Türkiyə ilə viza rejiminin tam ləğvi zərurətdir:“Yeni imkanlar yaranar”

Azərbaycanla Türkiyə arasındakı viza rejimi tam aradan qalxa bilər. Bu barədə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirib.
Parlament üzvü komitənin iclasında qeyd edib ki, Azərbaycan-Türkiyə münasibətlərinin daha da dərinləşməsi viza rejiminin tam aradan qalxması üçün zəmin ola bilər. 



Baş verənləri “Sherg.az”a dəyərləndirən Dövlət Miqrasiya Xidməti (DMX) yanında İctimai Şuranın sədri Azər Allahverənov söyləyib ki, Azərbaycanla Türkiyə arasında artıq vizasız gediş-gəliş rejimi mövcuddur. 

Şura sədri vurğulayıb ki, bir neçə ay bundan qabaq Azərbaycanla Türkiyə arasında qarşılıqlı olaraq viza rejiminin ləğvi haqqında saziş imzalanıb. Bu saziş artıq qüvvəyə minib:

“Yəni hər iki ölkənin vətəndaşları 90 gün ərzində səfər etmək hüququnu qazanmış olur. Türk ya da Azərbaycan vətəndaşları 90 gündən sonra ya ölkəni tərk etməli, ya da ölkədə qalmaq üçün müvafiq qaydada müraciət etməlidir. Türkiyə vətəndaşları ölkəmizdə müvəqqəti yaşamaq icazəsi üçün DMX-nə müraciət edir.

Həmçinin Azərbaycan vətəndaşları da Türkiyədə olarkən oturum izni üçün müraciət edirlər. Hər iki halda əsaslar olmalıdır. Bu əsaslar yetərli olduğu üçün aidiyyəti sturukturlar müraciət edənləri icazə ilə təmin edir”.

A.Allahverənov bildirib ki, viza rejiminin tam aradan qaldırılması 90 gündən sonra həmin şəxsin ölkədə qalmaq imkanının qanunvericiliklə müəyyən edilməsi deməkdir. Yəni ya türk, ya da azərbaycanlılar heç yerə müraciət etmədən ölkədə qala biləcəklər:

“Şübhəsiz ki, bu, hər iki ölkə vətəndaşlarının maraqlarına cavab verən hal ola bilər. Çünki yaşama icazəsi üçün müraciət müəyyən prosedur qaydalarından keçməni tələb edir. Eyni zamanda xərclərin olması deməkdir.

Ölkə ərazisini tərk etdikdə, giriş-çıxış sistemində qeydiyyata düşdükdə də əlavə xərclər olur. Ən azından bu tələbin aradan götürülməsi hər iki ölkə vətəndaşlarını artıq xərclərdən azad edir. Fikrimcə, məsələnin üzərində müvafiq qaydada çalışmalar aparılmalıdır”.

Ekspertin qənaətincə, iki ölkə arasında viza rejiminin tam olaraq ləğvi strateji tərəfdaşlıq baxımından da müsbət hal hesab olunur:

“Bu qərarın həm də siyasi aspektləri var. Həmin askpetlər iki dövlət arasında qardaşlıq münasibətlərinin tamamilə yeni müstəvidə qurulmasından xəbər verir. Viza rejiminin tam ləğvi istər iqtisadi, istər siyasi, istərsə də mədəniyyətlərarası dialoq nöqteyi nəzərdən müsbət haldır.

Düşünürəm ki, vizanın tam ləğvi üzərində vaxt itirmədən işləmək lazımdır. Çünki belə qərarların yerinə yetirilməsi müəyyən vaxt tələb edir. Bu gündən etibarən hər iki dövlətin müvafiq işçi qrupu işə başlamalı, danışıqlar aparılmalıdır”.

Şura sədri Azərbaycan vətəndaşlarının Türkiyədə və türk vətəndaşlarının Azərbaycanda əmək fəaliyyəti ilə məşğul olduğunu diqqətə çatdırıb:

“Hesab edirəm ki, viza rejimi aradan tam qaldırılarsa, əmək fəaliyyəti ilə məşğul olan insanlar üçün də əlavə imkanlar yaranar. Hər iki vətəndaşlara daha rahat sistemin qurulmasından söhbət gedir. Fikrimcə, bu sistemin qurulması indiki mərhələdə viza rejiminin tam ləğvi ilə bağlı paralel işlərin görülməsini tələb edən bir haldır”.