"Bunu unutmaq olmaz"

Azər Rəşidoğlu: "Türkiyə ilə sıx birlik Qarabağın işğaldan azad olunmasına çox müsbət təsir göstərir"

Erməni terrorçularının son günlər davamlı olaraq Azərbaycanın cəbhə xəttindən xeyli uzaqda olan şəhərlərinə raketlər atması zaman-zaman müzakirə olunan məsələni yenidən gündəmə gətirib. Gərginləşən vəziyyəti şərh edən əksər siyasi icmalçıların fikrincə, ən qısa vaxtda Türkiyənin hərbi bazalarını Azərbaycanın bir neçə mühüm bölgəsinə, xüsusən Gəncə və Mingəçevir şəhərlərinə yerləşdirmək zəruridir.

Ekspertlər hesab edirlər ki, Dağlıq Qarabağda müharibə genişmiqyaslı hal alacağı təqdirdə, qardaş ölkəyə məxsus hərbi bazalar Azərbaycanın əksər bölgələrinin Türkiyənin təminatı altına girməsinə əsas verəcək.

Məhz Gümrüdəki 102-ci hərbi bazanı bəhanə edən Rusiya özünü Ermənistanın təhlükəsizliyinin təminatçısı sayır. Vurğulanır ki, əgər Türkiyənin Gəncədə hərbi bazası olsa, düşmən ölkə ikinci böyük şəhərimizə raket atdıqdan sonra sadəcə Azərbaycanla deyil, NATO üzvü olan Türkiyə ilə də qarşı-qarşıya gələr. Bu da ermənilər üçün sonun başlanğıcı olar.

Hərbi baza ilə bağlı israrlı təklifləri “Şərq”ə dəyərləndirən politoloq Azər Rəşidoğlu düşünür ki, ilk mərhələdə hərbi bazaların yerləşdirilməsi deyil, Azərbaycan və Türkiyə arasındakı hərbi əməkdaşlığı daha da dərinləşdirmək lazımdır.

Siyasi şərhçi xatırladıb ki, Türkiyə və Azərbaycan Silahlı Qüvvələri 2011, 2013, 2015 və 2016-cı illərdə genişmiqyaslı hərbi təlimlər keçirib.

Cənubi Qafqazda bu cür hərbi fəallıq rəsmi Moskvanın və Tehranın maraqlarına zidd olsa belə Azərbaycanın milli təhlükəsizliyi baxımından həyati önəm daşıyır: “Digər tərəfdən, Ankara “Qızıl Şərq” hərbi şəhərciyində olan binalardan istifadə etmək hüququ qazanıb, belə bir sənəd mövcuddur. Türkiyəli hərbçilər bu hərbi şəhərcikdən daha çox texniki məntəqə kimi istifadə edə bilərlər.

Ancaq bu sənəd Azərbaycanda heç bir canlı qüvvə və ya hərbi texnika yerləşdirilməsi məqsədini daşımır. Azərbaycan-Türkiyə birgə hərbi təlimləri zamanı ölkəmizə gələn F-16 və digər təyyarələr öz ləvazimatlarını həmin aerodroma gətirir. Onların saxlanması, qorunması sırf Türkiyə Silahlı Qüvvələri tərəfindən həmin aerodromdakı terminalda həyata keçirilir”. 

A.Rəşidoğlunun sözlərinə görə, Qarabağda aparılan son əks-hücumlar Türkiyə və Azərbaycan cəmiyyətlərini daha sıx inteqrasiyaya vadar edir: “Ölkə siyasətçiləri və ictimai xadimlər cəmiyyəti bu inteqrasiyaya hazırlamalıdır.

İki strateji müttəfiqin daha sıx inteqrasiyası zaman-zaman müzakirə edilib. Proseslərin hazırkı gedişatı onu deməyə əsas verir ki, bu gün Azərbaycan cəmiyyəti belə bir ideyanın gerçəkləşməsində daha çox maraqlıdır.

Azərbaycanda Türkiyəyə olan bu sevgi türk millətinin yeganə demokratik və ən qüdrətli dövlətinə olan münasibətin bariz nümunəsidir. Rusiya və digər ölkələrin təzyiqlərini üzərində hiss edən Azərbaycanın güclü Türkiyə ilə daha sıx münasibətlərə malik olmasını arzulaması anlaşılandır. Bu amillər Türkiyə-Azərbaycan Birliyi ideyasını gündəmə gətirir.

Burada söhbət Azərbaycanın müstəqilliyindən imtina etməsi deyil, Ankara ilə daha sıx əməkdaşlıqdan gedir. Ağır geosiyasi durumda sözügedən birlik Azərbaycanın bir dövlət olaraq müstəqilliyinin yeganə qarantı kimi görünür.

Azərbaycana olan xarici təhdidlər dost ölkəyə arxalanmağımızı vacib edir. Bu isə siyasi və digər sferalarda daha yaxın əməkdaşlıqdan keçir”. 

Politoloq hesab edir ki, “Bir millət, iki dövlət” olan Türkiyə və Azərbaycanda  milli-dini dəyərlərə münasibət fərqlidir. Lakin bu fərqlər birliyə mane olacaq qədər ciddi deyil:

“Ümumiyyətlə, dünyada baş verənlər fonunda türkdilli dövlətlər arasında daha sıx əməkdaşlığa nail olmaq zəruri hesab olunur. Türk ölkələrinin biri-birlərinə münasibətindəki problemlər də geosiyasi güc mərkəzlərinin iddialarından asılıdır.

Rusiya, ABŞ və İran türk ölkələrinin birliyinə qarşıdır. Elə bu səbəbdən türk ölkələri arasında anlaşılmazlıqlar mövcuddur.

Türk ölkələri arasında yaradılacaq birliyə gedən yol Azərbaycanla Türkiyənin daha sıx inteqrasiyasından keçir. Bu ideyanın reallaşması Azərbaycanın ümumi inkişafına, siyasi, iqtisadi, strateji cəhətdən uğurlar qazanmasına səbəb ola bilər. Ən əsası isə Türkiyə ilə daha sıx birlik Qarabağın işğaldan azad olunmasına çox müsbət təsir göstərər”. 

Ekspertə görə, Azərbaycan və Türkiyə arasında iqtisadi, siyasi, diplomatik, hərbi və digər sahələrdə əməkdaşlıq artırılmalıdır:

“Birlik türkdilli ölkələrin Parlament Assambleyasının inkişafına da təkan verə bilər. Ortaq əlifbanın yaradılması, vahid əməkdaşlıq müstəvilərinin formalaşdırılması da son dərəcə vacibdir.

Azərbaycanın dövlət müstəqilliyinin qorunması Türkiyə ilə daha sıx əməkdaşlığı zəruri edir. Bu məsələdə yubanmaq olmaz. Boşluğu Azərbaycana heç də dost olmayan ölkələr doldura bilərlər.

İstənilən halda, Azərbaycan insanının sevgi ilə yanaşdığı yeganə ölkə Türkiyədir. Bunu unutmaq olmaz”.