Keçmiş nazir "tərs köşə”dən gəldi: “Rusiya Ermənistana yardım etməyəcək!” – Plan açıqlandı

“Paşinyanın hərbi əməliyyatları bərpa edərək Rusiyanın köməyini sınamaq istəyir. Onun gözlədiyi olmasa, Qərblə yaxınlaşmağa başlayacaq”

"İşğalçı ölkə Rusiya xofunu bərpa etmək istəyir. Biz bunları normal qarşılamalı, ayıq-sayıq və hazırlıqlı olmalıyıq”

“Azərbaycan əsgəri üçün nə fərqi var ki, vurduğu kimdir- muzdlu döyüşçü, Paşinyanın arvadı, yoxsa dovşan?”



“Böyük Turan” ordusunun yaradılmasına dair  ideya Ermənistanda qorxu yaradıb. Düşmən ölkənin mediası 3 milyona yaxın canlı qüvvənin birləşəcəyi bu ordunun Avrasiyada bütün qüvvələri əzib keçəcəyindən və bunun İrəvan üçün gələcək təhlükəsindən bəhs edir.
“Ermənistanın səsi” saytı yazır ki, Turan ordusunun qurulması məsələsi yeni deyil:

“Vaxtilə Türkiyənin nüfuzlu “Uluslararası Politika Akademisi” nəşri bu layihənin həyata keçirilməsi ilə bağlı Türkiyə, Azərbaycan, Qırğızıstan və Monqolustanın hüquq-mühafizə orqanlarının hərbi statusla birləşdirilməsindən yazırdı. Hərbi statuslu hüquq-mühafizə orqanlarını birləşdirən belə bir ordu 2 milyon 800 min əsgərdən ibarət olacaqdı. Azərbaycan mediası bu ordunun Dağlıq Qarabağda anti-terror əməliyyatı keçirə biləcəyi haqda tez-tez yazır. İndi belə bir ordunun yaradılması layihəsində Mərkəzi Asiyanın hansı ölkəsinin yer alacağı bilinməsə də, ideyanın əməli işdə həyata keçirilməyə başlandığını deyə bilərik”.

Sayt Azərbaycan və Türkiyənin son dövrlər hərbi sferada daha da yaxınlaşmasını Turan ordusunun yaradılması istiqamətində ciddi addım kimi qiymətləndirir. Buna rəğmən, düşmən təxribatlarına son vermir. Belə ki, bu günlərdə Tovuzun Əlibəyli kəndi yenidən atəşə tutulub. Görünür, ermənilər nə etdiklərini heç özləri də bilmirlər. 

 Düşmənin ziddiyyətli hərəkətləri ilə bağlı “Sherg.az”a danışan keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov qarşı tərəfin planını açıqlayıb: 
“Ermənistan Rusiyadan  onun təhlükəsizliyini təmin etməsini istəyir. Amma cəmiyyət olaraq qərbyönümlü siyasət yeridirlər. Çünki Ermənistan Rusiyadan aldığını alıb. Sözügedən təxribatlar da Paşinyanın oyunudur. O, hərbi əməliyyatları bərpa edərək Rusiyanın köməyini sınamaq istəyir. Kremlin köməyinə ehtimal az olsa da, Paşinyan ümidlidir. Əgər Paşinyanın gözlədiyi olmasa, o, Rusiyanı ittiham edəcək və birbaşa olaraq Qərblə yaxınlaşmağa başlayacaq. Yəni Ermənistanın məqsədi budur”.

Sabiq nazirin fikrincə, Rusiya düşmənə yardım etməyəcək:

 “Dediyim kimi, Ermənistan başa düşür ki, rəsmi Moskva istənilən köməyi verməyə hazır deyil. Çünki daxili problemləri getdikcə artır. Ona görə də İrəvan hökuməti narahatdır. Ümumiyyətlə, Rusiya Ermənistanı qulpsuz çamadan kimi istifadə edir”. 

T.Zülfüqarov Ermənistanda könüllü ordunun yaradılması məsələsinə də toxunub:

“Müharibə təkcə cəbhədə yox, həm də informasiya məkanında gedir. Ermənistan müxtəlif vasitələrlə qorxu yaratmaq, Rusiya xofunu bərpa etmək istəyir. Biz bunları normal qarşılamalı, ayıq-sayıq və hazırlıqlı olmalıyıq. Azərbaycan əsgəri üçün nə fərqi var ki, vurduğu kimdir- muzdlu döyüşçü, Paşinyanın arvadı, yoxsa dovşan?”.