Həmsədrlər "lent"i əvvələ yığır ! – “Bu da regionda təhlükəli vəziyyət yaradır” – Emosiyalar gərilib !

“Ermənistan müharibə niyyətindədir, amma.. .” 

“..Minsk qrupu işğala məruz qalan tərəflə, işğalçını eyni masa arxasında əyləşdirmək istəyir”

“Ədalət məhkəməsi olmadan ədalət qazanmağın mümkünsüzlüyü şübhəsizdir.Ədalət olmasa, həmsədrlərin fəaliyyəti sülhə mane olacaq”


Sentyabrın 14-də Parisdə ATƏT-in Minsk Qrupu həmsədrlərinin intensiv müzakirələri keçirilib. Bu barədə ATƏT-in rəsmi saytında məlumat verilib. Həmsədrlər regiondakı vəziyyəti nəzərdən keçirmiş, xüsusilə də iyulun ortalarında Azərbaycan-Ermənistan sərhədində baş verən silahlı toqquşmalardan sonrakı yeni dinamikaya xüsusi diqqət ayırıblar.  Müzakirələr zamanı, həmçinin müvafiq tərəflərin xüsusi və ictimai mesajları və narahatlıqları diqqətlə nəzərdən keçirilərək qiymətləndirilib.

Həmsədrlər Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov və Ermənistan Xarici İşlər naziri Zöhrab Manatsakanyanla ayrılıqda telefonla danışıblar. Telefon danışığında hər iki ölkənin nazirinə növbəti həftələrdə öz mövqelərini daha aydın şəkildə bəyan etməyə, heç bir ilkin şərt olmadan substantiv danışıqların bərpası məqsədilə onları ATƏT-in Minsk Qrupu həmsədrləri ilə fərdi olaraq üzbəüz görüşə dəvət ediblər.  
Həmsədrlər ATƏT-in mandatına uyğun olaraq, münaqişənin sülh yolu ilə hərtərəfli həlli üçün danışıqlar prosesində aktiv vasitəçi olmaqla bağlı öhdəliklərinə sadiq qaldıqlarını ifadə ediblər.

Yəni, həqiqətənmi, ATƏT-in otuz ilə yaxındır hansı işlə məşğul olduğu bilinməyən Minsk qrupu son hadisələri görmür? Qınamayaq, ola bilsin, artıq yaşlaşıb, gözü zəifləyib və istefaya göndərilmək vaxtı çatıb...

 ATƏT-in Minsk qrupunun növbəti bəyanatı barədə “Sherg.az”a danışan millət vəkili, AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov sözügedən qurumu sərt tənqid edib:

 “Həmsədrlər dəyişmiş vəziyyəti sonadək başa düşə bilmirlər. Ermənistan faktiki olaraq danışıqlar prosesindən imtina edir, təxribat törədir. Düşmən müharibə niyyətindədir. O, dünya ictimaiyyətini aldatmaq naminə əlindən gələn hər şeyi edir. Əgər Minsk qrupu, həqiqətən, məsələni həll etmək istəyirsə, 1946-cı ildə Cenevredə keçirilən konfransın müddəalarına uyğun olaraq Dağlıq Qarabağdakı qeyri-qanuni məskunlaşmanın qarşısını almalı, yol çəkilişi, iyul təxribatları, muzdluların orduya cəlb edilməsi kimi məqamlarla bağlı konkret olaraq məsələ qaldırmalıdır”.

S.Seyidov, həmçinin bildirib ki, həmsədrlərin məsələyə yanaşması dəyişməlidir:

 “Bu, təkcə Minsk qrupunun yarıtmaz fəaliyyətinin yox, həm də ümumilikdə Qərb diplomatiyasının içəridən çürüdüyünün göstəricisidir. Bu qurum sülhü pozan cinayətkarı ittiham etməyə-etməyə ədalətə çatmaq istəyir. Əlbəttə, mümkün deyil. Fransa ilə Almaniya arasında 100 illərlə müharibə oldu. II dünya müharibəsindən sonra Almaniya cinayətkarları cəzalarını aldılar. Ardınca isə tərəflər dostluq və əməkdaşlığa başlayaraq Avropa Birliyini yaratdılar. Nəticədə ədalət zəfər çaldı.

Beləliklə, inkişafa yol açıldı. Amma  Qərb ədalət məhkəməsini görmək istəmir. İşğala məruz qalan tərəflə, işğalçını eyni masa arxasında əyləşdirmək istəyir. Ədalət məhkəməsi olmadan ədalət qazanmağın mümkünsüzlüyü şübhəsizdir. Ən yaxşı halda müvəqqəti nəticə əldə edilə, atəşkəs yarana bilər. Halbuki bu da real deyil.

Ermənilər hər gün atəşkəsi pozur və layiqli cavabı alırlar. Odur ki, ədalət tapılmalı və regiona gətirilməlidir. Əks halda həmsədrlərin fəaliyyəti sülh danışıqlarına mane olacaq.

Çünki emosiyalar gərilib. Ədalətsiz sülh haqqında danışıldıqca regionda təhlükəli vəziyyət yaranır. Mən görüşlərin əleyhinə deyiləm. Amma ağa “ağ, qaraya “qara” deyilməsi şərti ilə. Yox, həmsədrlər yenə də teotik mülahizələrlə sülh axtaracaqlarsa, bu, nəticəsiz qalacaq”.