“Rusiya ABŞ qarşısında tab gətirə bilməz” – ZƏİFLƏYİR! 

“ABŞ Rusiya ilə təklif olunan hər hansı bir mövzunu müzakirə etməyə hazırdır, lakin nüvə silahlarını Avropadan çıxarmayacaq”.
Bu barədə RİA Novosti məlumat yayıb. ABŞ prezidentinin xüsusi elçisi Marşal Billinqsli "Kommersant" qəzetinə verdiyi müsahibəsində bildirib.

Jurnalist ABŞ-ın nüvə silahlarını Avropadan çıxarmağa hazır olub-olmadığını soruşduqda Billinqsli qəti cavab verib: “Xeyr, biz bunu etməyəcəyik. Ancaq Rusiyanın bizimlə danışmaq istədiyi hər şeyi müzakirə etməyə hazırıq”. 

Deməli, dünyanın iki supergücü arasındakı münasibətlər gərginləşməkdədir. 

Politoloq Azər Rəşidoğlu “Sherg.az”a açıqlamasında vəziyyəti belə təhlil edib:



“Putin Rusiyanın Yaxın Şərqdəki mövqelərini bərpa etmək istəyir. ABŞ isə öz növbəsində Kremlə cavab verir. Belə olan halda təbii ki, iki tərəfdən birinin digərinin hegemonluğunu qəbul etməkdən başqa yol qalmır. Rəsmi Moskva daxili hadisələr hesabına tədricən zəifləyir. Ona görə onun ABŞ qarşısında tab gətirə bilmək ehtimalı çox deyil”. 

A.Rəşidoğlunun fikrincə, münasibətlərdə ciddi dəyişiklik olmayacaq:

“İndi ABŞ-da prezident seçkiləri ərəfəsidir. Tramp anti-Rusiya ritorikasına keçib. Onun rəqibi Co Bayden isə əvvəldən Rusiya və İran əleyhinədir. Deməli, səslənən bəyanat daha çox daxili auditoriyaya hesablanıb.

Hər halda tərəflər arasında ciddi savaş gözlənilmir. Lakin onların dost olacağına da inanmıram. Zaman-zaman  biri digərinin “ayağını tapdalayacaq”. Lakin açıq qarşıdurmalar olmayacaq”.