“Nezavisimaya qazeta” düşmən dəyirmanına su tökür

Azərbaycanın Müdafiə Nazirliyi nəşrə tövsiyə edib ki, diqqəti Ermənistanda ictimai müzakirəyə çıxarılan “Müdafiə haqqında” qanuna yönəltsin

"Azərbaycanın haqq davasına kölgə salmağa heç bir dövlətin ixtiyarı yoxdur"

Rusiyanın “Nezavisimaya qazeta” nəşrinin sentyabrın 1-nə olan elektron versiyasında “Azərbaycandakı suriyalı döyüşçülər Ermənistana qarşı müharibəyə hazırlaşır” adlı həqiqətə uğun olmayan uydurma və qərəzli məqalə dərc olunub. Yazı müəllifi Vladimir Muxin heç bir etibarlı mənbəyə istinad etmədən, əsaslı faktlar gətirmədən, guya, Naxçıvanda döyüş təyyarələri ilə gücləndirilmiş Türkiyənin hərbi bazasının olması, Azərbaycana 500 nəfərə yaxın türkmən əsilli suriyalı döyüşçünün gətirilməsi barədə “faktları” oxuculara təqdim edib.

Şübhə yox ki, məqalədə yer alan əsassız iddialar, xüsusilə Azərbaycana Suriyadan döyüşçülərin gətirilməsi barədə xəbər açıq-aydın dezinformasiyadır və heç bir halda reallığı əks etdirmir.

Rus nəşrinin qərəzli məqaləsinə Azərbaycan Müdafiə Nazirliyi də reaksiya verib. Nazirlikdən bildirilib ki, məqalənin sifarişli olduğu aydın sezilir, yazılanlar düşünülmüş və böhtan xarakteri daşıyır: “Azərbaycan ərazisində hər hansı xarici ölkənin hərbi bazası, heç bir qeyri-qanuni silahlı birləşmə yoxdur. Azərbaycan Ordusunun şəxsi heyətinin peşəkarlığı və döyüş təcrübəsi tapşırıqları qısa zamanda yerinə yetirməyə kifayət edir.

Bunu Azərbaycan Ordusu 2016-cı ilin aprel döyüşlərində, 2018-ci ildə Naxçıvan və 2020-ci ildə Tovuz istiqamətində həyata keçirilən əməliyyatlarda nümayiş etdirib”. Nazirlik “Nezavisimaya qazeta”ya tövsiyə edib ki, diqqəti Ermənistanda ictimai müzakirəyə çıxarılan “Müdafiə haqqında” qanuna yönəltsin.

Çünki bu qanun səfərbərlik ehtiyatları problemi ilə üzləşən Ermənistana 70 yaşadək ahıl insanları belə silahlandırımağa imkan verir. Qanun qüvvəyə mindikdən sonra Ermənistan könüllülük adı altında Yaxın Şərqin qaynar nöqtələrindən, xüsusilə Suriya və Livandan gətirilən muzdlu döyüşçülər və terrorçularla öz ordusunun komplektləşdirilməsi məsələsini qanuniləşdirmiş olacaq. 

Uydurma məlumatları “Şərq”ə dəyərləndirən Jurnalist Araşdırmalar Mərkəzinin rəhbəri, “yenisabah.az” saytının baş redaktoru Seymur Verdizadə deyib ki, Rusiya mətbuatı Azərbaycana qarşı həmişə qərəzli olub. JAM sədrinin fikrincə, əslində rus mətbuatı Kremlin mövqeyini ifadə edib:

“Biz bu qərəzi, ikili satandartları rəsmi Moskvanın siyasətində aşkar müşahidə etmişik. Rusiyada “erməni sevgisi” bitib-tükənməzdir. Ermənilər İrəvanda rusları təhqir edəndə, rus dilini sıxışdıranda, rusdilli məktəbləri bağlayanda da bu “sevgi” azalmadı.

Təəssüf ki, ənənəvi siyasət bu gün də davam edir. Ruslar yenə Qafqazın ən satqın xalqının təəssübkeşi rolunda çıxış edirlər. Rusiyanın tanınmış ziyalıları, insan hüquqlarının müdafiəsi ilə məşğul olan şəxslər bu siyasətə etiraz bildirməlidir.

Rusiya KİV-lərində erməni əsilli jurnalistlər çoxdur. Onlar çox vaxt peşəkarlığı arxa plana keçirirlər. Bu isə Azərbaycana qarşı qərəzli yazıların tirajlanmasına səbəb olur.

Hesab edirəm ki, Azərbaycan cəmiyyətinin və mətbuatının reaksiyası adekvat olmalıdır. Rusiyada səfirliyimiz “Nezavisimaya qazeta” nəşrinin redaksiyasından təkzib tələb etməlidir.

Orada yaşayan soydaşlarımız etiraz səslərini ucaltmalıdırlar. Ortada kifayət qədər ciddi ittiham var. Azərbaycanın haqq davasına kölgə salmağa heç bir dövlətin ixtiyarı yoxdur”.