Azərbaycan doğru bildiyi addımı atdı

Bakının Yunanıstana qarşı Türkiyənin yanında olması iki qardaş ölkənin həmrəyliyidir

Azərbaycanın Yunanıstandakı səfiri Bakıya çağırılıb. Məsələ ilə bağlı Azərbaycan XİN-in açıqlamasında bildirilib ki, xarici ölkələrdən, o cümlədən Yunanıstandan erməni əsilli vətəndaşların döyüşlərdə iştirak etmək məqsədilə Azərbaycanın işğal olunmuş ərazilərinə gəlməsi ilə bağlı açıq mənbələrdə yer alan məlumatlar Yunanıstanın diqqətinə çatdırılıb. Bu xüsusda qarşı tərəfə müvafiq araşdırmaların aparılaraq məlumatın verilməsi müraciəti edilib. Bunun ardınca Yunanıstan tərəfinin öz səfirini məsləhətləşmələr üçün geri çağırmaq qərarı ilə əlaqədar, Azərbaycanın Yunanıstandakı səfiri məsləhətləşmələr üçün Bakıya çağırılıb. Yunanıstanın Azərbaycandakı səfiri Nikolaos Piperiqos bu ölkənin Xarici işlər naziri Nikos Dendiasın qərarı ilə məsləhətləşmələr məqsədilə oktyabrın 7-də Afinaya çağırılıb.

Azərbaycanın Dağlıq Qarabağda əks-hücuma başlamasından dərhal sonra Yunanıstan Ermənistan tərəfə hər cür dəstək verməyə hazır olduğunu bəyan etmişdi. Bununla da Yunanıstan dolayısı ilə beynəlxalq terrorizmə dəstək verən ölkələr sırasında olduğunu növbəti dəfə nümayiş etdirmiş oldu. 

Afina ilə rəsmi Bakı arasındakı gərginliyi “Şərq”ə şərh edən Milli Cəbhə Partiyası sədrinin müavini, politoloq Məhəmməd Əsədullazadə deyib ki, Türkiyənin Azərbaycana dəstəyi fonunda ölkəmizin də Aralıq dənizi problemində Yunanıstana qarşı Türkiyənin yanında olması iki qardaş ölkənin həmrəyliyidir. Ekspertin sözlərinə görə, Prezident İlham Əliyevin Yunanıstan səfirini soyuq qəbul etməsi, Türkiyənin yanında olduğumuzu deməsi Afinaya “səfirini geri çək” mesajı idi:

“Yunanıstan bir müddətdən sonra səfirini geri çağırdı. Bunun Azərbaycanın tələbi olmasını istisna etmirəm. Onsuz da Azərbaycan tərəfi onu qəbul etmək istəmirdi. Rəsmi Bakı Yunanıstandan səfirini geri çağırmaqla Türkiyənin yanında olduğunu göstərdi. Yunanıstan Türkiyə və Azərbaycana qarşı Ermənistana dəstək verir və belə bir ölkənin Bakıda səfirliyinin olması arzuolunan deyildi. Azərbaycan doğru bildiyi addımı atdı və Türkiyə ilə həmrəy olduğunu sübut etdi. Yunanıstan geosiyasi səhv edərək regionda aparıcı iki ölkə Türkiyə və Azərbaycana qarşı Ermənistana dəstək verməklə, gələcək perspektivdə öz siyasi-iqtisadi planlarını təhlükəyə atdı”.