"Belarusun siyasi vəziyyəti çox mürəkkəbdir"

"Bu ölkədə cərəyan edən siyasi hadisələr Qərblə Rusiya arasında nüfuz savaşıdır"

"Belarusda çevriliş baş tutsa, növbəti inqilab Rusiyada olacaq"

“Belarus çöksə, növbədə Rusiya olacaq”. Bu sözləri Belarus Prezidenti Aleksandr Lukaşenko deyib. O, rusiyalı jurnalistlərə müraciət edərək, müəyyən siyasi hadisələr baxımından arxayınlaşmamağa çağırıb: “Bizim Rusiya rəhbərliyi ilə hansı vəziyyətə gəldiyimizi bilirsinizmi? Əgər Belarus çökərsə, növbədə Rusiya olacaq”. Lukaşenko etirazlarla bağlı yaranmış gərgin situasiyaya xüsusi diqqət çəkib: “Əgər düşünürsünüzsə ki, varlı Rusiya bununla bacaracaq, o zaman yanılırsınız.

Çox prezidentlərlə, böyük qardaşım Putinlə danışmışam. Ona xəbərdarlıq etmişəm”. Bu arada Belarus müxalifətinin Koordinasiya Şurasının üzvü Mariya Kolesnikova həbs olunub. Bu barədə onun atası Aleksandr Kolesnikov məlumat verib. A.Kolesnikov deyib ki, baş İstintaq Komitəsinin istintaq qrupunun sədri Vasilyuk ona zəng edərək qızının həbs olunduğunu deyib. Onun sözlərinə görə, müxalifət lideri Minskin Volodarsk küçəsində yerləşən 1 nömrəli istintaq təcridxanasında saxlanılır. 

Lukaşenkonun üstüörtülü mesajını və Belarusda baş verənləri “Şərq”ə təhlil edən politoloq Məhəmməd Əsədullazadə bildirib ki, bu ölkədə cərəyan edən siyasi hadisələr Qərblə Rusiya arasında nüfuz savaşıdır. Analitik vurğulayıb ki, xalqın Lukaşenkoya qarşı etirazları və narazılığı prosesdə mühüm faktordur:

“Rusiyanın dəstəyi ilə Lukaşenko hazırda öz postundadır. Amma Qərbin ciddi təzyiqləri var. Avropa İttifaqı Lukaşenkoya sanksiyalar tətbiq etməsə də, onun hakimiyyətdən getməsinə çalışır, etirazlara dəstək verir. Lakin Lukaşenko onda haqlıdır ki, Belarusda çevriliş baş tutsa, növbəti inqilab Rusiyada olacaq. Ruslar etirazlardan ruhlanıb hakimiyyətə qarşı daha genişmiqyaslı mitinqlər təşkil edə bilərlər. Məhz bu məqama diqqət yönəldən Lukaşenko Putinin daha kəskin və konkret reaksiya verməsini, Belarus hökumətinin müdafiəsinə qalxmasını istəyir. Kremli daha sərt mövqe tutmağa çağırır. İndiki situsiyada Belarusun siyasi vəziyyəti çox mürəkkəbdir. Lukaşenko siyasi islahatlara və güzəştlərə getməsə, ölkədə siyasi böhran dərinləşəcək. Lakin Rusiya heç vaxt Belarusu Qərbə güzəştə getməyəcək”.