülməsinin uçotuna şəffaf və mükəmməl nəzarət sistemi olmalıdır - həm dövlət, həm də qeyri-hökumət təşkilatları və media tərəfindən. Su anbarlarının və artezian qurğularının sayı sürətlə və kəskin artırılmalıdır.

Ərzaq sənayesinə aid olmayan sənaye müəssisələrində içməli suyun istifadəsinə son qoyulmalıdır. Yaxşı olardı ki, dəniz kənarında su şirinləşdirici zavodlar tikilsin və dənizdən əldə edilən su bitkilərin suvarılmasında, avtoyuyucu məntəqələrində, sənaye müəssisələrində, broyler fabriklərində və s. bu kimi yerlərdə istifadə olunsun.

Bakıya verilən təbii içməli su isə yalnız mənzillərə və idarələrə yönəldilməlidir. Bu halda Bakıya gələn su mənbələrində gərginlik azalar, yeraltı su hövzələrinin istismar sürəti və həcmi azalar.

Kürdə su azalan kimi, çayın mənsəbindəki rayonlarda necə ağır bir içməli su problem yarandığını hamımız gördük. Çünki alternativ mənbələr işlənməyib, ehtiyat mənbə və kəmərlər yaradılmayıb. Yalnız Kürə ümidli olublar ki, oradan çirkli suyu götürüb verəcəyik əhaliyə, məsələ həll olacaq. Bunun da necə səhv bir addım olduğunu gördük.