Həmsədr ölkələrin sülh çağırışları əbəsdir

Ankara prosesin dondurulmasına imkan verməyəcək

“Ölkə başçısının son açıqlamaları çox mühümdür”.
Bunu “Şərq”ə açıqlamasında AĞ Partiya sədrinin müavini, politoloq Əhəd Məmmədli deyib. Siyasi şərhçi bildirib ki, Prezident İlham Əliyevin “Rossiya 1”, “Əl-Arabiyya” və “TRT Haber” televiziya kanallarına verdiyi müsahibələrində mühüm mesajlar var:

“Dövlət başçısı həm Qarabağ savaşı, həm Türkiyə ilə əməkdaşlıq, həm də həmsədr Fransa məsələsində ciddi nüansları gündəmə gətirdi və reallıqları dünya ictimaiyyətinin diqqətinə çatdırdı.



Bu müsahibələr fonunda ATƏT-in Minsk Qrupu “hərbi əməliyyatlar dayandırılsın” bəyanatı verməkdə idi. Lakin Prezident açıq şəkildə bəyan etdi ki, müharibədən sonrakı istənilən prosesdə Türkiyənin rolu mütləqdir. Ölkə rəhbəri Fransanın Türkiyə ilə əvəzlənməsinin mesajını verdi.

Həmsədrlərin “atəşkəsi bərpa edin” çağırışından sonra Türkiyə XİN rəhbəri M.Çavuşoğlunun Azərbaycana səfəri, növbəti dəfə dəstəyini ifadə etməsi də o anlama gəlir ki, Ankara Rusiya, Fransa və Amerikanın bu çağırışının əleyhinədir.

Qardaş ölkə açıq şəkildə Azərbaycanın yanında olduğunu vurğuladı və prosesin dondurulmasına imkan verməyəcəyini bəyan etdi. Təbii ki, burada söhbət sadəcə Dağlıq Qarabağ münaqişəsindən getmir.

Bu həm də Türkiyənin bir növ Cənubi Qafqaz regionunda və türk dünyasında liderlik uğrunda mübarizəsidir. Türkiyənin bölgədə olması Azərbaycanın milli maraqlarına cavab verir”.