Planın arxasında bir neçə məqsəd dayanır

Qarabağda qeyri-qanuni məskunlaşmanın qarşısı bütün vasitələrlə alınmalıdır

Son günlər sosial şəbəkələrdə təcavüzkar ölkə Ermənistan tərəfindən Dağlıq Qarabağ bölgəsi və ətraf rayonlarında qeyri-qanuni məskunlaşdırma siyasətinin davam etdirildiyini nümayiş etdirən video-görüntülər yayılıb. Livanın Beyrut şəhərində baş verən partlayışdan sonra bu ölkədəki faciədən öz mənfur məqsədləri üçün istifadə edən işğalçı Ermənistan erməniləri Dağlıq Qarabağ və ətraf bölgələrə köçürmək planlarını reallaşdırmağa başlayıb. Məsələyə Azərbaycan Xarici İşlər Nazirliyi də reaksiya verib.

Nazirliyin mətbuat xidmətindən bildirilib ki, bu qanunsuz fəaliyyət işğalçı Ermənistan tərəfindən beynəlxalq hüququn norma və prinsiplərinin kobudcasına pozulmasıdır. XİN vurğulayıb ki, qanunsuz məskunlaşdırma siyasətini həyata keçirən Ermənistanın məqsədi isə aydındır. Təcavüzkar ölkə bu yolla işğal etdiyi ərazilərdə həyata keçirilən etnik təmizləmənin nəticələrini, işğala əsaslanan status-kvo vəziyyətini möhkəmləndirməyə çalışır:

“Bölgə ilə hər hansı əlaqəsi olmayan etnik erməniləri Azərbaycanın hazırda işğal altında olan torpaqlarına qanunsuz şəkildə köçürməklə burada ermənilərin sayını süni şəkildə artırmağa çalışan işğalçı Ermənistan 30 ilə yaxındır ki, Dağlıq Qarabağ və ətraf bölgələrdən zorla didərgin salınan azərbaycanlı məcburi köçkünlərin öz evlərinə, mülklərinə geri qayıtmasına əngəl törədir.

Bölgədə gərginliyi alovlanıdrmaq məqsədini güdən və öz təxribatçı əməlləri və bəyanatları ilə son zamanlar bunu açıq şəkildə nümayiş etdirən Ermənistan rəhbərliyi həyata keçirdiyi bu ilhaqçı siyasəti ilə münaqişənin danışıqlar masası arxasında həllinə zərbə vurur. Azərbaycan XİN-i Ermənistan tərəfindən həyata keçirilən qeyri-qanuni məskunlaşdırma siyasəti, konkret olaraq Livandan etnik ermənilərin Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf rayonlarına köçürülməsi ilə bağlı ciddi etirazını ATƏT-in Minsk Qrupunun həmsədrləri qarşısında və müvafiq beynəlxalq təşkilatlar çərçivəsində qaldırıb. İşğal edilmiş ərazilərimizdə həyata keçirilən qeyri-qanuni fəaliyyətə dair beynəlxalq ictimaiyyət mütəmadi məlumatlandırılacaq. Bu qanunsuz təcrübəyə son qoyulması istiqamətində beynəlxalq təşkilatlar çərçivəsində səylərimiz davam etdiriləcək”. 

Ermənilərin Qarabağa köçürülməsi ilə bağlı fikirlərini “Şərq”ə bölüşən Milli Həmrəylik Partiyasının (MHP) sədri, keçmiş döyüşçü Əlisahib Hüseynov deyib ki, İrəvan hökumətinin Livan ermənilərini Azərbaycanın işğal olunmuş torpaqlarında məskunlaşdırmaq cəhdi düşmən ölkənin yeni planlarından xəbər verir. Partiya rəsmisinin sözlərinə görə, məsələ sadəcə işğal olunmuş ərazilərdə demoqrafik boşluğu aradan qaldırmaq məsələsi deyil. Bu planın arxasında eyni vaxtda bir neçə məqsədə nail olunması nəzərdə tutulur:

“Paşinyan iqtidarı etnik tərkib baxımından Dağlıq Qarabağı büsbütün erməniləşdirməyi planlaşdırır. Bölgənin əhalisinin yalnız ermənilərdən ibarət olması münaqişənin həlli üzrə danışıqlarda Azərbaycan üçün ciddi problemlər yarada bilər. Məqsəd Azərbaycanı fakt qarşısında qoymaqdır. Yəni düşmənimiz əhalisi tamamilə ermənilərdən formalaşmış bir bölgənin Azərbaycanın tərkibində qalmaq istəməməsi faktından bəhanə kimi istifadə edə bilər.

Üstəgəl, Ermənistan hökuməti məskunlaşdırma "çətir"i altında əraziyə təkcə mülki erməniləri deyil, həm də potensial terroristləri, muzdlu qatilləri toplayır. Bu isə düşmənə Qarabağda real hərbi əməliyyatların başlayacağı təqdirdə əlavə döyüş qüvvəsi kimi, insan resursu kimi lazımdır. Müxtəlif konflikt zonalarında, eləcə də Livan, Fələstin, Suriya terror-təlim düşərgələrində təcrübə toplamış bu muzdlular İkinci Qarabağ müharibəsində ordumuza ciddi problemlər yarada bilər”.

Analitik qeyd edib ki, Ermənistanın işğal altındakı Dağlıq Qarabağda həyata keçirdiyi qanunsuz məskunlaşdırma siyasətinin qarşısını almaq üçün BMT və ATƏT kimi mötəbər beynəlxalq təşkilatlar da məsələyə təcili münasibət bildirməlidir:

“İrəvanı və Dağlıq Qarabağdakı xunta rejimini bu cür təxribatçı hərəkətlərə dərhal son qoymağa məcbur etməlidir. Əks təqdirdə, ermənilər bəyanatla geri çəkiləsi deyillər. Ermənistanın hazırkı baş naziri olduqca fürsətcil siyasətçidir. O, hazırda beynəlxalq siyasətdəki boşluqdan və hərc-mərclikdən istifadə edib Suriya və Livan ermənilərini Azərbaycanın işğal olunmuş ərazilərinə köçürür.

Şuşa, Laçın, Qubadlı, Zəngilan və işğal olunmuş digər ərazilərimiz ermənilər tərəfindən tam məskunlaşdırıldıqdan sonra isə onları torpaqlarımızdan qovub çıxarmaq həddindən artıq müşkül məsələyə çevriləcək. Biz onların bu cür məkrli planı həyata keçirmələrinə yol verməməliyik. Ərazilərimizin ermənilər tərəfindən qeyri-qanuni məskunlaşdırılması prosesinin qarşısı bütün vasitələrlə alınmalıdır.

Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin Livan ermənilərinin Şuşaya köçürülməsinə münasibət bildirməsini və bunu cinayət adlandırmasını düzgün addım kimi qiymətləndirirəm. Bəli, cinayətkarı öz adı ilə çağırmağın və onu dayandırmağın vaxtı yetişib”.