Koçaryan hərəkətə keçib

Növbəti seçkilərədək Paşinyan “Qarabağ klanı”nın əliylə hakimiyyətdən məhrum ediləcək

Azərbaycan Ordusunun Dağlıq Qarabağdakı uğurlu əks-hücumu Ermənistan ordusunun əhəmiyyətli qüvvələrinin məğlubiyyətinə səbəb olub. Düşmənin biabırçı vəziyyətdə uduzması, Qarabağdakı ermənilərin qorxu altında bölgəni sürətlə tərk etməsi Nikol Paşinyan hökumətinin də laxlamasına şərait yaradıb. Hazırda Ermənistanda Moskvadan dəstək ala bilməyən Paşinyan hökumətinin devriləcəyi müzakirə olunmaqdadır. İki gündür ki, sosial şəbəkələrin erməni seqmentində və bəzi KİV-lərdə Paşinyanın istefa verdiyinə dair xəbərlər yayılır. İddia olunur ki, Paşinyan istefa verərək növbədənkənar parlament seçkilərini keçirməyi planlaşdırır.

Ermənistan mediasının məlumatına görə, Paşinyan yeni seçkilərə qədər Nazirlər Kabinetinin başçısı vəzifələrini icra edəcək. Maraqlıdır ki, Ermənistanın rəsmi dairələri bu məlumatları nə təsdiq, nə də təkzib edir. Ancaq son hadisələrin fonunda Paşinyanın şəxsi nüfuzunun çox aşağı düşdüyü bildirilir. Hətta onun istefaya göndərilməsilə bağlı ümumxalq mitinqinin çağrıldığı da qeyd edilir.

Bir sıra siyasi şərhçilərə görə, Ermənistanda hakimiyyətin dəyişilməsi taktiki gedişdə əleyhimizə ola bilər. Yəni Nikolun getməsini bəhanə edən daxili və xarici qüvvələr müharibənin təcili dayandırılmasını və yeni danışıqları ortalığa ata bilərlər. Qısacası, hələlik muharibə Azərbaycan üçün ən məqbul variant hesab olunur. 

Bakı Politoloqlar Klubunun rəhbəri, siyasi elmlər namizədi Zaur Məmmədov “Şərq”ə açıqlamasında vurğulayıb ki, hərbi əməliyyatların dayandırılmasından söhbət gedə bilməz. Politoloqun fikrincə, Ermənistanın siyasi sferasında baş verən heç bir proses Azərbaycan Ordusunun uğurlu hərbi əməliyyatlarına təsir göstərməməlidir:

“Biz uzun müddət səbrlə həmsədr ölkələri dinləmişik. Təmkinlə işğalçı Ermənistanın yola gətirilməsini gözləmişik. Lakin təəssüflər ki, gözləntilərimiz müsbət nəticələnmədi. Müstəqillik dövründən bu yana, münaqişənin həllinin nizamlanması prosesində münbit şərait yaranan kimi dərhal Ermənistan hakimiyyət dəyişikliyi baş verib.

Heç şübhəsiz, baş nazir Nikol Paşinyanın ciddi səhvləri ucbatından onu devirə bilərlər. Artıq eks prezident Robert Koçaryanın bu istiqamətdə çalışdığı deyilir.

Çox güman ki, növbəti seçkilərədək Armen Sarkisyan Ermənistana başçılıq edəcək və Paşinyan “Qarabağ klanı”nın əliylə hakimiyyətdən məhrum ediləcək. Bundan sonra erməni tərəfi baş verənlərdə Paşinyanı suçlayaraq yeni danışıqlar mərhələsinin başlanmasını təklif edə bilər.

Həmçinin, həmsədrlərin də bu məsələdə israrı gözləniləndir. Təbii ki, rəsmi Bakı ermənilərin hiylələrinə aldanmamalı, uğurlu hərbi əməliyyatları davam etdirməlidir”.