Livanlı, suriyalı muzdlular Qarabağa gətirilir

Beynəlxalq və yerli ekspertlər Ermənistanın son addımlarını sərt tənqid ediblər

"Livan ermənilərinin Dağlıq Qarabağa köçürülməsi beynəlxalq hüquq normalarının kobud şəkildə pozulmasıdır"


Rəsmi Bakı Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni məskunlaşdırma siyasətini pisləyib. Prezidentin köməkçisi Hikmət Hacıyev rəsmi Yerevanın hərəkətlərini “müharibə cinayəti” kimi səciyyələndirib. H.Hacıyev işğal olunmuş Azərbaycan ərazilərində məskunlaşdırılmış əhalinin faktiki olaraq "Ermənistanın məsuliyyətsiz, avantürist siyasətinin qurbanına" çevrildiyini bildirib:

“Hamı bilməlidir ki, Azərbaycanın işğal olunmuş ərazilərində həyata keçirilən qeyri-qanuni məskunlaşdırma siyasətinin heç bir hüquqi qüvvəsi yoxdur və Azərbaycan onun nəticələrini tamamilə rədd edir”. Prezidentin köməkçisi qeyd edib ki, Ermənistan qeyri-qanuni məskunlaşdırma siyasəti həyata keçirməklə işğal etdiyi Azərbaycan ərazilərində demoqrafik vəziyyəti dəyişməyə çalışır.

Qanunsuz məskunlaşdırma siyasəti beynəlxalq humanitar hüququn, o cümlədən 1949-cu il Cenevrə Konvensiyasının kobud şəkildə pozulmasıdır. Müharibə dövründə mülki əhalinin qorunmasına dair 4-cü Cenevrə Konvensiyasına əsasən, işğalçı dövlət öz mülki əhalisini işğal etdiyi əraziyə köçürməməlidir:

“Beynəlxalq hüquqa əsasən, işğalçı dövlət tərəfindən işğal olunmuş ərazilərdə məskunlaşma siyasətinin aparılması müharibə cinayəti kimi tövsif edilməlidir. Bu baxımdan Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində apardığı qeyri-qanuni məskunlaşma müharibə cinayətidir”. 

Sentyabrın 18-dən sonra daha iki livanlı erməni ailəsinin işğal olunmuş Dağlıq Qarabağ ərazisinə köçürüləcəyi gözlənilir. Ermənistan KİV-lərinin xəbərinə görə, ilk livanlı erməni ailələri təxminən iki həftə bundan əvvəl Dağlıq Qarabağda məskunlaşmağa başlayıb. İki erməni ailəsi Dağıq Qarabağ ərazisindən kənarda, işğal altında olan kəndlərdən birində yerləşdirilib, daha bir ailə isə Şuşada məskunlaşıb. Bununla belə, daha 30 ailənin Dağlıq Qarabağa köçməsi haqqında danışıqlar aparılır.

“Artsakh” televiziya kanalının məlumatına görə, Beyrut limanında avqustun 4-də baş verən partlayışdan sonra Livan ermənilərinə dəstək proqramı çərçivəsində humanitar yardımdan başqa, “Artsax (Dağlıq Qarabağ - red) burada məskunlaşmaq istəyən Livan erməni ailələrini qəbul edir”. Təxminən iki həftə əvvəl təkuşaqlı Toni və Tsoler Hajjar ailəsi də Şuşada məskunlaşıb. Lakin Toni Hajjarın ailəsi Livandan daha əvvəl, 2018-ci ildə maliyyə böhranı səbəbindən çıxıb. Uzun əziyyətlərdən sonra Ermənistana gəlmək, "hər şeyi yenidən başlamaq" qərarına gəlib. 

Türkiyədə fəaliyyət göstərən Yaxın Şərq Strateji Araşdırmalar Mərkəzinin eksperti Mustafa Yetim bildirib ki, Ermənistanın qanunsuz işğal etdiyi Azərbaycan torpaqlarında silahlı erməniləri yerləşdirməsi beynəlxalq hüquqda birbaşa dövlət məsuliyyəti yaradır. Bu addım Beynəlxalq Cinayət Məhkəməsi və Roma Əsasnaməsi kontekstində ciddi qanun pozuntularına yol açır.

