Generalın xatirəsi və ailəsi ilə bağlı tapşırıqlar onu göstərir ki...

“...Ölkə başçısı hər zaman Azərbaycan vətəndaşının yanındadır”

“Müstəqilliyimiz, ərazi bütövlüyümüz uğrunda şəhid və ya əlil olan igid oğlanlarımız, onların ailələri hər zaman dövlət başçısının qayğısı ilə əhatə olunacaqlar”


"Şəhid ailələrinə və Qarabağ əlilərinə dövlətimizin hər zaman diqqət və qayğısı olub".
Bunu "Sherg.az"a millət vəkili Cavid Osmanov deyib.
Deputat bildirib ki, prezident regionlara səfəri zamanı Tovuz istiqamətində gedən döyüşlərdə şəhid olan general-mayor Polad Həşimovla bağlı müvafiq tapşırıqlarını verib:

"Azərbaycan dövləti hər zaman belə igid oğullarımızın ailələrinin, eləcə də Qarabağ əlillərinin yanındadır. Dövlət onlara hər zaman qayğı göstərəcək. Bundan əlavə cənab prezident Qəbələnin küçələrinin birinə general-mayor Polad Həşimovun adının verilməsi ilə bağlı da müvafiq tapşırıq verib. Bu il də cənab Prezidentin göstərişi əsasında 1500-ə yaxın fərdi mənzillərin verilməsi həyata keçiriləcək.



Artıq bu proses başlanılıb. Bundan əlavə çoxlu sayda avtomobillərin verilməsi nəzərdə tutulub. Bu günə kimi 7600-dən çox şəhid ailəsi  və Qarabağ əlilləri mənzillərlə, avtomobillərlə təmin edilib.

Bununla yanaşı, şəhid ailələrinə 11 min manat birdəfəlik ödəmələr verilib. Eyni zamanda onlara verilən müavinətlər artırılıb. Prezident Qəbələdə olduğu zaman Polad Həşimovun ailəsi ilə bağlı da icra strukturlarına tapşırıqlar verib".

Parlament üzvü vurğulayıb ki, Polad Həşimovun adının əbədiləşdirilməsi bir daha onu göstərir ki, cənab prezident hər zaman Azərbaycan vətəndaşının yanındadır.

Müstəqilliyimiz, ərazi bütövlüyümüz uğrunda şəhid və ya əlil olan igid oğlanlarımız, onların ailələri hər zaman dövlət başçısının qayğısı ilə əhatə olunacaqlar. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva da Tovuz istiqamətində gedən döyüşlərdə şəhid olan 12 hərbi quluqçumuzun ailəsi ilə bağlı Heydər Əliyev Fonduna öz tapşırıqlarını verib.

Onları narahat edən problemlər yaxından öyrənilərək öz həllini tapacaq. Əlbəttə, atılan bütün bu addımlar cənab prezidentin və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın vətəndaşlarımıza göstərdiyi  qayğının bariz nümunəsidir”.