Xaricə çıxmaq üçün pəncərə açılır

Türkiyə ilə ortaq media platformasının yaradılması bizə hava-su kimi lazımdır

“Türkiyə-Azərbaycan arasında ortaq media platformasının yaradılması nəinki iki qardaş ölkə, ümumiyyətlə, türk dünyası üçün vacibdir”. Bu sözləri “Şərq”ə açıqlamasında millət vəkili Müşfiq Cəfərov deyib. Deputat bildirib ki, hər sahədə bir-birini dəstəkləyən iki dövlətin media maraqları da eynidir:

“Uzun illərdir müzakirə olunan məsələ müasir dövrün əsas tələbinə çevrilib. Cəbhədəki savaşlarda necə bir-birimizi dəstəkləyiriksə, telekommunikasiya dövrünün yeni metodu olan informasiya müharibəsində də bir-birimizə dayaq olmağımız vacibdir.



Bu sahədə əməli mövqe ortaya qoyulması alqışlanmalıdır. İstərdim ki, Azərbaycan KİV-i Türkiyənin təcrübəsindən yararlansın, qarşılıqlı təcrübə mübadiləsi aparılsın. Mediamızda son illərdəki irəliləyişlər danılmazdır. Lakin yenə də boşluqlar var.

Xüsusilə 2016 və 2020-ci il Ermənistanın cəbhə və informasiya sahəsində törətdiyi təxribatlar bu boşluqları daha da qabartdı. Hər iki dövrdə xarici medianı izləyən biri kimi deyə bilərəm ki, bu sahədə ciddi qüsurlara yol verdik. Əlbəttə, bu sırf medianın deyil, cəmiyyət olaraq hər birimizin yaratdığı problemdir”. 

Parlament üzvü vurğulayıb ki, ümumi türk dünyasının ortaq media platformaları yaradılmalı, vahid media siyasəti yürüdülməlidir: “Xaricə səsimizi eşitdirmək zəruri məsələdir. MDB məkanında fəaliyyət göstərən mətbuat şuralarının vahid informasiya portalının yaradılması barədə qərarın qəbulunda Azərbaycan tərəfi əsas təşəbbüskarlardan biri olub.

Türk ölkələri üçün belə bir addım atılmalıdır. Müasir dövrün üstün texnoloji imkanlarından maksimum yararlanaraq, işğalçı dövləti dünya ictimaiyyətində tanıtmaq, ifşa etmək istiqamətində əlimizdən gələni etməliyik”.