Hələ ki, Abbas Bağırov başqa iş haqqında düşünmür

Puluma qənaət etdiyimə görə ailəmi dolandırmaq imkanım var

Bu gün müzakirə olunan məsələlərdən biri də  müğənnilərin toysuz, işsiz və pulsuz qalmasıdır. Çünki onlar etirazlarını, yaşadıqları çətinlikləri sosial şəbəkə platformalarında dilə gətirir, xüsusi karantin rejiminin uzadılmasına üsyan edirlər. Bütün bunlara baxmayaraq “Ehtiyat igidin yaraşığıdır” deyərək çörəklərini başqa sahələrdən çıxaran sənətçilər də var.  Onlara misal olaraq  Nura Surini,  rəqqasə Fatiməni göstərmək olar. 
 
Bəs gəlin görək şou-biznes cameəsinin digər  nümayəndələri nə düşünür? Onların müxtəlif sektorlarda işləmək bacarığı varmı?

Sualımıza cavab tapmaq məqsədilə tanınmış müğənni Abbas Bağırovla əlaqə saxladıq. Məsələni “Sherg.az”a  dəyərləndirən  sənətçi söyləyib ki, bir işlə məşğul olmaq üçün təcrübə lazımdır:

“Müvəqqəti iş olmur.  Gərək ciddi şəkildə məşğul olasan ki, qazanc əldə edəsən.  Amma fəaliyyətim sırf musiqiyə bağlı olduğu üçün gəlir mənbəyim də bu sahədəndir. Ona görə hələ başqa sahədə çalışmağı  düşünmürəm. Amma sual versəniz ki, nəylə dolanırsan?  Puluma qənaət etdiyimə görə ailəmi dolandırmaq imkanım var.

Buna baxmayaraq xüsusi karantin rejimi bir müddətlik də uzansa  çətin olacaq.  Ona da inanmıram ki, hökumət ağır vəziyyətə düşməyimizə icazə versin. Çünki bu dövrdə dövlətin vətəndaşlara yardımları  oldu. İnanıram ki, bizim sahədən də yan keçməz. Şükür Allaha, yoluxanların  sayı azalır, sağalanlar isə əksinə,  çoxalır. 

Bizə də dua etmək qalıb ki, 31-dən etibarən insanlar normal həyatlarına qayıtsın. Başa düşürəm ki, bu məsələ ilə bağlı vəziyyət   gərgindir.  Həm də toyun yoxluğu başqa sahələrə də  təsir edib. Bir çox sektorların  hamısı toya baxır. Onların da işləri çətindir.  Ona görə də arzu edirik ki, xalqımız tezliklə  toy-bayramı yenidən həyata keçirsin”.