Türkiyə şəxsiyyət vəsiqəsi ilə səyahət təklif edir

Tural Abbaslı: "Azərbaycan tərəfi bu təklifi müsbət dəyərləndirməlidir"

Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşü zamanı ölkələr arasında sərbəst gediş-gəliş məsələsinə də münasibət bildirib. XİN rəhbəri vurğulayıb ki, Azərbaycanla Türkiyə arasında vizaları ləğv etdik, amma bu, kifayət deyil: “Türkiyə və Azərbaycan vətəndaşları qarşılıqlı ziyarətlərdə pasporta ehtiyac duymamalıdır. Biz bunu Gürcüstanla gerçəkləşdirdik, Ukrayna ilə də həyata keçirdik. Azərbaycanla şəxsiyyət vəsiqəsi vasitəsilə səyahət etmə üçün təkliflərimizi vermişik”.

Çavuşoğlunun təklifi ilə bağlı “Şərq”ə danışan AĞ Partiya sədri Tural Abbaslı deyib ki, Türkiyə-Azərbaycan arasında iqtisadi-siyasi, hərbi, sosial, mədəni, gömrük, vergi və s. bütün sahələrdə münasibətlər mümkün qədər sadələşdirilməlidir. Partiya sədrinin sözlərinə görə, Türkiyə ilə əməkdaşlığımız sözün həqiqi mənasında qardaşlıq prinsipi üzərinə qurulmalıdır:

“Bir-biri ilə o qədər də yaxın olmayan, hətta aralarında siyasi-mədəni fikir ayrılıqları olan Avropa Birliyi ölkələrinin vətəndaşları bütün qitəni sərbəst, rahat, maneəsiz gəzib-dolaşa bilirlər.

İki qardaş ölkə bunu çoxdan təşkil etməliydi. Özü də ən sadə forması ilə. Hesab edirəm ki, Azərbaycan tərəfi bu təklifi müsbət dəyərləndirməli və tezliklə üzərinə düşən addımı atmalıdır.

Türkiyə-Azərbaycan münasibətlərinin biz istəyən səviyyədə olmamasının səbəbləri bu kimi məsələlərdir. Yeni XİN rəhbəri Ceyhun Bayramov bu istiqamətdə lazımi addımlar atmalı, öz təkliflərini verməlidir.

Türkiyə-Azərbaycan bütün sahələrdə “bir millət, iki dövlət” prinsipi ilə yaşamalıdır. Əgər Gürcüstan və Ukrayna ilə bu münasibətlər tənzimlənibsə, Azərbaycanın gecikməsi arzuolunan hal deyil”.