Yenidən seçkilər gözlənilmir

Lukaşenko hakimiyyətini paylaşmağa hazırdır

Ən yaxşı halda Gürcüstan senarisi təkrarlana bilməz

Belarusun paytaxtı Minskdə yenidən etiraz mitinqləri keçirilir. Küçələrə axışan yüz minlərlə insan seçkilərin rəsmi nəticələrinə inanmadıqlarını bildirərək prezidentin istefasını tələb edirlər. Minlərlə işçi etirazçıları dəstəkləmək üçün tətilə çıxıb.

Səngimək əvəzinə daha da genişlənən aksiyalar ölkədə gərginliyi artırmaqdadır. Xatırladaq ki, avqustun 9-da Belarusda prezident seçkiləri keçirilib. İllər sonra ölkədə böyük maraqla qarşılanan seçkidə hazırkı prezident Aleksandr Lukaşenko 6-cı dəfə qalib olub. Bunun nəticəsində ölkənin bir sıra bölgələrində kütləvi dinc etirazlar başlayıb. “BelTA” agenliyinin xəbərinə görə, Belarus hökuməti istefa verib. Agentliyin yazdığına görə, bundan öncə prezident hökumətin yeni tərkibinin formalaşdığını və yaxın zamanlarda köhnə hökumətin istefaya gedəcəyini açıqlamışdı. 

Belarusluların qeyri-adi istefa şüarları...

Belarusda etirazçılar adətən populyar “Rədd ol”, “Səni istəmirik” şüarları ilə yanaşı fərqli məzmunda şüarlar da səsləndirib, plakatlar nümayiş etdiriblər. Məsələn, plakatların birində “İlon Mask, Lukaşenkonu Marsa apar” yazılıb. Daha əvvəl “Twitter”də, Belarusdakı hadisələr haqqında məlumat alan İlon Mask: “Mən sizə necə kömək edə bilərəm?” deyə sual ünvanlayıb. Belaruslular isə Maska bu cür cavab veriblər. Məlumdur ki, məşhur mühəndis-milyarder İlon Mask insanların Marsda və Ayda yerləşdirilməsi təklifi ilə çıxış edib.

Lukaşenkodan qəribə sözlər: “Biz heç kəsi məcbur etmirik...”

Belarus prezidenti Aleksandr Lukaşenko tətilə gedən işçilərdən danışıb. O, seçkilərin nəticələrinə etiraz edərək tətilə gedən işçiləri işləməyə məcbur etməyəcəklərini bildirib: “İşləmək istəyənlər işləsinlər, istəmirlər, biz onları məcbur etməyəcəyik. Kim necə istəyir, o cür hərəkət etsin”.  

“Hakimiyyət səlahiyyətlərini paylaşmağa hazıram” 

Lukaşenko hakimiyyət səlahiyyətlərinin küçə etirazları ilə deyil, konstitusion proses çərçivəsində paylaşılmasına çağırış edib. Prezident hazırda hakimiyyət səlahiyyətlərinin bölünməsini ehtiva edən ölkə konstitusiyasının bütün variantları üzərində işlənildiyini deyib: “Konstitusiyanı mənşəyi məlum olan kimsəyə vermək olmaz. Sonra bədbəxtlik baş verəcək. Bizə yeni konstitusiya lazımdır. Mənə iki variant təklif edildi. İndikindən az fərqləndiyi üçün rədd etdim. Üçüncüsü üzərində iş davam edir. Gəlin, oturun və konstitusiya üzərində işləyin, referenduma təqdim olunsun. Məhz bu formatda prezident səlahiyyətlərini paylaşmağa hazıram, amma təzyiq altında və ya küçə etirazları ilə yox”. 

“Yeni seçkilər olmayacaq”

Lukaşenko vurğulayıb ki, onun təzyiq altında nəsə edəcəyini gözləyənlər əbəs yerə vaxt itirirlər: “Yeni seçkilər olmayacaq. Çünki belə olduğu halda nə Minsk Təkər Zavodu, nə MAZ, nə də BELAZ olacaq, yarım ilə hər şeyi məhv edəcəyik”.

“Bu, müxalifətin rəsmi Minsklə dialoqunun şanslarını azaldır”

Belarus prezidentliyinə namizəd Svetlana Tixanovskayanın tərəfdaşı Mariya Kolesnikova rəsmi şəxslərə qarşı Avropa Birliyinin sanksiya qəbul etmək qərarı ilə razı olmadığını deyib. O, cərimə tədbirlərinin vaxtının gəlmədiyini bildirib: “Təcrübə göstərir ki, iqtisadi sanksiyalar bu və ya digər halda ilk növbədə sadə belarusları vuracaq. Bundan əlavə, konkret belarus siyasətçilərinə qarşı qəbul olunmuş sanksiyalar müxalifətin rəsmi Minsklə dialoqunun şanslarını azaldır”. Kolesnikova belarusları kimi dəstəkləmələrindən asılı olmayaraq zorakılıqdan imtina etməyə çağırıb. Onun sözlərinə görə, Belarus müxalifəti bir neçə gündür hakimiyyətlə əlaqə saxlamaq istəyir, lakin cavab ala bilmir.

