Deputat da məmur da cəmiyyətə açıq olmalıdır

Təmiz adamlar heç vaxt hesabatlılıqdan, şəffaflıqdan çəkinmirlər

Xalq onu təmsil və idarə edən şəxslərin şəxsi həyatlarından tutmuş, mal varlıqlarına, sərvətlərinə qədər hər şeyi bilmək istəyir


“Dürüstlük, şəffaflıq və hesabatlılıq həm korrupsiyaya qarşı mübarizənin təşkili, həm də məmur əxlaqının formalaşması baxımından əməl edilməsi mütləq vacib prinsiplərdir”.

Bu sözləri “Şərq”ə açıqlamasında Ədalət Partiyası sədrinin müavini Elxan Şükürlü deyib. Partiya təmsilçisi bəyan edib ki, bu prinsiplərə yalnız seçkili orqan təmsilçiləri - deputatlar yox, fəaliyyəti üzərində məxfilik qrifi olmayan bütün məmurlar əməl etməlidirlər:

“Çünki xalq onu təmsil və idarə edən şəxslərin şəxsi həyatlarından tutmuş, mal varlıqlarına, sərvətlərinə qədər hər şeyi bilmək istəyir.

Tutduğu vəzifədən, qulluq mövqeyindən sui-istifadə etməyən, korrupsiyaya, rüşvətə bulaşmayan vəzifəli şəxslər fəaliyyətləri üzərində nə ictimai nəzarətdən qorxarlar, nə də hesabatlılıqdan və şəffaflıqdan çəkinərlər.

Hesabatlılıq və şəffaflıqdan ancaq o adamlar qorxur, çəkinir ki, büsbütün çirkab içərisindədirlər və nəyə nail olublarsa, tutduqları kürsü, vəzifə hesabına və cinayət yoluyla olub. Ona görə də onlar hesabatlılıq və şəffaflıqdan qaçır, qanunun tələblərinə boyun əymirlər”.

E.Şükürlünün sözlərinə görə, korrupsiyaya qarşı mübarizənin ilkin şərti vəzifəli şəxsin gəlirləri və xərclər haqda deklarasiya təqdim etməsidir:

“Baxın görün, indiyədək hansı deputat və ya yüksək vəzifəli məmur bunu edib? Bir neçə ay əvvəl deputat Erkin Qədirli çox yaxşı bir addım atdı, gəlirləri və xərcləri barədə ictimaiyyətə məlumat verdi. Ondan qabaq da Mətbuat Şurası İdarə Heyətinin üzvü Azər Həsrət belə bir addım atmışdı.

Əslində, bunlar çox yaxşı, təbliğ ediləsi, örnək göstəriləsi nümunələrdir. Ancaq çox təəssüf ki, onları təqdir etmək əvəzinə, üzərlərinə ictimai təzyiq təşkil etdilər. Bunun da səbəbi aydındır: - çirkab içərisində olanlar üçün təmiz adamlar ən təhlükəli düşmənlərdir.

Ancaq gec-tez, hamı, xüsusən də hakimiyyət anlayacaq ki, həm deputatlar, həm də yüksək idarəedici komanda təmiz, ləyaqətli, oğru olmayan, dürüst və peşəkar insanlardan təşkil ediləndə, xalq içərisində də o qurumlara və adamlara hörmət olacaq”.