Ermənistanın xüsusilə Livan və Suriyadan muzdlu erməniləri gətirərək təlimatlandırması məsələsinə toxunan Mustafa Yetim qeyd edib ki, Azərbaycan torpaqlarını qeyri-qanuni işğal edən və hazırda siyasi, iqtisadi və coğrafi baxımdan təcrid halında yaşayan bu ölkənin xüsusilə Türkiyə-Azərbaycan müttəfiqliyinin inkişafından hədsiz dərəcədə narahat olduğu məlumdur: “Türkiyə-Azərbaycan müttəfiqliyi Gürcüstan ilə enerji əlaqələrində də əhəmiyyətli rol oynayır. Təcavüzkarlığı və ekspansionist siyasətinə görə Ermənistan regiondakı ölkələrin birgə əməkdaşlığından kənarda qalır və daha aqressiv mövqe tutur. Bu isə Türkiyə-Azərbaycan-Gürcüstan əməkdaşlığından bölgədə yaranan barışıq cəhdlərinə ciddi xələl gətirir”.

Ekspert bildirib ki, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) kimi ölkələrin Ermənistanı dəstəkləməsi və son dövrdə xüsusilə Şərqi Aralıq dənizində Türkiyəyə qarşı Fransa, Yunanıstan və Cənubi Kipr kimi ölkələrin birləşərək gərginlik yaratması Ermənistanı daha da cəsarətləndirib.

Şərhçinin fikrincə, Ermənistan hər dəfə yeni təxribatları ilə regionda mütəmadi gərginlik yaratmaqla Azərbaycan-Türkiyə ittifaqını sarsıtmaq məqsədi güdür: “Lakin bu gərginliyə Azərbaycanla Türkiyənin daha mütəşəkkil birliyi hazırda Ermənistanın məkrli planlarını həyata keçirməyə imkan vermir”.

Gürcü ekspert, siyasi və hərbi elmlər doktoru, professor Vaxtanq Maisaya da deyib ki, Livan ermənilərinin Dağlıq Qarabağa köçürülməsi beynəlxalq hüquq normalarının kobud şəkildə pozulmasıdır. O bildirib ki, ilk növbədə Azərbaycanın Dağlıq Qarabağ regionunun işğal olunması faktı beynəlxalq hüququn, BMT-nin üzvü olan müstəqil ölkənin ərazi bütövlüyü və suverenliyinin pozulması deməkdir:

“İkincisi isə, bir dövlətin nümayəndələrinin digər dövlətin işğal olunmuş ərazilərinə köçürülməsi üzrə qanunsuz fəaliyyət beynəlxalq hüquq normalarının kobud şəkildə pozulmasıdır”. Ekspertin sözlərinə görə, vaxtı ilə işğal cəhdinə məruz qalmış Livan dövləti özü də bu cür qanunsuz addımların dayandırılması üçün müvafiq tədbirlər görməlidir.

Ermənilərin növbəti təxribatını “Şərq”ə dəyərləndirən Bakı Politoloqlar Klubunun rəhbəri, siyasi elmlər doktoru Zaur Məmmədov deyib ki, 2020-ci ilin əvvəllərindən düşmən tərəfin il boyu öz təxribatlarını daha da gücləndirəcəyi məlum idi. Siyasi şərhçinin sözlərinə görə, Ermənistanın provokasiyalarının artmasının əsas səbəbi beynəlxalq güclərin susqunluq nümayiş etdirməsidir:

