Paşinyan qeybə çəkilib, ölkəni xaos bürüyüb

Ermənistanda etirazçılar getdikcə azğınlaşacaq, kütlə başsızdır

"Paşinyanın hakimiyyətdə qalması onun üzərinə götürdüyü öhdəliklərin icrası ilə bağlıdır"


Dağlıq Qarabağ erməniləri və onların qondarma “rəhbəri” Ermənistan hakimiyyətinə etiraz edir. Günlərdir ortalıqda görünməyən separatçı Araik Arutyunyanın adından belə bir açıqlama yayılıb. Deyilənə görə, guya, quldur Arutyunyan vurğulayıb ki, yaşadıqları məğlubiyyətə görə son 10 ildə Ermənistanın rəhbəri olmuş hər kəs cavab verməlidir. Ancaq baş nazir Nikol Paşinyana məğlubiyyət aktına imza atdığı üçün etirazını bildirən sadəcə separatçıların başçısı deyil. Düşmən ölkədə Paşinyanı xain elan etmiş şəxslər çoxdur. Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Artur Vanetsyan “Pressing”ə verdiyi müsahibəsində deyib ki, Paşinyan xroniki yalançıdır və hər zaman yalan danışır. Onun sözlərinə görə, məlum bəyannamə üçüncü respublika tarixinin ən biabırçı və ağrılı səhifələrindən biridir:

“Bütün bunlardan yeganə məsul və günahkar olanlar Ermənistanda hazırda iqtidarda olan bir qrup xəyanətkardır. Son dəqiqəyə qədər dövlət təbliğat maşını hər kəsi aldadır və qazandığımızı söyləyirdi. Həqiqəti deməyə çalışanlar dərhal xain kimi təqdim olunurdu”. Vanetsyan bildirib ki, ermənilər inqilaba inandığı üçün yeni keyfiyyətə sahib Ermənistanın yaradılacağına ümid edirdi: “Bir müddət Milli Təhlükəsizlik Xidmətinin rəhbəri vəzifəsində çalışandan deyilənlərin tamamilə yalan olduğunu görməyə başladım. Paşinyan yalan danışır və sonra yalanlarına haqq qazandıraraq bəhanələr gətirməyə başlayır”. "Çiçəklənən Ermənistan" Partiyasının rəhbəri Qagik Çarukyan da ölkəsinin fəlakətli duruma düşməsindən bəhs edib. Partiya sədri qeyd edib ki, sözügedən sənədin imzalandığı gün erməni tarixinin ən biabırçı günüdür: “30 il ərzində nə qədər qan töküldü. Heç kimlə müzakirə etmədən nəsə imzalayıb, vermək olarmı? Hamımız xatırlayırıq ki, iki il əvvəl deyirdilər, istənilən məsələni meydanda müzakirə etməliyik, heç kimə torpaqdan bir santimetr verməyəcəyik. Müharibə 27 sentyabrda başladı və müharibəni 28-29 sentyabrda dayandırmaq olardı. Şuşanı verənə qədər gözləməliydikmi? Bəyanat kimlə razılaşdırılmışdı?”. 

Ermənistanın “Hraparak” qəzeti də reallığı əks etdirən məqalə nəşr edib. Yazıda vurğulanıb ki, bütün Ermənistan bu günlərdə Nikol Paşinyanı və onun ailə üzvlərini axtarır: “Şübhəsiz ki, onu qəzəbli etirazçıların əlinə vermək olmaz, lakin vətəndaşların baş nazir vəzifəsini tutan şəxsin harada olduğunu bilmək hüququ var”. Qəzet yazıb ki, Paşinyanın videomüraciətlərinə əsasən, yerləşdiyi otağın kifayət qədər aşağı tavanı var, heç bir əşya görünmür, pəncərə yoxdur. Aydındır ki, o, telefonu elə qoyub ki, otaq görünməsin və insanlar harada olduğunu anlamasınlar:

“Bizim mənbəmiz bildirib ki, Paşinyan Müdafiə Nazirliyinin binasında, özünü daha təhlükəsiz hiss etdiyi bunkerdədir. Ailə üzvlərinə gəlincə isə belə bir fikir var ki, Paşinyanın qızları Məryəm və Şuşan təxminən bir həftə əvvəl Ermənistanı tərk edib, Kanadadadırlar. Baş nazirin arvadı Anna Akopyanın yeri də gizli saxlanılır. Məlumata görə, o, Gorusda idi, lakin daha sonra açıqlama verərək Gorusu tərk etdi. Ehtimal olunur ki, oğlu və kiçik qızı da Akopyanın yanındadır”.

