Putin – Lukaşenko görüşünün pərdəarxası: “Aleksandr, səndəmi vassal oldun?!” - Rusiyaya sığındı! 

Əlimusa İbrahimov: “Putin Belarusun öz nəzarəti altından çıxmasına yol verməyəcəyini Avropa və Amerikaya elan etdi”

Rusif  Məmmədsoy: “Lukaşenko Putinlə görüşərək hakimiyyətini möhkəmləndirmək istədi. Dünənki görüş onun müstəqilliyinin sonu oldu”


Dünən Soçidə Rusiya və Belarus prezidentləri arasında danışıqlar aparılıb. Təkbətək formatda keçirilən danışıqlardan sonra prezidentlər mətbuat önündə çıxış ediblər.
A.Lukaşenko deyib ki, Belarusdakı hadisələr Həm Moskvanın, həm də Minskin keçdiyi çox ciddi dərsdir: "Bu hadisələrdən bütün MDB ölkələri dərs çıxarmalıdır".

Rusiya və Belarus sərhədləri yaxınlığında NATO-nun hərbi aktivliyindən danışan Lukaşenko onu da qeyd edib ki, Rusiya və Belarus qarşıdakı illər üçün birgə hərbi təlimlər planlaşdırmalıdır: “Son hadisələr göstərdi ki, Belarus Rusiyadan möhkəm tutmalı və bütün məsələlərlə bağlı əməkdaşlıq etməlidir”.
Vladimir Putin də həmkarı ilə eyni fikirdə olduğunu diqqətə çatdırıb. O, bəyan edib ki, Rusiya belarusluların xaricilərin müdaxiləsi və təzyiqi olmadan sakit rejimdə və dialoqla vəziyyəti həll etməsinin, ümumi qərara gəlməsinin tərəfdarıdır. 



Dövlət başçılarının görüşü barədə “Sherg.az”a danışan BDU-nun professoru, politoloq Əlimusa İbrahimov Putinin, nəhayət, öz sözünü dediyini düşünür: 

"Təxminən 1 ay bundan əvvəl başlayan mitinqlər Belarusu çətin vəziyyətə salıb. Elə Rusiyanı da. Mitinqlər başlayanda nə Lukaşenko, nə də Putin buna ciddi fikir verdilər. Amma getdikcə nümayişlər intensivləşməyə başladı və mitinqlərə cəlb olunanların əhatə dairəsi genişləndi. Xaricdən Lukaşenkonu devirmək istəyənlərin müdaxiləsinin artması ilə vəziyyət daha da ciddiləşdi. Mövcud hakimiyyət üçün real təhlükə hiss olunan kimi Rusiya vəziyyətin onun əleyhinə inkişaf etdiyinin fərqinə vardı. Əvvəllər Lukaşenkonu itaətsizliyinə və davamlı rusiyameylli siyasət aparmadığına görə cəzalandırmaq istəyən, hətta onu dəyişmək üçün yollar axtaran Putin sonda hələ ki, tələb olunan xüsusiyyətlərə malik olan namizəd tapa bilməyib ona istinad etməyi qərara aldı”. 

Ə. İbrahimov, həmçinin görüşün əhəmiyyətindən danışıb: 

“Bazar ertəsi iki dövlət rəhbərinin Soçidə keçirdikləri görüş regionun siyasətinin müəyyənləşməsində mühüm rol oynayacaq. Soçi Rusiya rəhbərinin çox aktual beynəlxalq məsələlərin müzakirə olunduğu məkan kimi məşhurlaşıb. Bu da Putin-Lukaşenko görüşünün nə qədər əhəmiyyətli olduğuna dəlalət edir.Rusiyanın iqtisadi vəziyyətinin çətin olması və COVİD-19-un gətirdiyi əlavə problemlərə baxmayaraq, Putin Belarusa 1,5 milyard dollar pul ayırmağı qərar aldı. Lukaşenkonun böhrandan çıxması üçün bu addım Rusiya dövlətinin etdiyi çox böyük jest idi. Putin, beləliklə, Belarusun öz nəzarəti altından çıxmasına yol verməyəcəyini Avropa və Amerikaya elan etdi.

