İcra başçıları əhalinin güvənini qazanmalıdır

"İndiyə qədər görülməyib ki, hansısa yerli icra hakimiyyəti rayonun büdcəsi, inkişaf proqramları ilə bağlı müzakirələr aparsın"


"Yerli icra hakimiyyət başçılarının özünü necə aparması, biznes fəaliyyətləri hər gün və hər zaman əhalinin gözü qarşısında olur. İcra Hakimiyyətlərinə müraciət edən rayon əhalisi lazımi cavab almadıqca, müvafiq addımlar atılmadıqda, habelə süründürməçilik baş verdikdə əhali arasında onlara qarşı təbii olaraq narazılıq yaranır. Eyni zamanda icra başçılarının əhaliyə qarşı qanuna zidd hərəkətləri, korrupsiyaya geniş qurşanması  narazılığı günü-gündən artırır.  Təbii ki, yaxşı işləyən icra başçıları da var". 

Bu sözləri "Şərq"ə açıqlamasında Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev deyib. Onun sözlərinə görə,  icra başçılarının fəaliyyətinə  yenidən baxmaq lazımdır:


"Son zamanlar əhali arasında icra başçılarının fəaliyyətinin dayandırılması ilə bağlı çağırışlar var. Təbii ki, onların fəaliyyətlərinin dayandırılması ilə bağlı fikirlər səsləndirilə bilər. Azərbaycanda icra hakimiyyətlərinin ləğv olunması qanunvericilik cəhətdən qeyri-mümkündür. Hesab edirəm ki, onların təkmilləşdirilməsinə ehtiyac var.  Prezident Administrasiyası müvafiq xidməti bu işlə məşğuldur. Onlar bu istiqamətdə ciddi təhlillər aparırlar. Yaxın vaxtlarda yerli icra hakimiyyəti institutunda əhəmiyyətli dəyişikliklər baş verməlidir".  

Yerli icra hakimiyyətlərinə verilən səlahiyyətlərin daha da dəqiqləşdirilməsinə ehtiyac olduğunu bildirən Ə.Nuriyev bildirib ki, bəzi səlahiyyətlərin icrası ilə bağlı məsələlərdə müəyyən problemlər var:

"Səlahiyyətlərin əksəriyyəti maliyyə tutumlu səlahiyyətlərdir. Amma maliyyənin  birbaşa yerli icra hakimiyyətlərinə verilməsi ilə bağlı məsələlər əlbəttə ki, öz həllini tapa bilmir. Bu zaman yerli icra hakimiyyətləri müxtəlif manevrlər edirlər.

Onlar sahibkarlardan xarac tutmağa başlayırlar. Bu, müxtəlif adlar altında olur. Bəzən xeyriyyə məqsədləri adı altında olur və sair. Cənab Prezident də bunu qeyd etdi ki, sahibkarlar yalnız könüllü olaraq bu vəsaiti ödəməlidirlər. Yəni, korporativ sosial məsuliyyətlərə əsaslanaraq edə bilərlər. 

Əlbəttə ki, bu işlər təşviq edilməlidir. Amma onlardan məcburən bu və ya digər məhdudiyyətlər yaratmaqla  onlardan vəsait almaq, pullarını ələ keçirmək  və mülkiyyətinə toxunmaq qəti olmaz.  Sahibkarlığa dövlət bütün lazımi olan hər cür şəraiti yaradıb, eyni zamanda onlara müqavilələr  verilib. Onların vəzifəli şəxslər tərəfindən pozulması yolverilməzdir.

İqtisadiyyat Nazirliyində sahibkarlığın inkişafı ilə bağlı genişmiqyaslı  işlər gedir, amma ümumilikdə yerlərdə onlara qarşı münasibət dəyişməlidir. Onda doğrudan da sahibkarlar rayonların inkişafına fəal  iştirak etməyə hazır olacaqlar". 

Sahibkarların işinin müəyyən regionlara, dairələrə, istiqamətlərə investisiya gətirmək olduğunu diqqətə çatdıran ekspert bildirib ki, bunun nəticəsində yeni iş yerləri açılacaq və bu da insanların məşğulluq problemlərinə kömək edəcək: "Gəlirlərin artırılmasına vergi ödənişlərinin daha yaxşı ödənişinə gətirib çıxaracaq.

Ona görə də hesab edirəm ki, yerli icra hakimiyyətləri  sahibkarlarla daha yaxşı münasibət yaratmalıdırlar. Hazırda yerli icra hakimiyyətləri  bütövlükdə regionların, rayonların inkişaf proqramları ilə bağlı məsələlərdə zəiflik nümayiş etdirirlər. Həmçinin onlar vaxtında smeta, maliyyə, büdcə sənədləri tərtib etməkdə çətinlik yaradırlar.

Yerli sakinlərlə, sahibkarlarla  bu məsələləri müzakirə etmirlər. İndiyə qədər görülməyib ki, hansısa yerli icra hakimiyyəti rayonun büdcəsi, inkişaf proqramları  ilə bağlı müzakirələr aparsın. Onlar yalnız yuxarı strukturlarla aparırlar. Bu təbii ki, olmalıdır. Amma eyni zamanda bu ehtiyaclar kimə yönəlir? Bu əhalinin ehtiyaclarının ödənilməsi ilə bağlıdır.

Ancaq müzakirələr yerli əhalinin müxtəlif seqmentləri ilə də aparılmalıdr. Buna da görə də, yeni strategiyanın yaranmasına, yerli icra hakimiyyətlərinin fəaliyyətinin yenidən tənzimlənməsinə geniş ehtiyac var. Bütün bunların həyata keçirilməsi əhali də onlara olan güvəni yenidən artıra bilər".