Şoyqunun təşvişi başadüşüləndir

ABŞ Rusiyaya tərəf hər cəbhədə hücuma keçib

Belarusda sürətlə inkişaf edən hadisələr, NATO üzvləri olan Polşa və Baltikyanı ölkələrin buradakı iştirakı Rusiya rəhbərliyinin diqqət mərkəzindədir. Minsk hadisələri fonunda Rusiya müdafiə naziri Sergey Şoyqunun Şimali Atlantik Alyansın ölkə sərhədləri boyunca artan hərbi fəaliyyətinə diqqət çəkməsi də təsadüfi deyil. Bu iddia “Mk.ru”da yayımlanan analitik məqalədə öz əksini tapıb. Məqalədə qeyd edilib ki, NATO-nun yeni hibrid strategiyası Baltik dənizindən Kiçik Qafqaz dağlarına qədər olan ərazilərdə vəziyyəti gərgin saxlamaqla, Rusiyanı yeni münaqişələrə cəlb etməkdən ibarətdir:

“Bölgədə baş verəcək yeni münaqişələr isə Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyə imkan yaradacaq. NATO-nun planlarına əsasən, Moskvaya qarşı yeridiləcək yeni məhdudiyyətlər paralel olaraq Rusiyanın post-sovet ölkələrindəki təsirini azaltmağa yardımçı olacaq”.






Nəşrin iddialarını “Şərq”ə dəyərləndirən politoloq Əhəd Məmmədli bildirib ki, son zamanlar Amerika Rusiyaya tərəf hər cəbhədə hücuma keçib. Siyasi şərhçinin sözlərinə görə, Gürcüstanda NATO ölkələrinin hərbi təlim keçirməsi, ABŞ tanklarının küçələrdə şütüməsi Moskva üçün ciddi təhdidlər idi:

“Qərbin bölgəyə istənilən formada nüfuz etməsi Rusiyanın Cənubi Qafqazdakı maraqlarına zərbədir. Baltikyanı ölkələrdə Amerikanın öz kontingentini gücləndirməsi, sualtı gəmilərini Norveç yaxınlığında Rusiya ilə sərhədə çıxarması, Türkiyənin Azərbaycanda hərbi sahədə mövcudluğu Kremli narahat edən amillərdir. Bunların hamısı Rusiyanın mövqelərinə hücumlardır və müdafiə naziri Sergey Şoyqunun təşvişi başadüşüləndir”. 

Analitik Belarus üzərindəki siyasi oyunlara da münasibət bildirib:

“Litva Belarus müxalifətinin xanım lideri Tixanovskayanı “prezident” kimi tanıyıb. Amma bunun elə də əhəmiyyəti yoxdur. Xatırlayırsızsa, ABŞ başda olmaqla bütün Qərb ölkələri Venesuelada qanuni prezident Maduronun müxalif rəqibi Quaydonu rəsmən tanımışdı. Nə oldu? Hardadır “prezident” Quaydo? Belarusla bağlı belə addımlar müsbət nəticə verməyəcək. Əksinə, Qərb ölkələri bu cür yanaşma ilə prezident Aleksandr Lukaşenkonu Moskvaya tərəf daha çox itələyir. Əgər seçkidən öncə Lukaşenko Rusiya əleyhinə fikirlər söyləyir.

Moskvadan uzaqlaşma siyasəti güdürdüsə, seçkidən sonra tamamilə Kremlin nəzarətinə keçdi. Ölkə müxalifəti Rusiyanın əlinə oynamış oldu. Hazırda Belarusda qalib tərəf yoxdur, xalq da, müxalifət də, prezident Lukaşenko da qazanclı sayılmır. Seçkinin yeganə qalibi Rusiya oldu. Bunu təəssüflə qeyd etməliyik”.