Rusiya hökumətində “yarpaq tökümü” : “İqtisadiyyatında problemlər var”  - Dəyişiklik! 

“Putin bir müddət əvvəl baş naziri dəyişsə də, görünür, yenə hökumətin atdığı addımlardan tam razı deyil”

“Odur ki, belə impulslarla hökuməti hərəkətləndirmək, daha məqsədyönlü çalışmaqla bağlı baş nazirə mesajlar vermək istəyir”


Rusiya Prezidenti Vladimri Putin dörd naziri vəzifəsindən azad edib. Rusiyanın dövlət başçısının fərmanı ilə nəqliyyat naziri Yevgeni Ditrix, təbiət naziri Dmitri Kobılkin, Tikinti naziri Vladimir Yakuşev və prezidentin Ural federal dairəsi üzrə səlahiyyətli nümayəndəsi Nikolay Tsukanovu vəzifələrindən çıxarılıblar. Qeyd edək ki, bundan əvvəl Putun Dövlət Duması deputatlarının yeni nazirləri təsdiq etmə prosedurunu dəqiqləşdirən federal konstitusiya qanununu imzalayıb. Bu qanun güc strukturları blokuna daxil olan nazirlərdən başqa, Nazirlər Kabinetinin bütün üzvlərinə aiddir. Güc strukturları blokuna daxil olan nazirləri Prezident senatorlarla məsləhətləşdikdən sona təyin edəcək.

İndiki mürəkkəb geosiyasi vəziyyətdə dörd nazirin fəaliyyətinə birdən - birə xitam verilməsi nədən qaynaqlanır? Bu ölkə daxilindəki kritik durumun göstəricisidir?


 
“Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu sözügedən situasiyanı “Sherg.az”a təhlil edib: 

“Vladimir Putin ara-sıra belə dəyişikliklər edir. Xüsusilə korrupsiya halları artanda ciddi yerdəyişmələr olur. İndi Rusiya iqtisadiyyatında ciddi problemlər var. Ona görə də dövlət başçısı hakimiyyətdə ciddi dəyişiklik etməyə məcburdur.

Putin bir müddət əvvəl baş naziri dəyişsə də, görünür, yenə hökumətin atdığı addımlardan tam razı deyil. Odur ki, belə impulslarla hökuməti hərəkətləndirmək, daha məqsədyönlü çalışmaqla bağlı baş nazirə mesajlar vermək istəyir”.

 Məlum olduğu kimi, Dağlıq Qarabağ konfliktinin həlli istiqamətində Rusiyanın xarici işlər naziri, əslən erməni Sergey Lavrovun da xüsusi rolu var. E.Şahinoğlu, həmçinin onun gələcək siyasi karyerasından danışıb:

 “Lavrov uzun illərdir bu postdadır. Yaşı 70-i keçib. Yaşına, yorulduğuna, ya da hansısa başqa bir səbəbə görə vəzifəsindən azad edilməsi mümkündür. Amma gərək, əvvəlcə, onun yerinə diplomatiya sahəsində kifayət qədər təcrübəsi olan biri tapılsın. Həmin adam tapılmayınca, yəqin, Lavrov postunda qalacaq”.