“Azərbaycan tərəfi dəfələrlə bir çox beynəlxalq təşkilata ermənilərin işğal olunmuş ərazilərdə həyata keçirdiyi qanunsuz fəaliyyətlə, köçürmələrlə bağlı müraciətlər edib. Lakin müsbət nəticəsi olmayıb. Heç bir Qərb dövləti işğalçı Ermənistana təzyiq göstərməyib. Halbuki, münaqişənin həllində vasitəçilik rolunu icra edən ATƏT-in faktaraşdırıcı missiyası daim tərəflər arasında ciddi konsultasiya keçirməlidir. Biz bunların şahidi olmuruq. Əlbəttə, qanunsuz köçürmənin qarşısı beynəlxalq təşkilatlar və hüquq vasitəsi ilə alınmazsa, bütün imkanlardan istifadə etdiyimiz halda nəticə əldə olunmazsa, o zaman sonuncu imkandan – hərbi əməliyyatlardan istifadə edəcəyik. Biz o addımı atandan sonra işğal olunmuş ərazilərdəki silahlı ermənilər, terrorçu qruplaşmalar və bütün neqativ proseslər tamamilə təmizlənəcək. Azərbaycana qarşı olanlar bilməlidir ki, bu gün erməniləri dəstəkləyənlər sabah Cənubi Qafqazı itirəcəklər. Biz bölgənin anarxiya və xaos məkanına çevrilməsini qətiyyən istəmirik, ancaq əfsuslar olsun ki, işğalçı ermənilərin təxribatına imkan yaradan beynəlxalq aktorlar Azərbaycana başqa seçim qoymurlar”.

Politoloq Elçin Mirzəbəyli də vurğulayıb ki, Livandan və Suriyadan köçürülən ermənilər Azərbaycanın işğal altında olan ərazilərində, o cümlədən Qubadlı rayonunun Xanlıq kəndində məskunlaşdırılır. Siyasi şərhçinin sözlərinə görə, proses xeyli müddətdir ki, davam edir:

“Livanda baş verən hadisə isə prosesə “humanitar” don geyindirməkdən başqa bir şey deyil. Qeyd edim ki, Prezidentin köməkçisi Hikmət Hacıyev son açıqlamasında Ermənistanın Suriya və Livandan işğal olunmuş ərazilərə köçürülmüş insanları silahlı muzdlular kimi də istifadə etdiyini bildirmişdi. H.Hacıyevin diqqət çəkdiyi bu məqam da öz təsdiqini tapmaqdadır. İşğal altında olan Azərbaycan ərazilərinə köçürülən ermənilərin əhəmiyyətli hissəsi Livanda, Suriyada terror təşkilatlarının, qanunsuz hərbi birləşmələrin tərkibində xüsusi təlim keçən muzdlulardır. Ermənistandan Livana yardım aparan təyyarələrdə, guya, 100 erməni ailəsinin köçürüldüyü barədə məlumatlar isə heç bir foto-video görüntülərdə əks olunmayıb. Sadəcə, görüntü üçün bir neçə erməni ailəsindən reportaj hazırlanıb. Əslində deyilən say da həqiqəti əks etdirmir və dəfələrlə çox olduğu ehtimalı var. Nəzərə alsaq ki, Livandan köçürülənlər Ermənistana yük təyyarəsində gətiriliblər, bu zaman onların əsasən muzdlulardan ibarət olduğu ehtimalı daha da artır”. 

Politoloq Sədrəddin Soltan da bəyan edib ki, təxminən 200 il əvvəl olduğu kimi yenə Azərbaycan torpaqlarına ermənilər köçürülür. Onun sözlərinə görə, Azərbaycanın düşmənləri Cənubi Qafqazda yürüdülən müstəmləkəçilik siyasəti nəticəsində aborigen, yerli sakin olmayan, gəlmə ermənilərə dövlət yaratmaqla özlərinin yaratdıqları beynəlxalq hüququ tapdaladılar:

“Osmanlı dövlətinə qarşı birləşib onu parçalayandan sonra türk imperiyasının düşmənləri Orta Şərqdə, xüsusilə Livanda, Suriyada Türkiyəyə (sonradan Azərbaycana) qarşı müxtəlif təşkilatlar yaratdılar. Bu baxımdan, Azərbaycanın Qarabağ bölgəsinin işğalında Livan və Suriyadan olan ermənilərin, habelə ərəblərin də iştirak etdiyinə dair təsdiqlənən xəbərlər əsassız deyil. Başqa sözlə, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə Livan və Suriyadan ermənilərin, muzdluların köçürülməsi, yerləşdirilməsi və onların fəaliyyəti beynəlxalq güclərin xeyir-duası əsasında əvvəlcədən düşünülmüş, planlaşdırılmış aksiyadır.

