Vejnəli talan olunub ! - “Ermənistanın xarici şirkətlərlə separat sazişi...”

“Bu şirkətlər tələb olunan fəaliyyət növünə uyğun şəkildə lisenziya almalıdır”

“Təbii ki, Azərbaycandan lisenziya almayıblar və ölkəmizin təbii resursları ələ keçirilib”

“1990-cı ildə qəbul olunan konvensiya bizə imkan verir ki, həmin dövlətlərə məsələ qaldırılsın və beləliklə qanunsuz yolla əldə etdikləri gəlirləri geri qaytarılsın"



Ermənilərin işğal altında olan Azərbycan ərazilərində milli sərvətlərimizi talan etməsi və bu prosesdə xarici şirkətlərin iştirakına dair çoxsaylı faktlar var. İşğal olunmuş Azərbaycan torpaqlarında 160 müxtəlif qiymətli metal yatağı qalıb. Kəlbəcər, Laçın, Zəngilan, Tərtərdəki qızıl, gümüş, civə, mis, qurğuşun, daş kömür, rəngli, dekorativ daşlar və digər yataqları mövcuddur. İşğaldan azad olunmuş Zəngilan rayonun ərazisində yerləşən Vejnəli qızıl yatağı kvars-qızıl-sulfid tərkibli damar geoloji-sənaye tipinə aid edilir. Yataqda 25 sayda qızıl saxlayan kvars damar zonaları öyrənilib, 14,15,16,19,21 və 24-cü zonalar üzrə Cı+C2 kateqoriyası ilə ehtiyatlar hesablanıb.

Ermənistan genişmiqyaslı talan əməliyyatına Fransa, Kanada, İsveçrə və digər ölkələrdən imkanlı erməni əsilli və ya erməni diasporu ilə əlaqələri olan iş adamları Azərbaycan ərazisində yataqların istismarına cəlb edilib.

Bu cür kriminal biznes nümayəndələrindən biri də İsveçrənin dünyaca məşhur saat brendi “Franck Muller Group”un təsisçilərindən biri və baş direktoru Vartan Sirmakesdir.

Rəsmi statistikaya görə, Ermənistandan ixrac edilən məhsulların böyük bir hissəsi Vartan Sirmakesin vətəni olan İsveçrəyə ixrac olunur. 2019-cu ildə Ermənistan məhsullarının ixrac edildiyi ölkələr sırasında ikinci ən böyük paya sahib olan ölkə məhz İsveçrədir. Bu ölkənin ixracda payı 17.4 faiz, yəni 457 milyon dollar həcmində olub.

Düşmənin və müxtəlif xarici şirkətlərin Azərbaycan ərazisində qeyri-leqal fəalliyyətini “Sherg.az”a dəyərləndirən hüquq üzrə fəlsəfə doktoru Rahim Məmmədov bildirib ki, Ermənistan xarici dövlətlərin hüquqi və fiziki şirkətlərini işğalda olan torpaqlarımızdakı qeyri-qanuni iqtisadi fəaliyyətə cəlb edib.

Onun sözlərinə görə, bu gün bizi maraqlandıran mühüm məsələ istismar olunmuş əmlakımızın geri qaytarılmasının hansı müstəvidə həyata keçirilməsidir:

 “Bunun beynəlxalq və milli aspketləri var. Azərbaycan Respublikası Konstitutsiyasında 13 və 14-cü maddə mülkiyyətin toxunulmazlığına aiddir. Bu maddələr mühüm konstitusion normalardır. Həmçinin “Azərbaycan Respublikasının İqtisadi müstəqilliyi haqqında” konstitutsiya normaları, 1992-ci ildə “Sahibkarlıq fəaliyyəti haqqında” qanun, 1992-ci ildə “Xarici investisiya haqqında qanun”, “Xarici hüquqi və fiziki şəxslərin dövlət reyestri və qeydiyyatı” haqqında 2003-cü il qanunu var. Bu qanunlar ciddi şəkildə pozulub.

Təbii ki, bu pozuntulara görə Ermənistan məsuliyyət daşıyır. Xarici şirkətlər xüsusilə Avropa ölkələri Ermənistanla separat sazişə girib qanunsuz gəlir əldə ediblər. Bu şirkətlər tələb olunan fəaliyyət növünə uyğun şəkildə lisenziya almalıdır. Təbii ki, Azərbaycandan lisenziya almayıblar və ölkəmizin təbii resursları talan olunub”.

R.Məmmədov vurğulayıb ki, hərbi əməliyyatlar dayandırılandan sonra talanmış resursların qiymətləndirilməsi gündəmə gətiriləcək:

“Konkret faktlarla beynəlxalq məhkəməyə müraciət ediləcək. Həmin şirkətlərlə bağlı işlər görüləcək. Xarici dövlətlər yaxşı bilirdilər ki, Azərbaycan ərazisi işğal olunub. Lakin öz şirkətlərini qanunsuz əməllərdən çəkindirməyib, əksinə təşviq ediblər.

Bu məsələ ilə bağlı Avropa Şurası çərçivəsində xüsusi konvensiya var. 1990-cı ildə qəbul olunan konvensiya bizə imkan verir ki, həmin dövlətlərə məsələ qaldırılsın. Beləliklə qanunsuz yolla əldə etdikləri gəlirləri geri qaytarılsın. Tez bir zamanda  bu prosesi yerinə yetirəcəyik”.