Sevindirici xəbər gəldi - Qarabağda kəhriz quyuları bərpa olunur



Vaxtilə hektarlarla torpaq sahələrini kəhriz sularıyla suvarıblar, dəyirman işlədiblər


Su qıtlığı kəhrizlərin bərpasını aktuallaşdırıb. Ağdam rayonunun Əhmədağalı kəndinin ərazisindəki kəhriz quyuları bərpa olunur. 
"Sputnik Azərbaycan"ın xəbərinə görə, bununla bağlı layihə rəhbəri Rəvan Mehdiyev məlumat verib. R.Mehdiyev qeyd edib ki, Ağdam rayonu Əhmədağalı kəndinin ərazisindəki kəhriz quyuları yenidən, müasir texnoloji üsullardan istifadə olunmaqla yenidən qurulmağa başlanılıb. Layihənin əsas məqsədi məcburi köçkünlərin məskunlaşdığı icmalarda həyat şəraitini və su təminatını yaxşılaşdırmaqdır:

“Yeni texnoloji metodologiya ilə kəhriz tunellərində tunel halqasına ehtiyac olmayacaq, çünki o hissələrdə plastik borular quraşdırılacaq. Bununla da kəhrizlərin ətraf mühit təsir amillərinə dayanıqlığı artırılacaq”.

2022-ci ilədək Ağdam rayonunda 17 kəhrizin bərpası həyata keçiriləcək. Bu ay isə Ağdam rayonunda daha iki – “Qozlu” və “Heyvalı” kəhrizlərində bərpa işlərinə başlanılması planlaşdırılır.

Məlumdur ki, bir vaxtlar torpaqların suvarılmasında kəhrizlərdən istifadə olunub. 

Sonra da artezian quyuları və kanalların çəkilməsi ilə kəhrizlər unudulub. Lakin son illərdə ümumiyyətlə su qıtlığı qlobal problemə çevrildiyindən kəhriz mədəniyyətinə qayıtmaq zərurəti yaranıb. 

Kəhrizlərin bərpasının faydalı iş olduğunu bildirən Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru Həvva Məmmədova Qarabağ torpağında kəhriz mədəniyyətinin əsrlər öncə mövcud olduğunu dedi: 

- Kəhrizlər qədim suvarma mədəniyyəti abidələridir. Azərbaycan ərazisində tarixən əkinçilikdə kəhriz sularından istifadə olunub. Vaxtilə kəhrizlərin qazılması işini bilən kənkanlar vardı. Onlar işlərinin ustası idilər. Qarabağda da ta qədim dövrlərdən suvarma üçün kəhriz quyuları qazılıb, kəhriz suyundan istifadə edilib.

Hektarlarla torpaq sahələrini kəhriz sularıyla suvarıblar, dəyirman işlədiblər. Kəhrizin suyu daim buz kimi sərin olur. Kəhrizlərdən o qədər su içmişik ki... Qarabağ torpağı həmişə bərəkətli olub. Pambığı, üzümü, meyvə-tərəvəzi ilə məşhur idi Qarabağ.

Su qıtlığı da yaşanmazdı, çünki bol sulu çaylar vardı, kəhrizlər qazılardı və əhalinin həm içməli su, həm də suvarma üçün ehtiyacı ödənərdi. Amma Aran zonalarında su qıtlığı yaşanırdı. Sonra da nankor qonşularımız su qıtlığı yaratmağa başladılar.

Ermənilərlə təmas xəttinə yaxın ərazilərdə yaşayan həmvətənlərimiz indi də su sarıdan korluq çəkir. Nankor qonşular qışda suyu qəsdən açıb buraxırlar, əkin sahələrini məhv edirlər, yayda isə suyun qarşısını kəsməklə təsərrüfatlara ziyan vururlar. Bununla belə əhali yurd-yuvasını tərk etmir, ağır şəraitdə torpağı becərməkdə davam edirlər, daim təhlükə altındadılar, atəş altındadırlar, amma işdən əl çəkmirlər.

