“AMEA ləğv edilsin, elm universitetlərə qaytarılsın” - Təklif dartışılır ! – ÜZ-ÜZƏ

İsa Həbibbəyli:“AMEA Azərbaycan xalqının milli sərvətidir”

Natiq Cəfərli: “Elm ali məktəblərə qaytarılmalı, bu gənc alimlərin inkişafına töhfə verilməlidir”

“Həm də elmin istehsalatla əlaqəsi təmin olunar”



Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) ləğvi məsələsi yenidən gündəmə gəlib. Keçmiş millət vəkili, iqtisadçı-ekspert Nazim Bəydəmirli bu barədə müsahibəsində deyib: “ Düşünürəm ki, AMEA ləğv edilməli və onun tərkibindəki institutlar müvafiq ali məktəblərə birləşdirilməlidir. Elmlə məşğul olan alimlər universitetlərə cəlb edilməlidirlər. Bu, təhsil və elmin birlikdə idarə olunması deməkdir. Beləliklə, həm idarəetmə xərcləri azalacaq, həm də təhsilin keyfiyyəti artacaq. Eyni zamanda özəl universitetlərdə rəqabət yaradılmalıdır”. Təklifə münasibət isə birmənalı deyil. 

Təklifə münasibət bildirən akademik İsa Həbibbəyli “Sherg.az”a açıqlamasında bunun doğru olmadığını vurğulayıb:

 “Sözügedən məsələ barədə çox danışmışıq. AMEA Azərbaycan xalqının milli sərvətidir. Onu qoruyub saxlamaq və inkişaf etdirmək lazımdır. Cənab Prezident İlham Əliyevin apardığı islahatlar nəticəsində akademiya günü-gündən inkişaf edir, təkmilləşir”. 

İqtisadçı-ekspert Natiq Cəfərli isə sözügedən təklifi müsbət qarşılayıb:

“Hələ yeddi il əvvəl elan etdiyimiz proqram sənədində elmin universitetlərə geri qaytarılması məsələsini qaldırmışdıq. Həmin məqam bu gün də aktualdır. AMEA belə demək mümkünsə, sovetlərin icadı idi. Məqsəd isə elmə, elm adamlarına nəzarət olub. Amma indi dövr dəyişib. Dünya təcrübəsində də görürürk ki, elm universitetlərin tərkibində olanda daha yaxşı nəticə əldə edilir”. 

N.Cəfərli akademiyanın ləğvinin səmərə verəcəyini düşünür:

“Bu, həm də o deməkdir ki, elmi araşdırmalar vasitəsilə ali məktəblər qazanc əldə edə bilər. Kəşfləri patentləşdirib satmaq universitetlərə böyük gəlir gətirər. Onsuz da biz indiyədək AMEA-nın heç bir kəşfini görməmişik. Ona görə ayrıca qurum kimi qalması əhəmiyyətsizdir. Alimlərin toplaşması, müzakirələri üçün dövlətdən maliyyələşməyən, ayrıca QHT-lər yaradıla bilər. Dediyim təcrübə Qərbdə var. Fəqət təkrarlayıram ki, elm ali məktəblərə qaytarılmalı, beləliklə, gənc alimlərin inkişafına töhfə verilməlidir. Həm də elmin istehsalatla əlaqəsi təmin olunar. Təəssüf ki, biz də elmlə istehsalat, təhsil arasında bağ qopub. Ancaq bərpası şərtdir”.