“Qadınlara qarşı şiddət bitmir ki bitmir!” – Sərt reaksiya !

“Arvadını yandıran ər ən ağır cəzaları almalıdır”

“Maarifləndirmə ilə paralel olaraq qanunda ciddi maddələr olmalıdır”


Ailədaxili münaqişələr zamanı qadınların şiddətə uğraması, döyülüb hətta öldürülməsi hər zaman ciddi narahatlıq doğurub. Təəssüf ki, indiki zamanda da cəmiyyətimizdə belə hallarla qarşılaşırıq. Bu sahədə maarifləndirmə işlərinin aparılmasının vacibliyi daim qeyd olunur. Ailə institutlarının gücləndirilməsi üçün müxtəlif tədbirlər həyata keçirilir. Amma döyülüb öldürülən qadınların sayı bitmək bilmir.

Növbəti bədbəxt hadisə iyunun 9-da Kürdəmirdə baş verib. Əmirova Şura İslam qızı Kürdəmir rayonu, Muğanlı kəndi ərazisində traktorda əri Hüseynov Nurlan Üzeyir oğlu tərəfindən yandırılıb. N.Hüseynov mübahisə zamanı həyat yoldaşının üzərinə benzin töküb.
Ş.Əmirova avqustun 22-də müalicə olunduğu xəstəxanada vəfat edib. N.Hüseynov Cinayət Məcəlləsinin Cinayət Məcəlləsinin 126.3-cü maddəsinə əsasən həbs edilib. 



“Vəfa” Ziyalı Qadınlar İctimai Birliyinin sədri Əsmayə Cavadova “Sherg.az”a açıqlamasında təəssüflə bildirib ki, ölkəmizdə qadınlara qarşı şiddət və zorakılıq bitmək bilmir:

“Bu kimi halların baş verməsi çox üzücüdür. Qadınların şiddətə məruz qalmasına dair hər zaman maarifləndirmə işləri aparılır. Hətta bizim beynəlxalq qadın klubunda da belə hadisələrlə bağlı maarifləndirici tədbirlər təşkil olunur.

Lakin belə hallar yenə davam edir. Qadına qarşı vəhşi əməl törədənlər ən ağır cəzaları almalıdırlar. Maarifləndirmə ilə paralel olaraq qanunda ciddi maddələr olmalıdır”.