"Hər halda Ankara və Bakının mövqeyi və bəyanatları eynidir"

"Rus sülhməramlılarının bölgəyə yerləşməsindən sonra qardaş ölkənin də Qarabağda olması önəmli faktordur"

“Rusiya Qarabağda hansı anlayış içərisində yer alırsa, bizim müşahidə və monitorinq heyətlərimiz də orada eyni anlayışla yer alacaq”. Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Türkiyə lideri vurğulayıb ki, atəşkəsə nəzarət etmək üçün ortaq Türk-Rus Mərkəzi ilə bağlı Rusiya ilə müqavilə imzalanıb. Mərkəz Azərbaycanın işğaldan azad edilən torpaqları üzərində yaradılacaq və tədbirlər bu mərkəz vasitəsilə həyata keçiriləcək. Ərdoğanın sözlərinə görə, xarici işlər nazirləri arasında danışıqlar aparılır. Türkiyənin dövlət başçısı Dağlıq Qarabağ məsələsi ilə bağlı uzunmüddətli sülh yolunda düzgün addım atıldığını ifadə edib.

Bildirib ki, mühüm bir məsuliyyət Rusiya tərəfinin üzərinə düşür. Ərdoğan Ermənistanın işğalı nəticəsində Qarabağı məcburi tərk etməli olan azərb
aycanlıların öz torpaqlarına qayıtmasının və Azərbaycanla Naxçıvan arasında dəhlizin açılmasının vacibliyini də vurğulayıb: “Əldə olunan razılaşmaya görə, Qarabağın qalan qismi də Azərbaycana təhvil veriləcək.

Ermənistan Kəlbəcəri 15 noyabradək, Ağdam və Qazax rayonlarını 20 noyabradək, Laçını isə 1 dekabradək Azərbaycana qaytarmalıdır. Azərbaycan ilə Naxçıvan Muxtar Respublikası arasında kommunikasiya xətti təmin ediləcək və bu məqsədlə yol çəkiləcək. Eyni zamanda Xankəndi ilə Ermənistan arasında yol çəkiləcək. Türkiyə razılaşmanın tətbiq edilməsini müşahidə və nəzarət etmək üçün bölgədə qurulacaq ortaq sülhməramlı qüvvələr arasında Rusiya ilə birgə yer alacaq. Atəşkəsə nəzarət üçün yaradacağımız ortaq Türkiyə-Rusiya monitorinq mərkəzi ilə bağlı saziş bu səhər imzalanıb.

Bu mərkəz Azərbaycanın işğaldan azad etdiyi bölgədə qurulacaq”. Türkiyə lideri bəyan edib ki, bundan sonra Azərbaycanla daha yaxın və güclü əməkdaşlığımız olacaq, ortaq gələcəyimizi birgə quracağıq. Sözsüz ki, sülhməramlılar arasında qardaş Türkiyənin yer alması rəsmi Bakının maraqlarına daha çox cavab verir. Bu amil indiki şərtlər daxilində şansımızı artıran əsas amillərdən biri hesab olunur. 



Türkiyənin Qarabağda sülhməramlı qismində yer almasının önəmi ilə bağlı “Şərq”ə danışan AĞ partiya sədrinin müavini, “Sivilizasiyalar və konfliktlər” Analitik Mərkəzinin rəhbəri Əhəd Məmmədli deyib ki, sadəcə Rusiyaya məxsus sülhməramlı qüvvənin Qarabağa yerləşdirilməsi cəmiyyətdə haqlı narazılığa səbəb olurdu və müəyyən suallar yaradırdı. Ekspertin sözlərinə görə, indiki məqamda qardaş ölkənin prosesin bütün mərhələsində yaxından iştirakı olduqca vacibdir:

“Artıq bildirilib ki, Xankəndinə, Xocalı və Xocavəndə Azərbaycan tam nəzarət edəcək. Hər şey Bakıdan idarə olunacaq. Əgər deyildiyi kimi olacaqsa, əlbəttə, əldə etdiyimiz böyük qələbədir. Düzdür, Rusiya mənbələri durmadan təbliğat aparır ki, Xankəndi, Xocalı və Xocavənd guya erməni qüvvələrinin əlində qalacaq və s.

Ümid edirik, bunun əksini görəcəyik və yaxın günlərdə məsələ tam aydınlaşacaq. Ola bilsin, bütün məqamlar bizim lehimizədir. Amma erməniləri qıcıqlandırmamaq üçün həqiqətlər hələlik tam açıqlanmır.

Hər halda Ankara və Bakının mövqeyi və bəyanatları eynidir və ümidvericidir. Şübhəsiz, rus sülhməramlılarının bölgəyə yerləşməsindən sonra qardaş ölkənin də Qarabağda olması, nəzarət mexanizminin birbaşa içində yer alması önəmli faktordur.

Bu, Türkiyənin Azərbaycana növbəti dəstəyinin ifadəsi olmaqla yanaşı, həm də kənar təsirlərin neytrallaşması, balansın qorunması baxımından mühümdür”.