Eyni zamanda Rusiyanın Belarus xalqına  Avropa, Amerikadan daha yaxın olduğunu bir daha bildirdi. Təbii ki, Putin vəziyyətin bu qədər drammatikləşməsinə yol vermək istəməzdi. O, müxtəlif yollarla sakitliyə nail olmağa cəhd etdi də. Lakin silahlı qarşıdurma artıq istənilən nəticəni vermədi və heç kim vəziyyəti daha da ağırlaşdırmaq fikrində deyildi. Bundan başqa getdikcə daha çox dövlət Belarusdakı vəziyyətə müdaxilə etməyə başlamışdı. Avropa və Amerikadakı “xeyriyyəçilər” artıq Belarus müxalifəti üçün vəsait ayırmaqda yarışa başlamışdılar”.

 Professor tərəflər arasındakı münasibətlərin bundan sonra daha da yaxşılaşacağını istisna etmir: 

“Belarusda vəziyyətin Lukaşenkonun nəzarəti altında normala düşməsi Rusiya üçün həyatı əhəmiyyətə malikdir. Rusiya heç zaman imkan verə bilməz ki, Gürcüstan və Ukraynanın ardınca Belarus da rəngli inqilaba yoluxsun. Buna görə də Gürcüstan və Ukrayna hadisələrindən yetərincə ziyan çəkən Rusiya bu zaman fərqli taktikanı seçdi və yumşaq güc siyasətinə əl atdı. Düşünürəm ki, bu daha doğru idi və heç bir xarici qüvvə Rusiyanı Belarusa yardım ayırmaqda ittiham edə bilməz. Digər tərəfdən bu qədər maliyyə vəsaiti fonunda Rusiyanın mitinqləri dağıtmaq üçün bundan sonra  görəcəyi digər tədbirlər ciddi rezonans doğurmayacaq.  Belarus mitinqləri zamanı maraqlı hadisə Paşinyan başda olmaqla Ermənistan hakimiyyətinin sərgilədiyi mövqe oldu. Heç kimə sirr deyil ki, onlar növbəti dəfə ümidsizliyə düçar oldular. Soros fondunun köməyi ilə Ermənistanda çevriliş edən bu qrup çox istərdi ki, Belarusda da onlara oxşar hakimiyyət formalaşsın və Belarusu da Sorosun girdabına salsınlar. Hətta bünün üçün Belarus müxalifətinə yardım etmək məqsədi ilə emissarlar da göndərdilər. Onlara öz təcrübələrindən irəli gələn məsləhətlər də verdilər. Lakin onların arzuları həyata keçmədi və böyük ehtimalla vəziyyət sabitləşəndən sonra Paşinyan Putin və Lukaşenko qarşısında Belarus müxalifətinə etdiyi yardımın və orada hakimiyyəti dəyişmək üçün göstərdiyi canfəşanlığın hesabını verməli olacaq. Düşünürəm ki, Rusiya bu addımı ilə Belarusu bir qədər də yaxına çəkdi və bundan sonra Putin qarşıya qoyduğu məqsədləri daha daha inamla həyat keçirəcək. Qısa zamnda Belarusda mitinqlərin qarşısı alınarsa,  Rusiya-Belarus ittifaqının yeni çalar və məna kəsb edəcəyinin şahidi olacağıq”. 


Siyasi analitik Rusif Məmmədsoy isə vəziyyəti belə şərh edib:

“Aleksandr Lukaşenko Putinlə görüşərək hakimiyyətini möhkəmləndirmək istədi. Dünənki görüş Lukaşenkonun müstəqilliyinin sonu oldu. Dörd saatdan çox çəkən görüş zamanı hansı məsələlərin müzakirə edildiyini, yəqin, az-çox təxmin edə bilirsiniz. Lukaşenko hər zaman Putinə əməkdaş yox, ona Ermənistan kimi vassal lazım olduğunu deyirdi. Rusiya necə tərəfdaşdır ki, bizə qazı digər ölkələrə satdığı qiymətə, hətta daha baha satır və.s. Həmin ərəfələrdə Azərbaycan tərəfi də Belarusa xeyli yardımlar etmişdi. Bu zaman A.Lukaşenkoya sual vermək lazımdır ki, səndəmi vassal oldun? A.Lukaşenko bunu ona görə elədi ki, diktatorların hakimiyyətdən gedişi o qədər də sadə olmur. Bunun üçün tarixə nəzər salmaq kifayət edir. 

Müsahibələrimdə də hər dəfə qeyd edirdim ki, Lukaşenko axır-əvvəl Putinlə razılaşacaq. Əli qanlı diktatorların sığınacağı ilk növbədə Vladimirdir”.