Lukaşenko uzun müddət dözə bilməyəcək

Müxalifət gözləyir ki, ordu və polis onların tərəfinə keçəcək

Belarusda keçirilən prezident seçkilərində Aleksandr Lukaşenkonun əsas rəqibi Svtelana Tixanovskaya tərəfdarlarının sona qədər gedəcəyini deyib. Müxalifətin lideri vurğulayıb ki, etirazların tempi ara-sıra azalsa da, xalq mitinqlərdən vaz keçməyəcək. Tixanovskayanın fikrincə, insanlar artıq keçmiş prezidenti qəbul etməyə hazır deyillər, onların inamı itib.

Onun sözlərinə görə, etirazlar dinc şəkildə davam edəcək: “Belaruslar dinc xalqdır və heç bir halda bu xətti keçməyəcəyik. İnsanlar bir şey istəyirlər: - Lukaşenkonun getməsini. Buna dinc nümayişlər və tətillərlə nail olacağıq”.

Prezident Aleksandr Lukaşenko isə ölkədə vəziyyətin sabitləşdiyini deyib. Ölkə başçısı hesab edir ki, artıq etirazlar sona çatıb və iqtisadiyyatla məşğul olmağın vaxtıdır. Lukaşenko Belarusda insanların fikirlərinə görə təzyiqə məruz qalmayacağını bildirib.

Bu arada Belarus və Rusiya xarici işlər nazirləri arasında telefon danışığı olub. Minsk təmsilçisi Belarusdakı vəziyyətlə bağlı qarşı tərəfi məlumatlandırıb. Nazirlər daxili siyasi proseslərə xarici müdaxilənin yolverilməzliyini təsdiqləyiblər. 

Ötən gün Rusiyanın Belarusa hərbi birlik göndərdiyi də məlum olub. Ancaq söz verilib ki, ölkədə vəziyyət kontroldan çıxmayınca, hərbi gücdən istifadə edilməyəcək. Məsələ ondadır ki, Belarus Prezidenti A.Lukaşenko sadəcə daxildə deyil, xarici münasibətlərdə də problemlərlə üzləşib. Buna səbəb prezidentin müxtəlif səbəblərlə xarici dövlətləri ittiham etməsidir. Bir neçə gün öncə Lukaşenko Polşanı Belarusun Qrodno vilayətini ilhaq etmək planında suçlayıb. Polşa tərəfinin cavabı gecikməyib. Rəsmi Varşava bu cür ittihamlarından təəccübləndiyini və məyus olduğunu açıqlayıb. Lukaşenkonun addımlarından dolayı Ukrayna da Belarusla münasibətləri dondurub. Kiyev Avropa İttifaqı çərçivəsində Minksə qarşı sanksiyalarda iştirak edəcəyini açıqlayıb. 

Səngimək bilməyən və əksinə, gərginləşən prosesləri “Şərq”ə təhlil edən politoloq İlqar Vəlizadə bildirib ki, bənzər hadisələr sadəcə Belarusda deyil, digər ölkələrdə də zamanla baş verib. Siyasi şərhçinin fikrincə, hansı ölkədə daxili zəmində gərginlik uzun müddət davam edirsə, proseslər getdikcə mürəkkəbləşir:

“Liviya, Suriya və Ukraynanın timsalında bunu müşahidə etmişik. Belarusdakı daxili qarşıdurma qısa müddətdə həll edilmiş olsaydı, fəsadları tez zamanda aradan qalxardı.

Etirazlar uzandıqca, xarici faktorlar da araya girir, ölkə müxalifəti xaricdən dəstək almağa meyillənir. Nəticədə qarşıdurma “bəhrəsini” verir və lokal səviyyədən çıxır. Belə vəziyyətdə xarici dairələr öz maraqlarını təmin etmək uğrunda mübarizəyə başlayır. Yerli hakimiyyət isə xarici müstəvidə mövqeyini itirməyə, lazımsız beynəlxalq qarşıdurmalara girməyə başlayır.

Fikrimcə, bu cür gedişlə Aleksandr Lukaşenko uzun müddət dayana bilməyəcək. Belarus ətrafında beynəlxalq vəziyyət mürəkkəbləşəcək və qonşu dövlətlər Minskdən üz döndərəcək.

Bütün hallarda Lukaşenko çıxılmaz vəziyyətə düşəcək. Hazırda prezident etirazları sonlandırmaq barədə düşünür və güc tətbiq edəcəyini söyləməkdən çəkinmir. Daha sərt davranışların elementlərini görürük”. 

Analitik vurğulayıb ki, müxalifət hakimiyyəti dinc yolla ələ keçirmək istəyir:

“Müxalif lider Svetlana Tixanovskaya və ətrafı gözləyirlər ki, polis və ordu etirazçıların tərəfinə keçsin. Ancaq indiyə kimi heç bir qüvvə bu yolla hakimiyyəti devirməyib. Bəlkə də müxalif liderin belarusluların xarakterinə bələd olduğu üçün belə bir gözləntisi var.

Hələlik polis və ordu neytrallığını qoruyub saxlamağa çalışır, müdaxilə etmir. Ancaq müxalifət liderinin qərarının uğurlu olub-olmayacağını zaman göstərəcək”.