“Qaydalara daha ciddi riayət edilməlidir”

“Nə qədər məsuliyyətli olsaq, koronavirusla mübarizə o qədər effektiv olacaq”

Ölkəmizdə kafe və restoranların fəaliyyətinin bərpası, yeni tədris ilinin başlanması, rayonlara gediş-gəlişə icazə verilməsi indi ən çox müzakirə predmetinə çevrilən məqamlardandır. Payız aylarında pandemiyanın ikinci dalğasının başlana biləcəyinə dair  bəzi xəbərdarlıqlar da mövcuddur.  İkinci dalğa barədə söhbətlər tək Azərbaycanda deyil, bütün dünyada gedir. Ümumdünya Səhiyyə Təşkilatının(ÜST) mətbuat katibi Marqaret Harris olduqca maraqlı açıqlamalar verib. Onun sözlərinə görə, təəssüf ki, ötən həftədən bəri koronavirus infeksiyası ilə əlaqədar uğursuz dinamika müşahidə olunur. ÜST rəsmisi koronavirusun ikinci dalğası ilə bağlı dünya ölkələrinə xəbərdarlıq edib. 

Ən başçlıca vəzifə koronavirusun yayılmasına, yeni yoluxma nöqtələrinin yaranmasına imkan verməməkdir. Lakin bəzi vətəndaşların mövcud təhlükəni aydın təsəvvür edə bilməməsi, özünün və ailəsinin sağlamlığına laqeyd münasibətini görürük. Bu, yolverilməz haldır.  



Millət vəkili Emin Hacıyev “Sherg.az”a bildirib ki, hazırda pandemiya dövrünün yumşalmalar mərhələsini yaşayırıq. 
Deputat bildirib ki, istər müəyyən qaydalar çərçivəsində təhsilin başlanması, istərsə də iaşə obyektlərinin daxilində xidmətə icazə verilməsi, qaydalara daha ciddi riayət olunmasını qaçılmaz edir. Parlament üzvü vurğulayıb ki, infeksiyanın yayılmasının qarşısının alınması hər bir vətəndaşın məsuliyyətindən asılı olacaq:

“Sosial məsafənin qorunması, maskadan istifadə, təmaslardan qaçmaq, bir yerə toplaşarkən icazə verilən say həddini keçməmək kimi sadə qaydalarla müəyyən olunmalıdır. Pandemiya başlayan dövrdən bu günədək verilən qərarlar, atılan addımlar öz səmərəsini verib.

Həm yeni müalicə müəssisələrinin qurulması, həm karantin rejiminin yavaş-yavaş yumşaldılması, dövlətimizin gördüyü bütün ehtiyat tədbirləri öz müsbət nəticəsini verir. Məhz doğru əks-epidemik tədbirlərin görülməsinin nəticəsidir ki, xəstələrin sayı xeyli azalıb”.

Deputat qeyd edib ki, yaşadığımız çətin dövrdə dövlətin diqqət və qayğısını hər kəs, xüsusilə sosial cəhətdən həssas qruplar daha dərindən hiss etdi:

“Yumşalma qərarı o demək deyil ki, pandemiya bitir. Yəqin ki, monitorinqlər də daha sistemli və qaçılmaz olacaq. Məsuliyyətimiz sağlamlığımızdır. Nə qədər məsuliyyətli olsaq, koronavirusla mübarizə o qədər effektiv olacaq”.