Rusiya və İran tərəfindən təhdidlər gözlənilir

İnteqrasiyanı sürətləndirərək Türkiyə ilə birgə siyasi-hərbi kordinasiyalı hərəkət etmək zəruridir

“Azərbaycan ətrafında siyasi-hərbi nizam ciddi dəyişir və bunun ölkəmizə təsirləri qaçılmazdır”.

Bu barədə Milli Cəbhə Partiyasının sədr muavini, politoloq Məhəmməd Əsədullazadə deyib.

Siyasi ekspertin fikrincə, ölkəmizə qarşı xarici təhdidlər daha da genişlənəcək. Xüsusilə Rusiya və İran tərəfindən bu təhdidlərin olması istisna deyil:

“Hər iki ölkə məhz Ermənistan vasitəsilə ölkəmizə qarşı provaksiyaları həyata keçirəcəklər. Əvvəlki illərdən fərqli olaraq Rusiya ölkəmizə qarşı təzyiqləri və Ermənistan vasitəsilə təhdidləri yeni mərhələyə keçirib. Rusiyanın pərdəarxası təhdidləri Türkiyə ordusunun Azərbaycana dəvət edilməsi ilə nəticələnib.

Azərbaycan Prezidenti birbaşa rusiyalı həmkarına açıq şəkildə narazılığını bildirdi. Burada sadəcə Ermənistana silah daşınmasından söhbət getmir, Moskva ermənilərə daim silah-sursat verib.

Rusiya müdafiə nazirinin Azərbaycana gəlişi heç də xoşməramlı səfər deyildi. Ermənistanın silahlandırılması düşmən ölkənin yeni müharibəyə sürüklənməsidir.

O baxımdan avrointeqrasiyanı sürətləndirərək Türkiyə ilə birgə siyasi-hərbi kordinasiyalı hərəkət etmək zəruridir. Rusiya və digər ölkələrdən gələn təhlükələri neytrallaşdırmaq ancaq bu şəkildə mümkündür. Bununla da Qarabağ münaqişəsində təşəbbüsü ələ almaq olar”.