Belarusun “Janna Darkı”: “Milli lider olmağa hazıram” 

Belarus müxalifətinin prezidentliyə vahid namizədi Svetlana Tixanovskaya ölkənin milli lideri olmağa hazır olduğunu söyləyib. Tixanovskaya bu bəyanatı xalqa video-müraciətində səsləndirib. Xanım lider bütün siyasi məhbusları azad etməyə, qanunvericilik bazasını möhkəmləndirməyə, ölkədə yeni prezident seçkilərinin təşkili üçün hər cür şərait yaratmağa hazır olduğunu qeyd edib: “Hamımız 26 il əvvəl atıldığımız bu sonsuz dairədən çıxmaq istəyirik. Ölkənin stabilləşməsi və normal bir ritmə qayıtması üçün bu dövrdə milli lider kimi fəaliyyət göstərməyə, ölkəyə rəhbərlik etməyə hazıram”. 

“Vəziyyət onun xeyrinə olmaya bilər”

Rusiya Federasiya Şurasının üzvü Aleksey Puşkov yerli müxalifət nümayəndələri ilə qarşıdurmada Lukaşenkonun məğlub ola biləcəyini iddia edib. Rusiyalı deputat nümayişlərin davam etdiyi Belarusda media sahəsində ciddi problemlərin yarandığını bildirib: “İnformasiya sahəsi itər-itməz siyasi meydanın itkisi qaçılmaz olacaq”. Onun fikrincə, bugünkü dünya siyasətində əsas döyüşlər informasiya sahəsində gedir. Puşkov qeyd edib ki, davam edən etirazlar fonunda Belarusun dövlət mediası həssas mövzulara toxunmamağa çalışır. 

Razılıq olmasa, İrəvanı ağır dönəm gözləyir - Saqatelyan

Ermənistan prezidentinin keçmiş mətbuat katibi Arman Saqatelyan deyib ki, əgər Qərb Rusiya ilə Lukaşenkodan sonrakı Belarusla bağlı razılığa gəlməsə, o, Rusiya üçün digər regionlarda problemlər yaradacaq: “Bu bizim üçün xüsusilə Türkiyənin son zamanlarda göstərdiyi davranışlar kontekstində böyük risk kəsb edir. Belarusdakı qeyri-stabillik Rusiyadan yeni resurslar istəyəcək. Bu, Moskvanın Cənubi Qafqaza diqqətinin azaldılmasına gətirib çıxara bilər. Belarusdakı qeyri-stabillik həmçinin inteqrasiya strukturlarının işinə neqativ təsir edəcək”. 

Rəsmi London: “Belarus hakimiyyətini məsuliyyətə cəlb etmək üçün çalışacağıq”

Böyük Britaniya Belarusda keçirilmiş prezident seçkilərinin nəticələrini tanımır.
Bu barədə Britaniya Xarici İşlər naziri Dominik Raab bildirib: “Böyük Britaniya seçkilərin nəticələrini qəbul etmir. Biz təcili olaraq seçkilərin ədalətsiz olmasına səbəb olmuş nöqsanlar, habelə repressiyalar barədə ATƏT vasitəsilə müstəqil araşdırmaq aparmalıyıq. Britaniya beynəlxalq tərəfdaşları ilə birlikdə məsuliyyət daşıyanları cəzalandırmaq və Belarus hakimiyyətini məsuliyyətə cəlb etmək üçün çalışacaq”

Lukaşenko getsə, Rusiya bu addımı atacaq – Senator

Belarus prezidenti istefaya getsə, Rusiya ölkədə Ukrayna ssenarisini təkrarlaya bilər. Bu sözləri öz Tvitter səhifəsində ABŞ-ın respublikaçı senatoru Mark Rubio paylaşıb: “Əgər Lukaşenko vəzifəsindən getsə və ya nizamı bərpa edə bilməsə, Rusiyanın hərbi işğal imkanları çox realdır”. 

“Lukaşenko gedəcəyi təqdirdə ən yaxşı halda Belarusu Gürcüstan ssenarisi gözləyəcək”



Belarusdakı böhranlı vəziyyəti “Şərq”ə təhlil edən politoloq Əhəd Məmmədli deyib ki, Lukaşenkonun getməsinə sevinənlər elə zənn edirlər ki, o gedəndən sonra Belarus ağ günə çıxacaq.

Analitik bildirib ki, Lukaşenko sanksiyalı Belarusda zavodlar, fabriklər tikib, kənd təsərrüfatının strukturunu qoruya bilib və inkişaf etdirib:

“Görülən işlər nəticəsində Belarus öz-özünü təmin edib.

İndi həmin zavod, fabriklərin işçiləri onları işlə təmin edən Lukaşenkonu istefaya çağırırlar. Ola bilsin, Lukaşenko getdi, lakin məhz bundan sonra Belarus Rusiyanın satellitinə çevriləcək. Lukaşenko lazım gələndə Kremlə sözünü deyirdi, ancaq gedəcəyi təqdirdə demokratlardan qurulmuş yeni Belarus iqtidarı Moskvanın qarşısında farağatda duracaq.

Lukaşenko gedəcəyi təqdirdə ən yaxşı halda Belarusu Gürcüstan ssenarisi gözləyəcək. Gürcüstanda “rusyönümlü” Şevarnadzeni, qərbyönümlü Saakaşvili əvəzləsə də, onu da yenə rusyönlü Bidzina İvanaşvili əvəzlədi..”.