“Azərbaycanda epidemioloji vəziyyət nəzarət altındadır” 

“Vətəndaşlarımız maska taxmağın vacibliyini başa düşürlər”

“Hər halda hər şey öz əlimizdir. Əvvəlki günlərə qayıtmamağımız məsuliyət tələb edir”


Koronaviruslu günlər, təəssüf ki, davam edir. Hələ də tibbi maskamızı, spirtimizi axşamdan hazır qoyur, onları unutmamağa çalışırıq. Sosial məsafənin qorunmasına isə xüsusi diqqət edirik. Hə, bir də, əllə salamlaşmaları, kütləvi toplaşmaları çoxdan unutmuşuq.  Vəziyyətin nə qədər belə davam edəcəyi məlum deyil. Amma durumun mümkün qədər tez düzəlməsi naminə dövlətimizin gördüyü qabaqlayıcı tədbirlər və onların səmərəli nəticələri göz qabağındadır. 



Həkim-infeksionist Fərrux Sədirov bu barədə “Sherg.az”a danışarkən deyib ki, Azərbaycanda görülən tədbirlər digər dövlətlərə nümunə olmalıdır:

 “Hazırda epidemioloji vəziyyət nəzarət altındadır. Avropada ikinci dalğa başlayıb. Bizdə isə rəqəmlər ya stabildir, ya da enən templə davam edir. Əlbəttə, bu, görülən işlərin nəticəsidir.

Müşahidələrimə əsasən deyə bilərəm ki, aprel-may aylarına nisbətən indi insanlarımızın davranışlarında müsbət mənada xeyli dəyişiklik var. Vətəndaşlarımız maska taxmağın vacibliyini başa düşürlər.

Amma bu uğurların nə qədər davam edəcəyini deyə bilmərik. Hər halda hər şey öz əlimizdir. Əvvəlki günlərə qayıtmamağımız məsuliyət tələb edir. Koronavirusla mübarizədə kiçik bir boşluq böyük fəsadlara səbəb ola bilər.

Unutmayaq ki, bu infeksiya bir nəfərdən bütün dünyaya yayılıb”.