Cənab Prezident də həmişə su probleminə diqqət ayırır, gücünü-qüvvəsini sərf edir ki, təsərrüfatla məşğul olanların iş və həyat şəraiti yaxşılaşsın. Bilirsiz ki, su həyatdır. Qidadan öncə insana su lazımdır. Kəhrizlərin bərpa edilməsi çox sevindiricidir. Əkinçilərin problemi bununla müəyyən qədər həllini tapacaq. Kəhrizlər hesabına su problemini həll etmək mümkündü.

Amma kəhrizlər ildə 1-2 dəfə mütləq təmizlənməlidir ki, daim orada təmiz, saf su olsun. Kəhrizlərin suyu yeraltı sulardı. Kəhriz quyular qazılır və onlar bir növ süzgəc rolunu oynayır. Yeraltı sular sanki süzgəcdən keçirilir və torpağın üst qatına çıxır. Sonra da arxlar vasitəsilə ətraf ərazilərə ötürülür. Mən dədə-babalarımızdan eşitdiklərimi deyirəm.

Bu işin öz ustaları olub. Sonralar kəhriz mədəniyyəti unuduldu, amma nə yaxşı ki, indi yenidən kəhrizlər bərpa olunur. Kəhrizin suyu daimidir, daim qaynayan bulaqdı, su mənbəyidi.

Çaylar kimi təhlükəli də deyil. Mənfur qonşularımız çaylarımızı zəhərləsələr də, kəhrizlərə əlləri çatmaz. Amma orada çalışan əhali ehtiyatlı olmalıdır, çünki atəş altındadırlar. Kəhrizlərin bərpası çox yaxşıdır, bu, su probleminin həllinə kömək edəcək, lakin suvarma üçün mütləq artezian quyuları da qazılmalıdır.    

Kəhriz qrunt sularını toplamaq və yer səthinə çıxarmaq üçün yeraltı qurğudur. Maili lağım şəbəkəsindən ibarət kəhriz lağımları bir-biri ilə şaquli quyular vasitəsilə birləşdirilir. Kəhrizlər peşəkar kankanlar tərəfindən qazılır.

Əvvəlcə baş quyu, sonra isə qalan quyular qazılır. Kəhriz lağımı daş və ya bişmiş kərpiclə tağbəndvarı hörülür. Bəzən kəhrizin suyunu çoxaltmaq üçün su verən baş quyudan bir neçə istiqamətdə lağım atılır. Təmiz və saf olan kəhriz suyundan su təchizatında və suvarmada istifadə olunur. Kəhrizlər fəsillərdən asılı olmayaraq müntəzəm su verir.

Kəhrizlər ekoloji cəhətdən təmiz, etibarlı su mənbələridir. Elmlər doktoru Əlövsət Quliyev Azərbaycanda ilk dəfə olaraq kəhriz sistemləri və onların təsərrüfat əhəmiyyəti ilə məşğul olan tədqiqatçı alimdir və o yazır ki, ölkənin çay şəbəkəsi zəif inkişaf etmiş ərazilərində böyük miqdarda münbit torpaqların suvarma suyu ilə təmin olunması vaxtilə yalnız kəhrizlər hesabına ödənilirdi. Kəhrizlər, eyni zamanda, qədim tarixi memarlıq abidələridir. Sonralar kəhriz sistemləri köhnəliyin nişanəsi kimi diqqətdən kənarda saxlanıldı, bu da bir sıra kəhrizlərin sıradan çıxmasına gətirib çıxardı.

Kəhriz sistemlərinin bərpasında çalışan peşə adamlarının - kankanların işinə önəm verilməməsi kəhrizqazma sənətinin, bütövlükdə qədim irs abidələri olan kəhrizlərin unudulması ilə nəticələndi. Qədim və tarixi su mənbələri olan kəhrizlərin bərpasına son vaxtlar diqqət artırılıb. Onun sözlərinə görə, əvvəllər suvarma sistemində artezian quyularının geniş tətbiqi kəhrizlərdən istifadəni arxa plana çəkmişdi.

Son dövrlərdəki araşdırmalar isə kəhriz suyu ilə suvarılan torpaqların məhsuldarlığının artezianlara nisbətən daha çox olduğunu göstərir. Kəhriz sularında qida elementləri çoxdur. Subartezian quyularında bir o qədər də qida ehtiyatı olmur. Amma kəhrizlər yerüstü sulardan filtrasiyalar hesabına qidalandığı üçün qida ehtiyatı dəfələrlə çox olur.