Paşinyanın xələfi də kapitulyasiyanı tanımalıdır, əks halda... - İzah

“Ermənistan beynəlxalq hüquqa növbəti dəfə etinasız yanaşacaq, məsuliyyətsizliyini göstərəcək və özünü ifşa edəcək”


Məlum olduğu kimi, noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan dövlət rəhbərləri arasında Dağlıq Qarabağ müharibəsinə son verən bəyanat imzalandı. Ekspertlərin sözlərinə görə, sənədin bütün bəndləri, o cümlədən yaxın günlərdə üç rayonumuzun- Ağdam, Kəlbəcər və Laçının Azərbaycana qaytarılması tamamilə bizim maraqlarımıza uyğundur.

Yəni Ermənistan baş naziri Nikol Paşinyan, nəhayət, təslim oldu. Amma işğalçı ölkədəki müxalif qüvvələrin Paşinyana qarşı narazılıqları, mitinqləri getdikcə artmaqdadır. İmkanları olsa, onu bir qaşıq suda boğarlar.

Deməli, baş nazirin devrilməsi an məsələdir. Elə isə hakimiyyətə gələn hansısa başqa bir “...yan” kapitulyasiya sənədini tanımaya bilərmi? Əslində xüsusilə son vaxtlar “saman çöpündən yapışmağa” məcbuq qaldıqlarına görə, ermənilərdən bunu gözləmək olar.

Amma üzündən belə oxumağa çətinlik çəkdikləri beynəlxalq hüququn tələbləri başqadır.

Bu barədə daha ətraflı BDU-nun Hüquq fakültəsinin dekanı, hüquq elmləri doktoru Əmir Əliyev “Sherg.az” izah verib: 

“1969-cu ildə “Beynəlxalq müqavilələr haqqında” Vyana konvensiyası qəbul edilib. Orada göstərilir ki, mahiyyətindən asılı olmayaraq- bu, müqavilə, bəyanat və s. ola bilər-istənilən sənəd dövlətin adından qəbul edilir. Yəni hakimiyyətə kim gəlir gəlsin bu bəyanatı tanımalıdır.

Əks halda Ermənistan beynəlxalq hüquqa növbəti dəfə etinasız yanaşacaq, məsuliyyətsizliyini göstərəcək və özünü ifşa edəcək. Odur ki, Paşinyanın xələfinin bu sənədi ratifikasiya etməmək kimi şansı yoxdur”.