Paşinyanın rolunu çox şişirtmək lazım deyil

Erməni xalqı öz taleyini sonu qaranlıq bir ideyaya bağlayıb ki, bu da onları məhvə aparır

Ermənistan Milli Təhlükəsizlik Xidmətində təmizləmələrə start verilib. “Qraparak” qəzetinin yaydığı məlumata görə, Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Argişti Kərəmyandan sonra Milli Təhlükəsizlik Xidmətinin Hərbi Əks-kəşfiyyat Departamentinin rəhbəri Levon Şaumyan da vəzifəsindən çıxarılıb. Onun Qarabağda erməni ordusu arasında “satqınlıq” iddialarına görə istefaya göndərildiyi bildirilib. Qeyd edək ki, Şaumyan bu ilin yanvarında Paşinyanın göstərişi əsasında general rütbəsi almışdı. Ümumiyyətlə, Paşinyan son bir il ərzində 3 dəfə təhlükəsiz xidmətində “təmizləmə” aparıb. Ekspertlərə görə, Paşinyan Qarabağdakı acı məğlubiyyətin və siyasətdəki uğursuzluqların günahlarını başqalarına yükləməklə vəziyyətdən çıxmağa çalışır. 

Düşmən ölkədəki gərgin siyasi vəziyyəti “Şərq”ə təhlil edən BAXCP sədrinin müşaviri, siyasi şərhçi Azər Qasımov bəyan edib ki, Ermənistan adlı dövlətin varlığı təhlükə altındadır. Politoloq qeyd edib ki, yalan və uydurma iddialar üzərində qurulmuş dövlətin aqibəti fərqli ola bilməzdi:

“Ermənistan daxilində başlanan satqın ovu, əslində çarəsizlikdən baş verən haldır. Əgər bu satqın ovuna hərbi generallar, təhlükəsizlik xidmətinin rəhbər vəzifəliləri daxildirsə, deməli, vəziyyət həqiqətən də ciddidir. Paşinyanın hakimiyyəti ələ aldığı müddətdə 3 dəfə təhlükəsizlik xidməti rəhbərliyinin dəyişməsi bu regionda marağı olan güclərin bir-biri ilə apardığı mübarizənin nəticəsidir. Görünən odur ki, Paşinyanı idarə edənlər nə qədər qərbyönlü birinin vəzifəyə qoyulmasını istəsələr də, Rusiya kəşfiyyatı bunun qarşısını alır. Paşinyan əslində öz missiyasını yerinə yetirir. Onun əsas vəzifəsi Ermənistanda qarışıqlıq yaratmaqla Rusiyanın dayaqlarını sarsıtmaqdır. Məqsəd erməni xalqını Rusiyanın üzərinə qaldırmaq və Qərbin gəlişinə zəmin hazırlamaqdır. Hakimiyyəti zəbt etdiyi gündən etdiyi hərəkətlər, verdiyi bəyanatlar buna sübutdur. Paşinyanın bu missiyanı sonuna qədər davam edəcəyi dəqiqdir”.
A.Qasımovun sözlərinə görə, müharibədə bu qədər itki vermələrinə baxmayaraq, yenə də “Qarabağ Ermənistandır” kimi sərsəm bəyanatlar verməsi, Paşinyanın əsl məqsədinin regionda bir neçə dövlətin iştirakı ilə böyük müharibə başlatmaq olduğunu göstərir:

“Əslində Paşinyanın rolunu çox da şişirtmək lazım deyil. Erməni xalqı öz taleyini sonu qaranlıq bir ideyaya bağlayıb ki, bu da onları məhvə aparır. Bu toplum, xalq kimi formalaşdığı son yüz ildən bu günə kimi öz sonlarını hazırlayan ideya ətrafında birləşiblər. Bu baxımdan xəstə toplum normal cəmiyyətlər sırasında yer ala bilməz”.