Yeri gəlmişkən, 1992-ci il fevralın 26-da Xocalı soyqırımının törədilməsində həmin terrorçular da iştirak edib. Bu ilin avqustunda Beyrutda çoxsaylı insan itkisi ilə nəticələnən partlayışdan sonra Ermənistanda “humanizm” hissləri “baş qaldırdı”. Livandan Ermənistana və işğal altında olan Dağlıq Qarabağa ermənilərin köçürülməsi məsələsi yenidən gündəliyə gətirildi. Ermənistanın diaspor üzrə ali komissarı Zare Sinanyan hadisədən sonra bildirdi ki, Ermənistan vətəndaşlığını qəbul etmiş 20 min livanlı erməni ölkəyə dönmək istəyir.

Rəsmi Yerevan bunu “repatrasiya” adlandırır. Suriyada müharibə başlayandan 15 min suriyalı erməni Ermənistana köçüb. Onların bir qismi Qarabağa, Laçın rayonuna yerləşdirilib. 2018-ci ildə 76 belə erməni ailəsi Azərbaycanın işğal altında olan bu rayonuna köçürülmüşdü. Ümumiyyətlə, 30 ilə yaxındır Ermənistan əhalisinin sayı 3 milyona çatmır. Belə vəziyyətdə olan bir ölkədə iki ay ərzində nə baş verdi ki, Livandan “repatrasiyadan” danışmağa başladılar. Yeri gəlmişkən, pandemiya ilə bağlı Rusiyadan geri göndərilən ermənilər federasiyaya qayıtmaq üçün günlərdir Ermənistan hökumətinin binası qarşısında aksiya keçirirlər. Onlar Ermənistanda yaşamağın və işləməyin mümkün olmadığını bildirirlər. Belə çıxır ki, Ermənistan hökuməti Livandan erməniləri Ermənistana və Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə yerləşdirməklə onların adına beynəlxalq donorlardan humanitar yardım almaq istəyir”.

Ekspert vurğulayıb ki, bir müddət əvvəl Qarabağdakı erməni separatçıların başçısı “müqavilə əsasında ordu” quracaqlarını bəyan etmişdi. O, bununla da işğal altında olan torpaqlarda muzdlulardan ibarət hərbi birləşmələrin yaranmasının anonsunu vermişdi:

“Bu baxımdan, Livandan Qarabağa bu niyyətlə muzdluların köçürüldüyü və köçürüləcəyi istisna edilmir. Çünki heç bir düşüncəli livanlı erməni, yaxud ərəb bir münaqişə bölgəsindən başqa birinə köçməyi özünə qıymaz. Dünyanın harasında yaşamasından asılı olmayaraq, ermənilik siyasi-ideoloji düşüncə sistemi bu etnik qrupun başının bəlası, etimad qazanması, ona hörmət edilməsi üçün problemdir. Bu ideya həm də erməniləri güclülərin əllərində oyuncağa çevirir. Livandan, yaxud Suriyadan olan adi ermənilərin hər an müharibə ola biləcək Dağlıq Qarabağda nə işi var? Deməli, Ermənistan Azərbaycanın bu bölgəsinə ASALA kimi terrorçu təşkilatların silahlılarını yerləşdirməklə müharibəyə hazırlaşır.

Çünki Ermənistan əhalisi işğalçı ordunun tərkibində Qarabağda xidmət etmək istəmir. Heç bir valideyn öz oğlunun başqasının torpağında ölməsi ilə razılaşmır. Belə şəraitdə livanlı, suriyalı muzdlular bölgəyə gətirilir. Bu terrorçuların isə bir müddət sonra “peşəkar ordu” kimi təqdim ediləcəyi də istisna edilmir. Bütün münaqişələrin həllinə ədalətli hakimlik etmək istəyən beynəlxalq vasitəçilər isə baş verənləri sükutla qarşılayır.

Belə çıxır, onlar ermənilərin faciəvi tale yaşamasına şərait yaradırlar. Həmin vasitəçilərin perspektivdə onların bu vəziyyətindən təzyiq vasitəsi olaraq yararlanacağını da ehtimal etmək olar. Adətən, onlar böyüklərə qarşı döyüşməyəndə belə etnik qruplardan istifadə edirlər”.