Bütün Ermənistan Nikol Paşinyanı axtardığı, amma tapa bilmədiyi bir dövrdə onun arvadı Anna Akopyan özünün yeni fotosunu yayımlayıb. “Başının dəstəsilə” bir-iki gün əvvəl Qarabağa “döyüşə” yollanan Anna Akopyan feysbuk səhifəsində Xankəndində olduğunu yazıb və zirzəmidə çəkildiyi görülən bir neçə foto paylaşıb. Akopyan paylaşdığı fotoya maraqlı status əlavə edib: “Əsgərlərimiz kimi, biz də öz mövqelərimizdə möhkəm dayanmışıq. Bizim düşmənlərə və satqınlara verəcək vətənimiz yoxdur”. Statusdakı “düşmənlər”in Azərbaycan Ordusu olduğu məlumdur. Bəs, Akopyan “satqınlar” deyəndə kimləri nəzərdə tutur? Həyat yoldaşı Paşinyanımı, qondarma rejimin başçısınımı, yoxsa sülhməramlı kimi Xankəndinə gələn rus hərbçilərinimi? 
Ermənistanda baş verənlər belə ehtimallar yaradır ki, “Qarabağ klanı” daxil olmaqla ölkədəki müxalif düşərgələr, həmçinin separatçılar Ermənistan hakimiyyətinin başında dayanan şəxsin imzaladığı bəyanatı qəbul etməyə bilərlər. 

Yaşanan prosesləri “Şərq”ə təhlil edən millət vəkili, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə erməni cəmiyyətində ciddi qarşıdurmanın müşahidə olunduğunu, etirazçıların gedərək azğınlaşdığını bildirib. Deputatın sözlərinə görə, vaxtı ilə Azərbaycanda hərbi cinayətlər törətmiş şəxslər yenidən hakimiyyətə qayıtmaq üçün öz xalqının nümayəndələrinin qanını tökməkdən belə çəkinmirlər:

“Ermənistanda gərginlik artır. Baş nazir Nikol Paşinyan gizlənib, ortaya çıxmır. Yaşananlar bir daha göstərir ki, Ermənistan heç bir sülhə, anlaşmaya hazır deyil. Ümumiyyətlə, düşmən ölkə sülh və danışıq tərəfdarı olmayıb. Ötən gün Fransanın xarici işlər naziri Ermənistanın tərəfində olduğunu bəyan etdi. Rəsmi Parisin açıqlaması illər ərzində həmsədr Fransanın münaqişənin həllinə niyə imkan vermədiyini göstərir. Fransanın məqsədi status-kvonu qorumaq, hərbi cinayətkarı müdafiə etməkdən ibarət olub. Lakin Azərbaycan Ordusu öz qələbələri ilə ATƏT-in Minsk qrupunun üzərinə götürdüyü öhdəlikləri həyata keçirdi və həmsədrlik institutunun lazımsız olduğunu sübuta yetirdi”.  

Parlament üzvünün sözlərinə görə, Ermənistanda qarşıdurmalar bir müddət davam edəcək:

“Paşinyanın hakimiyyətdə qalması onun üzərinə götürdüyü öhdəliklərin icrası ilə bağlıdır. Ən azından dekabr ayının 1-nə kimi öz postunda qalsın ki, qol çəkdiyi sənədə əsasən işğalçı qoşunların torpaqlarımızdan çıxarılması prosesi sona çatsın. Yayılan məlumatlara görə, artıq Kəlbəcərdən erməni silahlı dəstələri çıxarılır. Söz verildiyi kimi noyabrın 15-də Kəlbəcər tam boşaldılmış şəkildə Azərbaycana təhvil verilərsə, deməli, proses düzgün istiqamətdə gedir. Biləcəyik ki, Ermənistan tərəfi üzərinə götürdüyü öhdəliklərə əməl edir. Noyabrın 15-i çox mühüm tarixdir. Bir neçə gün gözləyək. Azərbaycan tərəfi məlum bəyannamə ilə Türkiyənin müşahidəçiliyini təmin edib. Yəni meydanda Rusiya ilə üzbəüz, təkbaşına buraxılmamışıq. Hər zaman olduğu kimi prosesin bütün mərhələsində qardaş Türkiyə yanımızda olacaq.

Hadisələrdə bilavasitə Türkiyə Silahlı Qüvvələri də iştirak edəcək. Onların Azərbaycanda olması isə mənafeyimizin qorunması üçün çox ciddi amildir”.