Qəliz məsələdir... Xəyanətə görə qadınlar təzminat ala bilməzlər

Çox təəssüf ki, Azərbaycanda belə bir qanun yoxdur

Xəyanət günümüzdə cütlüklər arasında yaşanan ən əsas problemlərdən biridir. Bir-birini sevən, çox xoşbəxt olan insanlar evlənib ailə olurlar. Ancaq zamanla insanlar dəyişir, aradan keçən illər həyata baxışı dəyişdirib sevgini də alıb götürə bilir. Münasibətlərin çoxu xəyanətin təsirindən alt-üst olur. Xəyanət yaşayan qadınlar isə çox böyük travma yaşayır. Bəs, ölkəmizdə xəyanətə uğrayan qadınlar buna görə qarşı tərəfdən təzminat ala bilərmi? 

Hüquqşünas İradə Cavadova "Şərq"ə açıqlamasında bildirib ki, bir sıra ölkələrdə qadınlar xəyanətə görə təzminat alsalar da, çox təəssüf ki, Azərbaycanda belə bir qanun yoxdur. O vurğulayıb ki, yaxın vaxtlarda belə bir qanunun qəbul edilməsi də gözlənilmir:

"Ümumiyyətlə, bizdə boşanma halları çox rahat şəkildə aparılır. Tərəflərə ilk əvvəl müəyyən vaxt verilir, barışıq olmadığı təqdirdə qanuna uyğun boşanma aparılır. Əgər belə bir qanun Azərbaycanda tətbiq edilərsə, xəyanəti sübut etmək lazım gələcək.

Onun sübuta yetirilməsinin özü isə çox qəliz məsələdir. Bunun üçün gizli çəkiliş, foto və ya videolar, internet mesajlar, telefon danışıqları olmalıdır. Bizdə isə şəxsin icazəsi olmadan şəklini çəkmək, yaymaq qadağandır.

Ümumiyyətlə, təzminat məsələsi bir çox ölkələrdə mümkün olmayan bir məsələdir. Belə bir qanunun ölkəmizdə tətbiqi yalnız Milli Məclisin təşəbbüsü ilə həyata keçirilə bilər.

Çox vaxt boşanma zamanı bir çox sui-istifadə halları mövcudluğuna şahid oluruq. Məsələn, boşanan tərəflər alimenti ödəmir. Yaxud da  bəzən birgə nikah dövründə əldə olunmuş əmlak gizlədilir.

Xüsusən də, əmlak kişi tərəfindən digər ailə üzvlərinin adına rəsmiləşdirilir. Nəticədə qadına heç bir əmlak verilmir. Hesab edirəm ki, belə bir qanun icra olunarsa, o zaman burada istifadə halları çox ola bilər".